Özbəkistanın Mədəniyyət Nazirliyi yanında Mədəniyyətin və İncəsənətin İnkişafı Fondu ən qədim Quran əlyazmalarından olan, VIII əsrə aid Katta Langar Quranının bərpasını həyata keçirib.
Qurani-Kərimin restavrasiya işinə Fransanın Luvr Muzeyinin mütəxəssisləri Aureliya Streri və Aksel Delau cəlb olunub.
İndiyə qədər davam edən bərpa prosesi üç mərhələdə aparılıb. Birinci mərhələ 2019-cu ilin noyabrında, ikinci 2020-ci ilin fevralında, sonuncu bu ilin may ayında olub.
Həmçinin onu da qeyd edək ki, VIII əsrə aid Quran kitabı uzun müddət Qaşqadərya vilayətinin Kamaşin rayonundakı Langar-ota məscidində saxlanılıb.