Özünə inam həyatda böyük uğurlar qazanmaq, tarixə iz qoyub getmək istəyən hər kəs üçün ən önəmli xüsusdur.
Tarixdə iz qoymuş liderlərin həyatlarına baxsaq, onlarda bu xususiyyətin tam və hər zaman olduğunu görərik. Bizdə var olan potensialdan maksimum istifadə etməyin yolu da özümüzə olan inamla mümkündür. Bütün gücümüzü ortaya qoyub çalışmaq üçün üstündə işlədiyimiz işi müvəffəqiyyətlə tamamlayacağımıza inanmaq lazımdır.
Özünə inam həyatda hər hansı bir çətinlik, maneə və ya əngəllə qarşılaşanda ən çox ehtiyac duyulan xüsuslardandır. Özünə inamı zəif olan birinin qarşılaşacağı çətin maneələri aşmaq və məqsədinə doğru inamla addımlaması ehtimalı çox zəif olacaqdır. Bu da Allahın ona verdiyi potensialdan istifadə edə biməmək və layiq olduğu həyat tərzindən daha aşağı bir səviyyədə yaşamaqla nəticələnəcək.
Bir insan ki, özünə inanmır, istedad və qabiliyyətlərindən şübhə edir və öz-özünə bunu mən edə bilmərəm, mənlik deyil, bu günə kimi heç belə bir nailiyyətim olmayıb dediyi anda ona verilmiş olan gücdən istifadə etmə ehtimalını sıfıra endirmiş olur ki, bu da önünə çıxmış fürsəti qaçırmaq deməkdir. Bu cür fürsətləri qaçıranlar daha sonra qismətim beləymiş deyirlər. Bu da tənbəlliyə haqq qazandırmaqdan başqa bir şey deyil.
Halbuki keçmiş gələcək deyil keçmişdəki uğursuzluqlara baxıb və bunları əsas kimi götürüb gələcəyin də bu cür olacağına qənaət gətirmək məntiqsizlikdir.
Keçmişdə fərqli hədəflər seçib uğursuzluqlara düçar olmuş ola bilərsən, amma bu, gələcəkdə də uğursuzluqların səninlə olacağı demək deyil. Bunun fərqli səbəbləri ola bilər. Seçdiyin metod və ya yol səhv ola bilər, tam ürəklə çalışmamış ola bilərsən, güvənin, o işi bacaracağına olan inamın zəif olmuş ola bilər.
Nə vaxtsa əldə etmək istədiyin və bunu üçün də çalışdığın bir hədəfini düşün.
– bu hədəf üçün çalışarkən sənin özünə inamın hansı səviyyədə idi? Özünə yüz faiz inanırdın, yoxsa o işi bacaracağından şübhələnirdin?
– hər gün nəisə edirdin?
– hansı sürətdə və keyfiyyətdə işləyirdin?
– işə başlarkən tam ürəkdən, həvəslə başlayırdın, yoxsa yorğun, bezgin, gah saata, gah telefona baxa-baxa işləyirdin?
Bunları düşünəndə görəcəksən ki, uğursuzluğuna səbəb istedadsızlıq, zəiflik, gücsüzlük deyil, potensialından kifayət qəder istifadə etməməyindir.
Bu gündən sonra artıq daha özgüvənli, daha inamlı yaşamaq istəyirsənsə bunların, yəni keçmiş uğursuzluqların sənin var olan potensialınla heç bir əlaqəsinin olmadığına qəti qənaət gətirməyin, inanmağın lazımdır. Bunların həqiqi potensialına olan nisbəti aysberqin görünən tərəfinin görünməyən tərəfə olan nisbəti kimidi.
İnansan da, inanmasan da bu belədir!
Artıq keçmişin əsarətindən azad olub layiq olduğun kimi bir həyat yaşamağa qərar verməyin lazımdır.
Bir an gözlərini yumub aşağıdakıları düşün. Düşünərkən bunların sadəcə xəyal olmadığını, hər şeyin orda yazılan kimi olduğunu düşün. Bunların sənə necə bir hiss verdiyinə də diqqət et. Hər şeyi zehnində canlı, hərəkətli, rəngli olaraq canlandır.
– artıq yaddaşından şikayət etmirsən
– başladığın işi istədiyin kimi, planlaşdırdığın vaxta bitirə bilirsən
– hər-hansı bir məsuliyyət götürməkdən cəkinmirsən
– daha aktiv, daha enerjili hərəkət edirsən
– dostlarla və tanışlarla söhbət edəndə problemlərdən həddən artıq şikayətlənmirsən, əksinə həll yollarını müzakirə edirsən
– daha çox təbəssüm edirsən
– gələcəyə inamla baxırsan
– hər gününü planlı keçirirsən
– vaxtını sərfəli keçirir, boş və önəmsiz işlərə və insanlara vaxt ayırmırsan
– istədiyin insanlarla, istədiyin yerlərdəsən
Həyəcanlıdır, elə deyilmi? Artıq hər gününü bu cür yaşamağı sən də istəyirsən yəqin ki. İstəmək ilk addımdır. Gerçəkdən istəmək də uğur qazanmaq üçün ən əsas faktordu.
Gerçəkdən istəmək nədir? İnanmaqdır, hiss etməkdir, ürəyində yanan bir arzudur, şiddətli bir həvəs duymaqdır, hec bir şeyin hədəfinə gedən yolda sənə əngəl olmayacağına dair qəti qərar verməndir. Bu cür istək istədiyin hədəfə catmağın yollarını bilməsən belə, səni ona götürəcək, ən uyğun yolları tapıb hədəfinə çatmana yardım edəcək. Buradan da görüldüyü kimi özünə inam istəkdə də öz rolunu oynayır, həm də böyük ölçüdə.
Özünə tam inanan, istədiyi hədəfin nə olduğunu acıq-aydın təyin edən və bu hədəfə catmağa şiddətli arzu duyan birinin önündə heç kim və heç nə maneə ola bilməz.
Amma nəzərə almalıyıq ki, biz nə qədər güclü, özgüvənli, qabiliyyətli olsaq da Allaha olan ehtiyacımızı daim xatırlamalı və hər fürsətdə bunu dilmizlə və qəlbimizdə etiraf edib, Allahın da gedəcəyimiz yolda yardımını bizdən əsirgəməməsini diləməliyik. Yoxsa bütün dünya bizə kömək üçün bir yerə toplaşsa, Allah istəmədikdən sonra heç nəyə nail ola bilmərik və əldə edəcəyimiz də itirilmiş enerji, yorğunluq, məyusluq olacaqdır.
Ozgüvəni necə bərpa etmək və daha inamlı, daha qətiyyətli olmaq üçün edilməsi lazım olanlar növbəti yazılarda daha ətraflı şəkildə izah ediləcəkdir.
İSMAYIL VƏLİYEV