“Biz Adəm oğullarını üstün və şərəfli etdik, quruda və dənizdə onları daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın bir çoxundan fəzilətli etdik.”
(İsra surəsi, 70) buyuran Qurani-Kərim insanın nə qədər üstün bir varlıq olduğunu dilə gətirir. Bu üstün varlığı digərlərindən fərqləndirən ən önəmli xüsusiyyət isə onun öz varlığının şüurunda olmasıdır. İnsan üçün bəlkə də ən böyük faciə onun özünü unutmasıdır. Çünki özünü unutmaq var oluş məqsədini unutmaqdır. Var oluş məqsədini unutmaq isə varlığın özü olan ruhun qaynağı ilə əlaqənin kəsilməsidir. Bu da, Platonun dili ilə desək, ruhun ilahi aləmdən pay almamasına, onun maddə dünyasındakı varlıqların içərisində yox olmasına gətirib çıxarır.
Dinimizin müqəddəs kitabı olan Qurani-Kərim də bu məsələ üzərində durmuş, varlığımızı unutmamızın səbəblərini və bu unutma hadisəsinin hansı nəticələrə gətirib çıxaracağını xəbər vermişdir. Belə ki, münafiqlərin Təbuk səfərindəki mənfi davranışlarından bəhs edən bir ayədə münafiq kişi və qadınların, inananların tərəfində deyil, bir-birlərini dəstəklədiklərini, pis işləri əmr edib, yaxşı işlərdən uzaqlaşdırdıqları və xəsislik etdikləri bildirildikdən sonra:
“Onlar Allahı unutdular, Allah da onları unutdu” deyilir. (Tövbə surəsi, 67)
Yenə başqa bir ayədə inananlara:
“Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin” (Həşr surəsi, 19) şəklində xəbərdarlıq edilir. Yəni, Allahın insana verdiyi ağıldan bilərək səhv yolda istifadə edənlər və – Ondan gafil olmaları nəticəsində – öz ruhi potensialını boş yerə xərcləyənlər kimi olmayın deyilir.
Bəzi müfəssirlər Tövbə surəsinin 67-ci ayəsini Allahın, Ona qarşı vəzifələrini yerinə yetirməyənlərə, yaxşılıq etməyi və pis işlərdən uzaq durmağı unutdurması, onları bu xoşbəxtlikdən məhrum etməsi şəklində açıqlamışlar. Ancaq bu ayədən, insanın özünü tanıması, yəni varoluş məqsədini dərk edib onu unutmadıqda Rəbbini də biləcəyi və tanıyacağı mənası da çıxarıla bilər. Hz. Əlidən nəql edilən “Sən özünü tanı ki, Rəbbini də tanıyasan” və “Özünü tanımayan Rəbbini də tanımaz” aforizmləri də ayənin bu cür təfsir ediləməsini dəstəkləyir.
Özünü unudan insan bu dünya həyatında onu ilahi aləmə bağlayan bağdan qopmuş halda yaşayar. Özünü unudan insan, əbədi həyatı üçün heç bir şey hazırlamayan, sabahı üçün nə hazırlayıb-hazırlamadığına baxmayan insandır. Onlar Allahdan qorxmadıqları və Onun sonsuz qorumasından yardım diləmədikləri üçün Allah da onlara özlərini unutdurmuşdur.
İnsanın bu dünyadakı əsil vəzifəsi Allaha qulluqdur. Və insan mütləq mənada hürr deyildir. Bunu dərk etməyən şəxs, həqiqətdə özünü unutmuşdur. İnsanın daim sirati-müstəqim üzərində yeriyə bilməsi üçün heç bir zaman Allahı unutmaması lazımdır. Allahın qulu olduğunu unudan şəxs bu dünyadakı mövqeyini doğru qiymətləndirmir. Sırf bu səhvi nəticəsində onun bütün həyatı doğru olmayan bir yolda axıb gedir. Allahdan başqa heç kəsin qulu olmadığını unudan insan, Allaha itaət etməz və həqiqətdə qulu olmadığı kəslərə qulluq edərsə, sırf bu xətasına görə bütün həyatı məhv olar.
Quran yuxarıda yer verdiyimiz bu ayələrlə insanın özündən qopmasının qarşısını almaq istəyir. Çünki Allahın unudulması, insanın özünü unutmasına gətirib çıxardar və bunun nəticəsində də insana aid bütünlük parçalanar, insanın qulluq həyatında sapmalar meydana çıxar.
MEHMAN İSMAYILOV