Təəssüf ki, xarici dairələr tərəfindən idarə olunan və islam adı altında hərəkət edən bəzi radikal dini qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər.
Oxu.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə deyib.
Onun sözlərinə görə, dini mərasimlər qrup halında, kütləvi şəkildə icra olunur:
“Dini mərasimlər kütlələr üzərində yük psixoloji təsir qüvvəsinə malikdir. Dini mərasimlər zamanı insanların sosial statusu unudulur, hər təbəqədən insanlar bir-birinə yaxınlaşır. Çünki dini mərasimlər ictimai həyatın ayrılmaz tərkib hissəsini təşkil edir”.
PA rəsmisi bildirib ki, dini mərasimlərin siyasi-hüquqi tərəfinə gəlincə, ölkədə dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub:
“Etiqadi mənsubiyyətindən asılı olmayaraq, dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Yəni ölkədə dini etiqad azadlığı tam təmin olunub. Amma bu, o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmamalıdır.
Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan icra olunmalıdır. Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilməməlidir”.
Anar Əlizadə əlavə edib ki, dini mərasimlər dinin siyasiləşdirilməsi alətinə çevrilməməlidir:
“Təəssüf ki, xarici dairələr tərəfindən idarə olunan və islam adı altında hərəkət edən bəzi radikal dini qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə, zarafata yol verilməməyə çalışılmalıdır. Bu cür neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır”.