Pakistanda sosial şəbəkə qaydalarında dəyişiklik edilərək islam əleyhinə, ölkənin təhlükəsizliyinə, ictimai intizam və Pakistanın ərazi bütövlüyünə qarşı paylaşımlar yasaqlanıb.
Yerli mətbuatın xəbərinə görə, Texnologiya və Telekommunikasiya Nazirliyi bu istiqamətdə Tvitter, Facebook və You Tube kimi sosial şəbəkə platformlarından 3 ay ərzində ölkədə ofis açmağı və Pakistan Telekommunikasiya Agentliyində (PTA) qeydiyyatdan keçməyi tələb edib.
Bu dəyişiklikdən sonra sosial şəbəkədə İslam dininə, ölkənin təhlükəsizliyinə, ictima intizam və ölkənin ərazi bütövlüyünə qarşı məzmunların paylaşılmasına və bu mövzuda canlı yayıma izn verilməyəcək. Sosial şəbəkə platformları qaydalara zid olan paylaşımları PTA-nın xəbər verməsi ilə siləcək. Bu qaydalara riayət etməyən platformlar isə 3 milyon dollar cərimə olunacaqlar.
Texnologiya və telekommunikasiya naziri Aminul Haq yeni qaydalarla pakistanlı istifadəçilərin söz azadlığına qovuşacaqlarını və bu qaydaların yerli istifadəçilərlə sosial şəbəkə təşkilatları arasında münasibət qurulmasına töhfə verəcəyini deyib.
Nazir radikallıq, terror, nifrət cinayəti, pornoqrafiya və zorakılığı təbliğ edən canlı yayımların yasaqlanacığını, ölkənin təhlükəsizliyinə və ləyaqətinə qarşı olan paylaşımların silinəcəyini bildirib.
Haq həmçinin qeyd edib ki, qeyri-əxlaqi və ədəbsiz məzmunların paylaşılması cərimə olunacaq cinayət hesab ediləcək, ölkənin mədəniyyətinə və hər hansı bir şəxsə qarşı olan məzmunların paylaşılmasına da izn verilməyəcək.