Ömür sürdüyümüz dünya həyatı Uca Yaradanın xəlq etdiyi mükəmməl bir mexanizmdir. Elə bir mexanizm ki, hər birimiz onun bir parçası, digərlərinin işinə yardımçı ünsürlərik. Allahın yaratdığı və qoymuş olduğu hüdudları tapdalayaraq ilahi nizam çərçivəsindən kənara çıxdıqda dünya həyatı adlandırdığımız bu mexanizmin digər hissələri, həmçinin özümüz zərər görürük. Məhz buna görə də enişli-yoxuşlu həyatımızda biz insanlar əl-ələ verməli, bir-birimizə dayaq olağa çalışmalıyıq. Eynilə şairin dediyi kimi;
Yaşamaq bir ağac kimi tək və hür
Və bir orman kimi qardaşcasına…
Qurani-Kərimdə insanların fərqli imkan və istedadlarda yaradılma səbəbi kimi dünyada fəsadın olmaması, ilahi hökmün yer üzündə bərqərar olması göstərilir. Elə isə hər kəs sahib olduqlarını başqaları ilə paylaşmalıdır. Bunun üçün ən əsas vəzifəmiz;
Dərdlilərə əlac olmaq
Hədisi-şərifdə ilk insan olan Adəmin palçığına 39 il hüzn yağışı, bir il isə sevinc yağışı yağmasından söz açılır. Elə buna görə də insan oğlunun dərdinin sevincindən çox olması bir gerçək kimi özünü büruzə verir. Dünyada dərdsiz insan tapmaq mümkün deyil. Elə isə ətrafımızdakı insanların dərdlərinə şərik olmalı, qəlblərini bizə açmalarına zəmin yaratmalıyıq. İnsanların acılarını paylaşmaq və onların dərdlərinə çarə olmağa çalışmaq hər bir müsəlmanın ətrafdakı insanlara qarşı borclarından biridir. Hz. Peyğəmbər hər zaman ətrafındakı insanların, yaxınlarının və ailə fərdlərinin dərdlərinə şərik olar, onların problemləri ilə yaxından maraqlanardı. Yanına gəlib çıxılmaz vəziyyətdə olan hər kəsə əlindən gələn yardımı edər, özü o anda imkansız olsa da başqalarından borc alıb miskini, kimsəsizi, darda qalanı sevindirməyə çalışardı. Məhz buna görə də dəfələrlə yüksək məbləğli borcun altına girməli olmuşdu. Əynindəki paltarını, mindiyi miniyini ehtiyac sahibinə bağışlamışdı. Hər zaman Allaha əl açdıqda da ümmətin dərdlilərinə, darda qalanlarına ilahi lütflər ehsan etməsi üçün Allaha yalvarıb dua edərdi. Çünki o, insanların dərdlərini öz dərdi bilirdi. Onu nümunə götürən əshabı da belə idi. Hz. Ömər gecələr çiynində ərzaq çuvalıyla Mədinə küçələrini gəzər, fəqir-füqəranın, ehtiyac sahibi insanların qapısına qoyardı. Bir dəfə də gecə yarısı acından ağlayan uşaqlarına təsəlli vermək üçün qazanda daş qaynadan bir qadının dərdini dinlədikdən sonra beytül-maldan ərzaq gətirərək öz əlləri ilə yemək bişirmiş və uşaqların qarnı doyub, təbəssüm edərək yatmadıqca oradan ayrılmamışdı. Peyğəmbər nəvəsi İmam Zeynəlabdin də vəfat edərkən kürəyində kasıblara infaq etmək üçün daşıdığı ərzaq çuvallarının səbəb olduğu içi suluqlamış yaralar vardı. Çünki onlar müqəddəs kitabımızda xəbər verilən: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” (Ali-İmran, 134) İslam şəxsiyyəti formalaşdırmağa çalışırdılar. Biz də bu gün cəmiyyətimizdə yaşayan dərdlilərin dərdinə əlac olmaq üçün bu nümunəvi davranışları hər an özümüzə düstur etməliyik. Həyatı paylaşmaq naminə insanlara qarşı vəzifələrimizdən biri də;
Sevinclərə şərik olmaq
İnsan fitrəti etibarilə sevincli anlarında ətrafındakı insanların da bu anlara ortaq olmasını istəyər. Hər mövzuda olduğu kimi bu məsələdə də yenə Rəsuli-Əkrəm bizim üçün ən gözəl örnəkdir. Əshabı ən sevincli anlarında onun yanına qaçar, bu xoş anlarını onunla keçirməyə çalışardı. Toy edənlərə, ticarətlə məşğul olanlara, yeni övladı dünyaya gələnlərə və bu kimi əlamətdar səbəblərə görə sevinən insanların səadət dolu anlarına şərik olar, onlara xeyir dualarını əskik etməzdi. Bir dəfə sevinərək ümrə ziyarətinə gedən Hz. Ömərə “Qardaşım, duanda məni də unutma, olarmı?” deyə iltifat etmiş və Beytullahı görmək həyəcanıyla yerində dayana bilməyən səhabənin bu sevincinə sevinc qatmışdı. Ömər (r.a)-ı o qədər sevindirmişdi ki, “Rəsulullahın mənə dediyi “qardaşım” sözünü dünyalara dəyişmərəm” -deyirdi. Həzrət Peyğəmbər bütün insanlara qarşı belə idi. Əshabının üzü güldükdə o da gülər, onun sevinməsi isə o örnək nəslin ən xoşbəxt anları olardı. Sevgi və xoşbəxtliyin yayılması üçün möminlərə dəvət olunduqları toy mərasimlərində iştirak etmələrini tövsiyə edər, Ramazanda iftar süfrələri açaraq insanların bir-birini dəvət etmələrini, buna imkanı olmayanların bir xurma ilə də olsa digər qardaşlarının iftar sevincinə şərik olmalarını tapşırardı. Ramazan ayı xaricində də hər zaman yoxsulların qarnının doyurulmasını tövsiyə edər, yarım xurma ilə də olsa insanlar arasında hədiyyələşmə və yardımlaşmanın mümkünlüyünü, hətta insanlara gülər üzlə təbəssüm etməyin belə sədəqə olduğunu, beləliklə dünyada sevginin bərqərar olacağını bildirərdi.
Paylaşma məktəbi – Ramazan
Müsəlman şəxsiyyətinin formalaşmasında müstəsna yerə sahib Ramazan ayı Allah-Təalanın biz aciz bəndələrinə lütf etdiyi əvəzsiz zaman dilimidir. On bir ayın sultanı olan Ramazan ayı bizi Allaha yaxınlaşdıran, fərdi xüsusiyyətlərimizi, ictimai əlaqələri inkişaf etdirən, bizə bir çox keyfiyyətləri qazandıran mənəviyyat məktəbidir. Elə bir məktəb ki, onun sayəsində gün uzunu oruc tutaraq hər gün istifadə etdiyimiz nemətlərin sahibini dərindən təfəkkür etmək, cəmiyyətdəki acların halını anlayaraq imkanımız daxilində onlara yardım etməyə çalışmaq, qeybət, yalan və riya kimi nalayiq söz və davranışlardan uzaq duraraq kamillik zirvəsinə yüksəlmək mümkündür. Ramazan bir paylaşma məktəbidir. İftar süfrələrində sevinclərin, təravih namazında toplu duaların, bayram günündə ilahi feyz və bərəkətin paylaşıldığı və bu paylaşmanın təlim edildiyi, fitr sədəqəsi ilə yoxsulların sevindirildiyi bir məktəb.
Biz bəndələr hər il Rəbbimizin lütfü olaraq bir aylıq mənəvi kampa dəvət edilir və bir növ bu kampın müdavimlərinə çevrilirik. Buradan yüksək təltiflərlə məzun olmaq da bizim əlimizdədir, əliboş gəlib, əliboş qayıtmaq da. Hz. Peyğəbərin hədislərində buyurulduğu kimi Ramazan ilahi rəhmətin, bərəkət və məğfirətin tüğyan etdiyi bir aydır. Bizə sadəcə və sadəcə çalışmaq qalır. Özümüz və cəmiyyət üçün öyrənəcəyimiz çox şeyin olduğu Ramazan məktəbində Rəbbimizin təlimi ilə yenidən insanlığımızı inşa edək, şəxsiyyətimizi ali keyfiyyətlərlə bəzəyək. Elə isə haydı, hər kəs Ramazan məktəbinə…
NURLAN MƏMMƏDZADƏ