Bəşəriyyətə öz gəlişi ilə nur çaçan, insanlığın şərəf və şanını Allahın dərgahına qədər ucaldan yeganə bir insan var ki, o da Hz. Muhamməddir (s.ə.s).
Əgər O bu dünyada doğulmasaydı, insanlıq zülmətin içində boğularaq cahalətin qurbanına çevriləcəkdi. O yeganə insan idi ki, Onun gəlişi hər şeyi dəyişdi. Sevmək nədir bilməyən insanlar sevgini, haqsızlıqdan sızlayan qəlblər isə mərhəməti ondan öyrəndilər. Çünki Allah Rəsulunun nuru hər tərəfə öz şəfəqlərini saçırdı. Amma biz Onu görmədik, adını eşitdik, həyatını oxuduq. Ən ülvi sevgimizlə Onu görmədən sevdik. Təbəssümümüzü Onun o gözəl təbəssümünə, yerişimizi Onun yerişinə, ibadətimizi Onun ibadətinə, səxavətimizi də Onun səxavətinə bənzədərək daim Ona oxşatmağa çalışdıq. Allahın bəşəriyyətə göndərdiyi sonuncu Elçisi daim bizləri doğru yola yönəldən bir rəhbər oldu.
Allah Rəsulunun həyatını oxuyub, incələdiyimiz zaman həyatın hər bir səhifəsində möcüzələrlə rastlaşırıq. Bu mözücələrdən biri də Merac hadisəsidir. Tarix boyu yer üzündə Hz. Muhamməddən (s.ə.s) sonra ikinci bir insan hələ bu məqama yüksəlməyib. O merac hadisəsidir ki, Hz. Muhamməd (s.ə.s) həmin günü yüksəkliyi qət edərək bir anda Allahla üz-üzə gəldi. O günü təsəvvür etmək olduqca çətindir. Çünki, həyacanla dolu o gün Rəsulullahın özünü də heyrətə gətirmişdi. Həmin gün Rəsulullah heç özü də bilmirdi ki, O, Allahın dərgahına yüksələcək. Hər şey bir anda baş verdi. Gecənin qaranlığı səmanı bürümüşdü, hər yan sükut içərisində idi. Ətrafında oyaq insan yox idi və hər kəs çoxdan yatmışdı. Hz Muhamməd (s.ə.s) isə həmişəki kimi oyaq idi və Allaha ibadət edirdi. O dəqiqələrdə vəhy mələyi Cəbrayıl (ə.s) yer üzünə enib Muhammədə (s.ə.s) dedi: “Bu gecə səni böyük bir səfər gözləyir, Allahın istəyi budur ki, bu gecə sən hələ bu günə qədər heç kəsin görmədiyi mənzərəni göstərsin”. Bu, Allahın istəyi olduğu üçün Rəsulullah o an hazır idi Cəbrayıl (ə) ilə birlikdə o yerə getməyə. Quran ayəsində buyurulduğu kimi:
“Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!” (İsra, 1).
Buxari və Müslimin əshabi-kiramdan olan Əbu Zərin söylədiklərinə görə, merac hadisəsi bu cür baş vermişdir:
“Həzrət Peyğəmbər əmisi Əbu Talibin qızı Ümmü Haninin evində ikən və ya Hərəmi-Şərifdə olduğu zaman Cəbrayıl (ə) mələklərlə bərabar yer üzünə enərək Muhammədin (s.ə.s) yanına gəlib onun sinəsini zəm-zəm suyu ilə yuyaraq Onu göyə yüksəltmişdilər. İslam tarixindəki şərhi-sadr və ya sinə açma adlandırılan hadisə də budur. Ondan sonra Cəbrayıl (ə) Muhammədi (s.ə.s) Buraqa adlı xüsusi miniyə mindirərək Məscidi-Əqsaya gətirmişdir. “Rəsulullah Cəbrayıl (ə) ilə birlikdə səmanın birnci qatına çatdıqları zaman Cəbrayıl:
– Açın,- dedi.
İçəridən bir səs:
– Sən kimsən?- deyə soruşdu.
– Mən Cəbrayılam.
– Yanında başqa biri varmı?
– Muhəmməd (s.ə.s) var.
– Muhəmməd göndərildimi?
– Bəli, göndərildi.
“Allah Rəsulu sağında və solunda bir xeyli kölgə dayanan bir adam gördü. O adam sağına baxdığı zaman gülümsəyir, soluna baxdığı zaman ağlayırdı. O, Rəsulullahı görən kimi həmin bu şəxs Rəsulullaha:
– Salam, saleh peyğəmbər, xoş gəldin,- dedi. Həzrət Peyğəmbər Cəbrayıldan onun kim olduğunu soruşdu. Cəbrayıl (ə) Adəm (s) olduğunu söylədi. Ətrafındakı kölgələr Adəmin (s) zürriyətləri idilər. Sağındakılar fəzilət sahibi olanlar və cənnətə layiq görülənlər idi, solundakılar isə cəhənnəmə girəcək insanlar idilər. Ona görə də Həzrət Adəm sağına baxanda gülür, soluna baxdığı zaman isə ağlayırdı.
Cəbrayılın (ə) rəhbərliyi ilə Muhamməd (s.ə.s) səmada yoluna davam etdi. İkinci səmaya çatdılar. Orada da eyni suallar soruşuldu, yenə də eyni cavablar verildi. Bu qayda ilə hər səmada bir Peyğəmbərə rast gələrək səkkizinci səmaya çatdılar. Orada Həzrət İbrahim ilə rastlaşdılar. Ondan sonra daha irəliyə doğru getdilər. Neçə-neçə pərdələri aşaraq əsas məqama yetişdilər. Orada Rəsulullah arada vasitəçi mələk olmadan Allahla üz-üzə gəldi. Allah Ona və bütün müsəlmanlara beş vaxt namazı fərz buyurdu.
Bu hadisədən sonra Peyğəmbər (s.ə.s) Kəbəyə gəlir və orada rastlaşdığı adamlara isra və merac hadisəsini danışmağa başlayır. Bunu eşidənləri onları heyrət bürüyür; bu necə ola bilərdi? Bir adam, həm də gecənin zülmət qaranlığında Məkkədən necə çıxar? Həm də Məscidül-Əqsaya gələ və buradan da səmalar aləminə sirli bir səyahət edib yenidən Məkkəyə necə qayıda bilər? Bütün bunlar bir bəşər kimi heç bir insanın öhdəsindən gələ bilməyəcəyi bir vəziyyət idi. Müşrüklər qətiyyətlə ona inanmaq istəmirdilər. Lakin Rəsulullahın onlara söylədikləri düz çıxdı. Getdiyi yollarda nə görmüşdüsə, hamısı onun söylədiyi kimi idi. Merac hadisəsi olmamışdan qabaq da Peyğəmbərimizin heç vaxt yalan danışmadığını müşriklər bilirdi. Çünki O Muhammədül-Əmin idi. Amma buna baxmayaraq günümüzdəki insanlardan “Cənnəti, cəhənnəmi gedib görənmi var?” deyənlər olur. Bəli, var. Kimdir? Həyatında heç yalan danışmayan Muhəmməd (s.ə.s).
NUREDDİN RÜSTƏMOV