İslam peyğəmbəri həzrəti Muhammədi (ﷺ) çəkdiyi karikaturalarla təhqir edən isveçli karikaturaçı Lars Vilks və onu qoruyan iki polis avtomobil qəzasında ölüblər.
Bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, Smaland bölgəsindəki Markarid yaşayış massivinin yaxınlığında olan maqistral yolda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili ilə yük maşının toqquşması nəticəsində partlayış baş verib və yanğın yaranıb. Qəzada 3 nəfər yanaraq ölüb və 1 nəfər ağır yaralanıb.
Qəzada ölənlərin karikaturaçı Lars Vilks və onu qoruyan 2 polis olduğu, yaralananın isə yük maşınının sürücüsü olduğu bildirilib.
İsveçin baş polis rəisi hadisəni doğrulayıb və ölən polislərin ailələrinə başsağlığı verib. Yerli polis isə qəza barədə təhqiqata başladıqlarını bildirib.
Xatırladaq ki, 2007-ci ildə İsveçdə nəşr olunan “Nerikes Allehanda” qəzeti Lars Vilksin Peyğəmbərimizi (ﷺ) təhqir edən karikaturalarını dərc etmiş, bu hadisə İslam dünyası tərəfindən etirazlarla qarşılanmışdı. Vilks həmin tarixdən məxfi ünvanda yaşayır və polislərin müşaiyəti ilə gəzirdi.