Tövbə surəsi 128-ci ayədə Allah-Təala buyurur ki:
“Sizə özünüzdən elə bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir (sizin səadətinizi istəyir, sizə çox düşkündür), möminlərlə şəfqətli, mərhəmətlidir!”
Peyğəmbərimiz (s.ə.v)-in bizə olan sevgisini Allah-Təala belə xəbər verir.
Peyğəmbərimiz bizi bu qədər sevir, bizim üçün bu qədər həyəcanlıdır; ağlaması, gülməsi, duası, hamısı bizə görədir. Bəs görəsən biz Peyğəmbərimizi nə qədər sevirik?! Onun bizə olan bu dərəcədəki sevgisinə layiq ola bilirikmi?! Onun ülvi, təmiz sevgisinə layiqincə cavab verə bilirikmi?!
Allah-Təala insanı digər varlıqlardan üstün yaradaraq, ona əhsəni-təqvim, ən üstün varlıq olma şərəfini ehsan etmişdir. Bundan başqa yerdə və göydə nə varsa hamısını insanın xidmətinə vermişdir.
Təbii ki, bütün bunları təfəkkür etməmiz və verilmə məqsədlərini yaxşı anlamamız lazımdır.
Allah-Təala bizi tərbiyə etmək və xəbərdarlıq üçün peyğəmbərlər göndərmişdir. Lakin ən çox sevdiyi və ən müstəsna, ən seçkin peyğəmbəri də ən sona saxlamışdır. Hər peyğəmbəri bir qövmə göndərmiş, Rəsulullahı isə bütün bəşəriyyətə göndərmişdir.
Peyğəmbərimiz (s.ə.s) o qədər mükəmməl bir şəxsiyyət idi ki, etdiyi təbliğlə, tərbiyə ilə, cəhalət baxımından ən aşağı səviyyədə olan insanları, fəzilət baxımından ən yüksək səviyyələrə qaldıraraq elə bir cəmiyyət meydana gətirdi ki, adına “səadət əsri” deyildi. Və qiyamətə qədər bir daha bənzəri olmayacaq bir əsr, fəzilət insanları formalaşdı…
Peyğəmbərimiz (s.ə.s)-in sadəcə bu müvəffəqiyyəti belə Onun şəxsiyyətindəki ucalığını və Onun necə mükəmməl bir üsveyi-həsənə, yəni “ən gözəl örnək” olduğunu göstərmək üçün kifayətdir. Əgər gözlər kor deyilsə, Onu mütləq görər. Əgər gözlər çəp deyilsə, Onda heç bir əskiklik, qüsur tapa bilməz. Yəni bu gün, dünyanın bəzi yerlərində Onu qüsurlu olaraq göstərməyə, tanıtmağa çalışanlar, əslində öz acizlik, xəta və nöqsanlıqlarını dilə gətirməkdədirlər. Bu qədər təmiz bir şəxsiyyətə, Hz. Peyğəmbərə qarşı aparılan çirkin iftira kampaniyalarının hamısı, əslində o işi edən kimsələrin öz pis əxlaqlarından və bədbəxtliklərini əks etdirməkdən başqa bir şey deyil. Hz. Mövlana deyir ki: “Dünyanı işıqlandıran günəşdə qüsur axtarmaq; əslində mənim iki gözüm də kordur, qaranlıqdır -deyə öz qüsurunu açmaq və özünü pisləmək deməkdir.”
O, elə bir Peyğəmbər idi ki, bizə olan məhəbbəti bir ananın, atanın övladına olan məhəbbətindən daha çox idi. O, elə mərhəmətli və bizi düşünən bir Peyğəmbər idi ki, dünyada bizim əfvimiz və qurtuluşumuz üçün çırpındığı kimi, məhşərdə, qiyamət günü də bizi düşünəcək və səcdələrə qapanıb bizə şəfaət etmək üçün, duası qəbul edilincəyə qədər göz yaşları ilə Allaha yalvaracaqdır…
Peyğəmbərimizi nə qədər sevirik? Onun örnək sünnələrininə, yoluna nə qədər bağlıyıq? Övladlarımıza və ətrafımıza, cəmiyyətimizə Peyğəmbərimizi nə qədər analada bilirik, tanıda bilirik, sevdirə bilirik?! Peyğəmbərimizdən nə qədər bəhs edə bilirik? Ailə həyatımızda, iş həyatımızda, insanlarla olan hər davranışımızda Peyğəmbərimizə layiq ola bilirikmi?
Səhabələr və Allah dostları daim Peyğəmbərimiz (s.ə.s)-dən bəhs etmişlərdir. Və bundan da həzz almışlardır. Biz əcəba, Peyğəmbərimiz (s.ə.s)-dən bəhs edə bilirikmi? Və ya Onu nə qədər xatırlayırıq, hansı vaxtlar yadımıza düşür, xatırlaya bilirik? Daim Ondan bəhs edəcək qədər Peyğəmbərimiz (s.ə.s)-i sevə bilirikmi?! Çünki Peyğəmbərimizi sevmək bizə fərz qılınmışdır. Qurani-Kərimdə Allah-Təala belə buyurur:
Peyğəmbərimiz (s.ə.s) də özünə olan sevginin həqiqi imanın şərti olduğunu bir hədisində belə bildirir: “Canım qüdrət əlində olan Allaha and olsun ki, sizdən biriniz, mən ona; ata-anasından, övladından və bütün insanlardan daha sevimli olmadıqca həqiqi mənada iman etmiş olmaz.” (Buxari).
Biz bir imtahan dünyası içindəyik. Bunu unutmamalıyıq. Nəfsimizi tərbiyə edərək elə bir hala gəlməliyik ki, axirət bizim üçün sevdiklərimizə qovuşma meydanı olsun. Buna görə də Əziz Peyğəmbərimiz (s.ə.s)-in ən gözəl örnək şəxsiyyətindən pay götürməliyik. O zaman Allah-Təala bizə cənnətini vəd edir, cənnətdə Öz Camalına qovuşmağı ehsan edəcəyini bildirir.
Bu imtahan dünyası içərisində ən böyük imtahanlarımızdan biri də, Hz. Peyğəmbərə qarşı sevgi, itaət və ədəbimiz cəhətdən sınağa çəkilməyimizdir. Ona ehtiramımız, sünnəsinə, Onun yoluna bağlılığımız, Allah Rəsulunu yaxından tanımamız qəlblərimiz üçün bir təqva imtahanıdır. Eyni zamanda Peyğəmbərimizi sevmək bizim üçün Allaha yaxınlıq vəsiləsidir. Elə bununla bağlı bir ayədə buyurulur:
“Rəsulum, (müsəlmanlara) de ki: Əgər Allahı sevirsinizsə mənə uyun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox mərhəmətli və bağışlayandır.” (Ali-İmran, 31)
Saleh ŞİRİNOV