Qurani-Kərimdə “ətrafı bərəkətli qılınmış” deyə ifadə edilən Məscidi-Əqsaya ev sahibliyi edən Qüds şəhəri bəşər tarixində ən qədim yaşayış məskənlərindən biridir. Coğrafi mövqeyinə görə Orta Şərqdə – Aralıq dənizi ilə Lut gölünün şumal qərb sahilləri arasında yerləşir.
Ərazisi 125,1 km2-dir. 2013-cü ilin rəsmi statistikasına görə burada yaşayan əhalinin sayı 9 yüz mindir.
Tarixi Tunc dövrünə qədər uzanan, beş min il yaşı olan Qüds şəhərinin adına ilk dəfə qədim Misir mətnlərində e.ə. XIX-XVIII əsrlərdə rast gəlinir. Qədim Assuriya mənbələrində Urusilimmu, yaxud Ursalimmu kimi qeyd edilən şəhər Tövrat mətnlərində “Salam şəhəri” kimi qeyd olunur. “Yeruşalem” də “Sülh şəhəri” deməkdir. Belə ki, ərəb dilindəki qarşılığı “səlam” olan ibranicə “şalem” sözü sülh və əmin-amanlıq mənasına gəlir. Hər nə qədər əsrlərdən bəri münaqişə ocağı olduğu üçün paradoks kimi səslənsə də, “Yerusəlim”in mənası “Sülh Şəhəri”dir. İslam qaynaqlarında isə şəhərin adı “Qüds” olaraq keçir ki, bu da müqəddəslik və mübarəklik ifadəsidir.
Müsəlmanların, xristian və yəhudilərin müqəddəs şəhəri sayılan Qüds tarixən iki dəfə tamamilə yerlə-yeksan edilmiş, 23 dəfə işğal olunmuş, 52 dəfə hücuma məruz qalmış və 44 dəfə yenidən azad edilmişdir. Bu istilaların ən dəhşətlisi e.ə. 587-ci ildə baş verən Babil istilası, eramızın 70-ci ilində baş verən Roma talanı və Birinci Səlib yürüşü əsnasında Qüds şəhərinin ələ keçirilərək (1099-cu il) darmadağın edilməsidir.
1947-ci ilin BMT qətnaməsinə əsasən tarixi Fələstin torpaqlarında iki dövlət – İsrail və Fələstin dövlətinin yaradılması və Qüds şəhərinə beynəlxalq status verilməsi elan edildi. Lakin 1948-ci ildə qurulan İsrail dövləti qeyri-qanuni şəkildə 1949-cu ildən Qüdsü ölkənin paytaxtı elan etdi. Bu qərar bir çox dövlət tərəfindən tanınmır.
Qüdsün tarixdə əsaslı inkişafı Osmanlılar dövrünə təsadüf edir. Belə ki, 1517-ci ildə türklər tərəfindən fəth olunan Qüds 1917-ci ilə qədər Osmanlı İmperiyasının sərhədlərinə daxil olmuşdur. Həmin illər ərzində Fələstin bölgəsinin paytaxtı elan edilən Qüds şəhərində əsaslı abadlıq və yenidənqurma işləri aparılmışdır. Ümumiyyətlə, bu gün Qüdsün küçələrini gəzərkən antik çağdan və orta əsrlərdən qalan bir sıra tikililərlə rastlaşmaq mümkündür.
Qüds və ətrafında bir çox peyğəmbərin yaşadığı, vəfat etdiyi, bu gün də qəbirlərinin olduğu məlumdur. Belə ki, Hz. Davudun və Hz. Yaqubun da məzarı bir çox dini məbəd və tarixi əsərin yer aldığı Qüdsdədir. Həmin məbəd və məkanlardan sadəcə bir neçəsini burada qeyd etmək istəyirik.
Qədim Şəhər
Qədim şəhər Qüdsdə yerləşən 0,9 km2 qalalarla əhatələnmiş bölgədən ibarətdir. İçərişəhər qədim Bakı sayıldığı kimi, bura da qədim Qüds sayılır. Müsəlmanların müqəddəs saydığı “Məscidi-Əqsa”, eyni zamanda “Qiblə Məscidi” və “Qübbətus-Saxra Məscidi”, yəhudilərin “Məbəd Təpəsi” və “Ağlama Divarı”, o cümlədən xristianların “Müqəddəs Məzar Kilsəsi” kimi dini əhəmiyyət kəsb edən bir çox tikili məhz bu ərazidə yerləşir. Şəhər 1981-ci ildən etibarən UNESCO tərəfindən “Ümumdünya İrsi” siyahısına salınmışdır.
Bu gün dörd hissəyə ayrılmış ərazidə müsəlman, xristian, erməni və yəhudi məhəllələri yerləşir. 2007-ci ildə sakinlərin ümumi sayı 36956 olub. 2006-cı ilin məlumatlarına görə isə burada 27500 müsəlman, 5681 xristian, 3089 yəhudi, 790 erməni yaşayırdı. Qədim şəhərin nəhəng müdafiə divarları və qapısı 1535-1542-ci illərdə Qanuni Sultan Süleyman tərəfindən inşa edilmişdir.
Məscidi-Əqsa
Məscidi-Əqsa müsəlmanlar tərəfindən müqəddəs sayılan məkanlardan biridir. 16 ay müsəlmanların qibləsi olmuşdur. Tez-tez rast gəlinən yanlış bir fikirdə səsləndirildiyi kimi “Məscidi-Əqsa” nə qızılı günbəzi olan məscid, nə də qurğuşun günbəzli məbəddir. “Məscidi-Əqsa” əslində 144 hektarlıq ərazidir. Qızılı günbəzli “Qübbətus-Saxra” və qurğuşun günbəzli “Qiblə Məscidi”, o cümlədən iki yüzə yaxın tarixi əsər bu ərazidə yerləşir.
Qurani-Kərim və hədisi-şəriflərdə Hz. Peyğəmbərin Merac gecəsi Kəbədən Məscidi-Əqsaya gətirildiyi, oradan da səmaya qaldırıldığı bildirilir. Məscidi-Əqsa da eynilə Kəbə və Məscidi-Nəbəvi kimi müsəlmanlar tərəfindən həram bölgə sayılır və “Hərami-Şərif” adlandırılır. Məscidi-Əqsa yəhudilər tərəfindən də müqəddəs sayılır. Onlarsa bu bölgəyə Hz. Süleymanın inşa etdiyi məbədə nisbətlə “Məbəd Təpəsi” deyirlər.
Qübbətus-Saxra
Qübbətus-Saxra Əməvilər tərəfindən yəhudilərin də müqəddəs saydığı “Məbəd Təpəsi” üzərində inşa edilən məscidə verilən addır. Bu məscidin yaranma tarixçəsi belədir:
Qüds 636-cı ildə Hz. Ömər tərəfindən Sasanilərdən alınaraq fəth edilmişdi. Möminlərin əmiri Hz. Ömər Qüdsə girdikdə buranın baş rahibindən onu Süleyman məbədinin qalıqları olan yerə aparmasını istəyir. Bu zaman həmin yerdə qədim məbədin qalıqları vardı. Xəlifə Beytul-Məqdisi və Mualləq Daşının (Saxra) olduğu həram bölgəsini təmizlədərək Mualləq Daşı (Saxra) üzərində Mədinədəki Məscidi-Nəbəvi tərzində qamışdan namazgah saldırır. Məbədin 70-ci ildə sonuncu dəfə yıxılmasından sonra ilk dəfə burada Hz. Ömər on minlik camaatla namaz qılmışdır. Bu gün gördüyümüz “Qübbətus-Saxra” binası isə Əməvi xəlifəsi Əbdülməlik bin Mərvan zamanında, 687-691-illərdə inşa edilmişdir. Əbdülməlik bin Mərvan Hz. Ömərin saldırdığı namazgahı böyüdərək bu məscidi ərsəyə gətirmişdir.
İslam dünyasında tikilən ilk günbəzli binalardan sayılan “Qübbətus-Saxra” tarixən həm ərəblər, həm də Osmanlılar tərəfindən diqqət mərkəzində saxlanmış, Qanuni Sultan Süleyman zamanında restovrasiya edilmişdir.
Qiblə Məscidi
“Məscidi-Əqsa”, yaxud “Qiblə Məscidi” adlanan bu məscidin əsası Əməvi xəlifəsi Əbdülməlik bin Mərvan tərəfindən qoyulmuşdur. Belə ki, Qübbətus-Saxranı inşa etdirən Əbdülməlik onun yanında “Ömər Məscidi” tikdirmək qərarına gəlir. Lakin məscidin tikintisi Əməvi xəlifəsi I Vəlid bin Əbdülməlik dövründə başa çatmışdır. “Məscidi-Əqsa”nın cənubunda yerləşdiyi üçün “Məscidi-Cənubi” və “Məscidu-Qiblə” də adlandırılır.
Ağlama divarı
Yəhudilər tərəfindən müqəddəs sayılan “Ağlama Divarı”, digər adı ilə “Qərb Divarı” Süleyman Məbədindən bu günə gəlib çatdığı iddia edilən yeganə divardır. Torpaq üstündə 24, altında isə 19 daşdan ibarətdir. Süleyman Məbədinin bir parçası sayılan bu divar 18 metr yüksəkliyində və 485 metr uzunluğundadır. Divar daşlarının bəzisinin uzunluğu 12 metr, hündürlüyü 1 metrə çatır. Ağırlığı isə 100 tondan çoxdur. Yəhudilər dua və ibadət məqsədi ilə buranı ziyarət edirlər.
İslam inancına görə Hz. Peyğəmbər Meraca çıxarkən Buraq adlı miniyini bu divara bağlamışdır. Ona görə də müsəlmanlar həmin divarı “Buraq Divarı” adlandırırlar.
Müqəddəs Məzar Kilsəsi
“Müqəddəs Məzar Kilsəsi”, həmçinin provaslavlar tərəfindən “Qiyamət Kilsəsi” adlandırılan, Qüdsün qədim qala divarları içərisində yer alan xristian kilsəsidir. Qədim Şəhərin xristianlar yaşayan bölgəsində yerləşir.
İncildə bildirildiyinə görə, Hz. İsanın çarmıxa çəkildiyi təpənin burada olması səbəbi ilə xristianlar həmin kilsəni müqəddəs sayırlar. Həmçinin burada qəbrə dəfn edildiyinə inanırlar. IV əsrdən bəri Hz. İsanın buradan dirilərək zühur edəcəyinə inanırlar
Zeytun dağı
Qüdsün şərqində yerləşən, hündürlüyü 826 m olan bu dağın yəhudilər, xristianlar və müsəlmanlar nəzərində xüsusi yeri var. Tövratda və musəvilikdən bəhs edən bütün dini kitablarda Zeytun dağından söz açılır. Tövratda bildirildiyinə görə, qiyamət yaxınlaşanda yəhudiləri xilas etmək üçün gələn Məsih Zeytun dağına enəcək və oradan Qüdsə keçəcəkdir. Müqəddəs sayılan bu dağda 150000 məzar var. Buradan məzar yeri almaq həddən artıq bahadır. Barnaba İncilinə görə, Hz. İsaya peyğəmbərlik vəzifəsi bu dağda ibadət etdiyi vaxt verilmişdir.
Mənbə: İrfan Jurnalı