PSİXO-SOSİAL TƏSİRLƏR VƏ ƏXLAQ

0

Elm və texnologiyanın sürətli inkişafı, kütləvi informasiya vasitələrinin daha təsirli olması və geniş vüsət alması sosial dəyişiklikləri sürətləndirir. Bu inkişaf və dəyişikliklər əxlaqi dəyərləri də dəyişir. Francis Fukuyamaya görə; əxlaqi tərəqqi olmasa, texnikanın nailiyyətləri bəşər övladı üçün zərərli məqsədlər üçün istifadə oluna bilər və bəşəriyyətin vəziyyəti əvvəlkindən daha da pis olar. Ona görə də texnologiya və əxlaq sahələrindəki inkişaf bir-birinə paralel getməlidir.

Əxlaq cəmiyyətdəki fərdlərə əmin-amanlıq və xoşbəxtlik içində yaşamağa kömək edən bir vasitədir. Ona görə də cəmiyyətin əmin-amanlığı üçün insanların əxlaqlı olub-olmaması önəmlidir. İnsanlar öz əxlaqi xüsusiyyətlərini böyümə və inkişaf proseslərində əldə edirlər. Əxlaqi inkişaf insan inkişafının ən mühüm elementlərindən biri hesab edilir. İnsan doğulduğu andan həyatının sonuna kimi bioloji, psixoloji və sosial inkişaf kimi müxtəlif inkişaf proseslərini yaşayır. İnsanın əxlaqi inkişafı da bu inkişaf proseslərinə paralel olaraq formalaşır.

Sağlam mənəvi inkişaf prosesinin olması üçün bu prosesi istiqamətləndirən müxtəlif dinamikaların təsiri cəmiyyətin istək və tələblərinə uyğun olmalıdır. Odur ki, bu prosesə təsir edən və fərdin əxlaqi təfəkkür və davranış bacarıqları əldə etməsinə şərait yaradan psixo-sosial dinamikanı və bu dinamikanın keyfiyyətini, kəmiyyətini və təsirlərini bilmək vacibdir. Bu yolla əxlaqi inkişaf prosesini istədiyiniz kimi idarə etmək və istiqamətləndirmək mümkün ola bilər. Bu mənada əxlaqi inkişaf prosesinə bilavasitə təsir edən və katalizator rolunu oynayan bir neçə əsas faktoru qeyd etmək yerinə düşər:

Genetika və ətraf mühit

Genetika yəni irsiyyət, embrionun mayalanması zamanı ana və atada tapılan bəzi fiziki və psixoloji xüsusiyyətlərin genlər vasitəsilə uşağa ötürülməsi deməkdir. Psixo-genetik elmlərə görə boy, sümük quruluşu, cinsiyyət, saç, göz rəngi və s. kimi fizioloji xüsusiyyətlərlə yanaşı, zehni qabiliyyətlər, emosional tarazlıq və temperament kimi psixoloji xüsusiyyətlər də valideynlərdən uşaqlara keçir. İlkin mərhələdə əxlaqi prinsiplərin də genetik yolla valideynlərdən uşaqlara keçməsi göz ardı edilə bilməz.

Ailə

Ailə insanların doğulduğu, böyüdüyü, qayğı göstərildiyi və qorunduğu ilk ictimai quruluşdur. Ailə cəmiyyətin mədəni-mənəvi dəyərlərini, adət-ənənələrini nəsildən-nəslə ötürən, uşaqları cəmiyyətə hazırlayan ən fundamental qurumdur. Valideynlər tərəfindən uşaqlara ötürülən əxlaqi dəyərlər onların həyatında əhəmiyyətli rol oynayır. Körpəlik illərindən ailədən qazanılan əxlaqi dəyərlər fərdin cəmiyyətdəki mövqeyinə və münasibətinə bilavasitə təsir edir. 

Həmyaşıdlar və dostlar

İnsanlar müxtəlif sosial və psixoloji ehtiyaclarını ancaq istənilən qrupa daxil olmaqla ödəyə bilərlər. Çünki qrupa üzvlük insana sosial əminlik qazandırmağa, psixoloji və emosional tarazlıq yaratmağa kömək edir. Bu qrupların əsasını da həmyaşıd və dost qrupları təşkil edir. Həmyaşıd və dost qrupları adətən eyni yaşda və vəzifədə olan üzvlərdən ibarət olur. Buraya oxşar sosial-iqtisadi səviyyələrə, dinə və etnik mənşəyə malik insanlar daxildir. Qrup üzvlərinin ümumi məqsədləri, maraqları, gözləntiləri, dəyərləri, prinsipləri və ünsiyyət tərzləri olduğu üçün onlar bir-birinə maksimum təsir etmə gücünə sahib olur.

Təhsil

Təhsil şəxsiyyətin mənəvi inkişafına təsir edən mühüm dinamikalardan biridir. Fərd məktəb həyatına yeddi yaşına qədər ailədə qazandığı duyğular, düşüncələr, mühakimələr, bilik, bacarıq və vərdişlər kimi xüsusiyyətlərlə başlayır. Məktəbdə isə hər gün müəllimlərindən, dostlarından yeni və fərqli şeylər öyrənərək fərqli xüsusiyyətlər qazanır və inkişaf edir.

Din

Cəmiyyətlərin əxlaq və inancları pozulduğu zaman Uca Yaradan tərəfindən peyğəmbərlər göndərilmiş və fərdlərə din vasitəsi ilə konkret istiqamətlər müəyyən edilmişdir. Bütün peyğəmbərlərin insanlığa dəvəti isə əxlaqı öyrətmək məqsədi daşımış və bu səbəblə peyğəmbərlər ilk təbliğlərinə tövhidlə birlikdə əxlaqın öyrədilməsi ilə başlayaraq bəşəriyyətə sülh və əmin-amanlıq dolu bir həyat planı təklif etmişlər.

İqtisadiyyat

Müasir kapitalist cəmiyyətlərində fərdlər və qruplar arasında rəqabətə əsaslanan münasibətlər insanları sosial məqsədlərə deyil, şəxsi mənafelərə yönəldir. İqtisadi bərabərsizliyin olduğu belə sosial quruluşlarda yüksək gəlirli insanların həyatını örnək götürən insanlar sərvət və güc sahibi olmaq üçün böyük eqoizmlə yarışırlar. Belə olan təqdirdə isə əxlaqi dəyərlər erroziyaya uğrayır və bir müddətdən sonra mahiyyətini itirir.

Son olaraq onu qeyd edə bilərik ki, əxlaqi prinsiplərin formalaşmasında yuxarıda zikr etdiyimiz faktorlarla birliktə sosial informasiya vasitələrinin də özünə məxsus yeri var. Qloballaşan dünyada fundamental əxlaqi dəyərlər daha qlobal dəyərlərlə yer dəyişir. Bunun üçün üzərimizə düşən əsas vəzifə cəmiyyət olaraq yuxarıda qeyd etdiyimiz faktorları diqqət mərkəzində saxlayaraq əxlaqi dəyərlərimizi yetişməkdə olan gənc nəsilə daha etibarlı şəkildə ötürməyimizdir. 

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Rusiyada sürücü idarə etdiyi avtobusu saxlayıb namazını qılıb

Rusiyanın St. Sankt-Peterburq şəhərində avtobus sürücüsü axşam namazını keçirməmək üçün sərnişinlərdən izn istəyərək qısa fasilə verib. Müsəlman sürücünün bu tələbi...

Bağla