Araşdırmalarında daha çox inanc (belief) yerinə iman (faith) ifadəsindən istifadə edən James W. Fowlerə görə imanın yeddi inkişaf mərlələləsi var. Bu inkişaf mərhələlərinin özünə xas xüsusiyyətlərini aşağıdakı kimi qeyd edə bilərik:
1.Mərhələ
İlkin və ya Fərqlənməmiş İman (0-2) (Primal or Undifferentiated Faith)
Bu mərhələ körpəlik illərində yaşanır, inancın ilkin mərhələsi olaraq qəbul edilir və ana-ataya qarşı güvən duyğusu ilə başlayır. Körpənin inkişafı əsnasında ana-atası və ətrafındakı insanlarla qarşılıqlı əlaqələri nəticəsində formalaşır. Bu mərhələ dil və simvolların inkişafının başlanğıcı qəbul edildiyi üçün bu başlanğıc mərhələsində ana və ata ilə əlaqələr böyük əhəmiyyətə sahibdir. Bu mərhələdə ona ən yaxın insanlar tərəfindən isti münasibət göstərilib, güvən duyğusu verilərsə daha sonrakı inkişaf mərhələsində bu özünü müsbət mənada göstərəcək və təhlükəsizlik hissi inkişaf edəcəkdir. Bunun əksinə yaşanan mənfi təcrübələr ilahi inanc sistemini zədələyəcək və inamsızlığı artıracaqdır.
2.Mərhələ
İntuitiv-Proyektiv İman (2-7 yaş) (Intuitive-Projective Faith)
İnanc inkişafının bu mərhələsində uşaq Tanrını hiss etməyə və ona bir forma verməyə çalışır. Antropomorfist (insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi) düşüncə tərzi ilə Tanrı zehində öz yerini alır. Bu mərhələdə dərin və irəliyə istiqamətlənən düşüncələr formalaşa bilər. Bu düşüncələr imanın emosional və idrak əsaslarını təşkil edir. İdrakın inkişafı hələ tamamlanmadığı üçün, səbəb-nəticə əlaqəsi tam olaraq dərk edilə bilmir. Bu yaşdakı uşağın imanı və başındakı düşüncə şəkilləri daha çox duyduğu və oxuduğu hekayələr üzərindən dəyərləndirilir.
3.Mərhələ
Mifik-Hərfi İman (7-12 yaş) (Mythic-literal Faith)
Bir əvvəlki mərhələnin emosional və intellektual təməlləri bu yeni mərhələdə hələ də təsirli olmasına baxmayaraq, müntəzəm olaraq düşüncə, şüurlu şərhlərin və təcrübələrin daha köklü formaları üçün zəmin yaradır. Bu mərhələdə düşünmə prosesi tamamilə dəyişə də bilər. Yəni səbəb-nəticə əlaqələri daha aydın başa düşülə və uşaq öz dünyasını yeni bir perspektivdən qura bilər. Ancaq bu mərhlədə də fərdin inandığı Tanrı fərdin özünə xas tanrı anlayışı deyil. Bu dövrdə də ətrafdakıların təsiri Tanrı inancının formalaşmasına səbəb olur. Tanrı, yaxşılıqları mükafatlandırıb pislikləri cəzalandıran bir valideyn (antropomorfist) kimi düşünülür. Bu müddət ərzində məcazlar və simvolik dil tez-tez səhv başa düşülür və hərfi mənada qəbul edilir.
4.Mərhələ
Sintetik-Konvensional İman (12-18) (Synthetic-Conventional Faith)
Bu mərhələdə gənc fərd mücərrəd ifadələri dəyərləndirməyə başlayır. Özünə xas duyğu və düşüncələrlə dini inancını şəkilləndirməyə və dini inanclarını cəmiyyətin tələbinə uyğunlaşdırmağa çalışır. Bu mərhələdə fərd öz dünya görüşünə və ya ideologiyasına fokuslanır və onu yaşayır. İnsan bədənində istər fiziki, istərsə də psixoloji fərqliliklərin yaşandığı bu yaş dövründə fərdin dinə qarşı münasibəti əvvəlki mərhələlərin təsirində qalıb daha da üst mərhələyə keçə də bilər, əvvəlki mərhələlərdəki dinlə bağlı travmaya bağlı olaraq tamamilə alt-üst də ola bilər.
5.Mərhələ
Fərdi-Reflektiv İman 18-35 (İndividuation-Reflective Faith)
Gənc yetişkinlik dövrü olaraq bilinən bu mərhələdə yeni mənliklə əvvəlki dini inaclar təhlil edilir və haqqında müsbət və ya mənfi qərar verilir.
Bu mərhələdə iki vəziyyət ya ardıcıl və ya eyni vaxtda baş verir. Birincisi, əvvəllər əldə edilmiş inancların, dəyərlərin və öhdəliklərin kritik şəkildə nəzərdən keçirilməsidir. Burada xarici nüfuza olan inamda əksilmə və şəxsin mənliyinə olan etimadda isə yüksəlmə baş verir. İnam və ideologiya obyektiv şəkildə nəzərdən keçirilir. Bu dövrdə fərd inanc və ideologiya sistemlərini yenidən qurmağa başlayır. İkincisi, əvvəlki rollar və münasibətlər nəticəsində əmələ gələn nəfsin şəxsiyyət problemi ilə mübarizə aparmasıdır. Bu o deməkdir ki, fərd yetkinlik yaşına çatmazdan əvvəl sahib olduğu mühitə, rollara və məsuliyyətlərə görə, yetkinlik yaşına çatdıqda isə yeni dövrün gətirdiyi yeni mühitə, rollara və vəzifələrə görə yeni bir mənlik inkişaf etdirir.
6.Mərhələ
Konyuktiv (Bağlı) iman (35-50) (Conjunctive Faith)
Orta yaşın ilk dövrlərində başlayan bağlı iman daha əvvəlki mərhələlərdə yaşanan parçalanmış inancı birləşdirməyi ifadə edir. Simvolların və miflərin müxtəlifliyini və intensivliyini qəbul edərək onların gücünün ruhunu aydınlatmasına və vasitəçiliyinə imkan yaradır. Bu mərhələdə fərd digər dini inaclara da açıq münasibət bəsləyir. Fərdi düşüncə mərhələsində mənlik və imanın sərhədləri müəyyənləşir və onlar bir-birindən ayrılır. Bu mərhələdə səlahiyyət sahibi olmuş mənlik, qərarlarını, dəyərlərini, inanclarını özünün müəyyən etdiyini iddia edir. Ancaq burada insanların çox müxtəlif zehni şəkillərə sahib olduğunu da unutmamaq lazımdır. Bəziləri şüurlu davranışlar ortaya qoyduğu halda, bəziləri çox vaxt şüursuz davranış sərgiləyə bilir. Ümumiləşdirmiş olsaq deyə bilərik ki, bu mərhələdə fərdin əvvəlki mərhələlərdə inançları ilə bağlı ziddiyyətləri ortadan qalxır və o inacını daha obyektiv prespektivdən dəyərləndirməyə başlayır.
7.Mərhələ
Ümumiləşdirilmiş İman (50+) (Universalizing Faith)
Bu mərhələ orta yaşlılıq və daha sonrakı dövrlərdə görünür. Düşüncə, duyğu və sosial hadisələr fövqəl-təbii hadisələrin dərk edilməsində önəmli rol oynayır. Ümumiləşdirlimiş iman mərhələsi konyuktiv iman mərhələsinin xüsusiyyətlərindən olan ziddiyyətləri qəbul etməni də aşan şəxslərin imanlarını ifadə edir. Bu mərhələnin təşəkkülü, özünü ardıcıl mərhələlərlə baş verən mənliyin təmizləməsi prosesinin köklü şəkildə tamamlanmasında göstərir. Ümumiləşdirilmiş iman mərhələsində görülən xüsusiyyət, təmizlənmə prosesinin tamamlanmasıdır. Əvvəlki mərhələlərdə insan, bir tərəfdən öz kökləri ilə əvvəldən mövcud olan nizamın hissələri arasında gərginlik yaşamağa davam edərkən, digər tərəfdən də daim inkişaf edən və dəyişən geniş bir baxış bucağı ilə yeni fövqəltəbii nizamlara meyl edir. Bununla bərabər ümumiləşdirilmiş iman mərhələsində çox az insanın olduğu qeyd edilir.
Psixodinamik olaraq, ümumiləşdirilmiş iman mərhələsinə çatan nəfs, adi müdafiə qəliblərindən kənara çıxır və Tanrını dərk etmək və sevmək üçün müəyyən bir əsaslara sahib olur. Fərd insanlara universal bir topluluq kimi baxdığı üçün onlara qarşı şəfqətlə yanaşır və ümumbəşəri sevgi və ədalət prinsipləri ilə davranır.
Dr. Eldar Kərimov