Qədr gecəsi Qurani-Kərimin Lövhi-məhfuz (Allah dərgahındakı qorunmuş bir kitab və ya mənəvi bir lövhə. Olmuş, olacaq hər-şey orada yazılmışdır) adlanan qaynaqdan dünya səmasına bütöv şəkildə nazil edildiyi bir gecədir.
Belə ki, Qurani-Kərimdə: “…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir…” (əl-Bəqərə, 185) buyurulmaqdadır.
Bu gecə elə mübarək bir gecədir ki, onun şərəfinə Qurani-Kərimdə müstəqil bir surə də endirilmişdir. Bu surə Məkkədə nazil olub, beş ayədən ibarətdir. Adını ilk ayədə keçən Qədr, yəni “Qədr gecəsi” sözündən götürmüşdür.
Qədr sözü “məqam, şərəf, dəyər, əzəmət” mənalarına gəlir. Bu surə Quran vəhyinin enməyə başlamasından, gecənin böyük fəzilət və bərəkətindən və o gecə kainatı bürüyən ilahi mərhəmətdən bəhs edir:
1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!
2. Sən Qədr gecəsi nədir, bilirsənmi?!
3. Qədr gecəsi min aydan daha xeyirlidir!
4. O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)
Qədr gecəsi eyni zamanda “hökm gecəsi” deməkdir. Bu ifadə ilahi qədərdə hökmü verilmiş işlərin, yaxud da bir çox işlərə hökm edən mütləq əmrlərin ayırd edildiyi gecə mənasını verir.
Qurani-Kərim bu gecədən etibarən Rəsuli-Əkrəmə (s.ə.s) nazil olmağa başlamış, Cəbrayıl (ə.s) Peyğəmbərimizə (s.ə.s) ilk vəhyi bu gecə gətirmiş və Qurani Kərimin ilk enən ayələri olan “Ələq” surəsinin ilk beş ayəsi də məhz Qədr gecəsində nazil olmuşdur:
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”.
Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Kim inanaraq və savabını Allahdan umaraq Ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və yenə kim inanaraq və savabını umaraq Qədr gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar”. (Buxari, Savm 6, Təravih 1, Leylətül-Qədr 1)
Qədr gecəsi Peyğəmbərimizin (s.ə.s) öz ümmətinə hədsiz sevgisindən qaynaqlanaraq etdiyi bir duanın qəbul olunmuş şəklidir. Belə ki, əvvəlki insanların ömrü Peyğəmbərimizə (s.ə.s) göstərilmişdi. Keçmiş ümmətlərdə yaşamış insanların ömrü uzun olduğuna görə daha çox ibadətlə məşğul olub, daha çox savab qazandıqlarını əshabına xəbər vermişdi. Bunu eşidən səhabələr onları qibtə ilə yad etdilər. Onlar qədər savab qazana bilməyəcəklərini, qısa ömürlərinin buna yetməyəcəyini düşünüb üzüldülər. Səhabələrin bu halını və ibadətə daha çox düşkünlüyünü görən Allah Rəsulu (s.ə.s.) dua etdi, Allahdan əvvəlki ümmətlərin uzun ömürlərində əldə etdikləri xeyirli əmməllərin ümmətinin qısa ömründə onlara da nəsib olmasını niyaz etdi. Peyğəmbərimizin (s.ə.s) duası qəbul olundu və Uca Allah Ona min aydan daha xeyirli olan Qədr gecəsini bəxş etdi. (Muvatta, Etikaf 6)
Elə bunun üçündür ki, Qədr gecəsi min aydan daha xeyirli olmuş, ibadətlə keçirdiyimiz təqdirdə min ayda əldə edilə biləcək mükafatın bu bir gecədə qazanıla biləcəyinə diqqət çəkilmişdir.
Bu gecənin savab və mükafatını əldən qaçırmamağa çalışan Allah Rəsulu (s.ə.s) son on gecəni məsciddə (etikafda) keçirər, bu son on gecədə xanımlarını da oyaq qalmağa və vaxtlarını ibadətlə keçirməyə təşviq edərdi. Biz də bu gecələrin qədrini bilməli, namaz, zikr, Qurani-Kərim tilavəti və dualarla əhya etməyə çalışmalıyıq. Doğrudur, bu gecənin tam dəqiqliyi ilə hansı gecədə olduğu bilinməməkdədir. Ancaq hədislərin də işarə etdiyi kimi, Ramazanın son on gecəsində və daha çox 27-ci gecəsində olma ehtimalı yüksək olduğuna görə, bu gecələrdə oyaq qalıb, daha çox ibadət etməliyik.
Bu gecədə oxunan məşhur bir dua da var ki, bu duanı Allah Rəsulu (s.ə.s) Aişə (r.a) anamıza öyrətmişdir. Biz də bu gecədə həmin duanı çox-çox etməliyik:
“Ey Allahım! Şübhəsiz ki, Sən Əfv edənsən, Kərimsən. Əfv etməyi sevirsən. Məni də əfv et! Amin!”
/Aqil ƏLİYEV/