Allah-Təala Qurani-Kərimdə beyə buyurur: “Bu Quran yenilməz qüvvət sahibi, mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki, ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!” (Yasin, 5-6)
Gözlərimizlə gördüyümüz, qulaqlarımızla eşitdiyimiz, duyğu orqanları ilə qavradığımız hər bir an, hər bir dəqiqə əgər fərqindəyiksə, bizlərə Uca Allahın əzəmətini hiss etdirməkdədir. Əgər insan övladı ağlını da işə salarsa, onda ilahi əzəmətin təsəvvürlərə sığmayacaq möhtəşəmliyi qarşısında nə qədər aciz olduğunu anlayacaqdır. Əgər ruhani qabiliyyətlərini Allahın bir lütfü olaraq inkişaf etdirə bilsə onda artıq heçliyinin idrakı qaçınılmaz olacaqdır. Bütün bunlarla yanaşı məhz insan olaraq yaradılması həqiqətini dərk edərsə onda Adəm övladını əhatə edən məsuliyyət dairəsini də lazımınca idrak etməyə başlayacaqdır. Lakin dünya həyatının ayrılmaz hissəsi olan hər bir hadisənin, hər bir yaranış ünsürünün insan üçün bir imtahan vasitəsinə çevrilməsi, onu daima çətin bir sınaq qarşısında qoymaqdadır. Bu əhəmiyyətli məqamda Qurani-Kərim və sünnədən doğan hökmlərə uyğun gəlməyən, onunla üzləşməyən həyat tərzi, gələcək təhlükələrdən qorunmaq üçün insana heç bir şans buraxmamaqdadır. Qəflət adı ilə tanıdığımız və Allaha kamil bir şəkildə yaxınlaşma və Ona qulluq etmə mədəniyyətini sarsıdan bu hissin təbiətini aşağıdakı örnəklərdə görmək mümkündür: Öz fikir və düşüncələri ilə kainatı idarə edən fundamental qanunlar, kosmoloji tədqiqatlar, kvant cazibəsi, qara dəliklər və bu kimi məsələlərin öyrənilməsində, dünyada söz sahibi olan məşhur alimlərdən biri də bir sıra elmi mərkəzlərin o cümlədən ABŞ-ın Milli akademiyasının üzvü və Kembric universitetinin tətbiqi riyaziyyat və nəzəri fizika kafedrasının rəhbəri olan Stiven Hokinqdir. Kainatın yaranması və onu əhatə edən proseslərlə bağlı “Zamanın qısa tarixi: böyük partlayışdan qara dəliklərədək” kitabı elmi ədəbiyyatda misli olmayan 25 milyon tirajla çıxaraq onu daha da məşhurlaşdırmışdır. Dünya elminin “Müasir Eynşteyni” adlandırılan Hokinq gərgin elmi axtarışların nəticəsi kimi bunları ərz etməyi özünə borc bilmişdir: “Tezliklə bizi maraqlandıran ən əsas suallara cavab tapacağıq: Bizi əhatə edən aləm kim və ya nə tərəfindən, hansı məqsəd və məramla yaradılmışdır?”
Elə burada yaxınlarımdan birinin mənə söylədiyi əhvalat yadıma düşdü: Bir-birindən xeyir və şərdə ayrılmayan iki dost həyatlarının ən şirin çağı olan cavanlıqlarını daima bir yerdə keçirirdilər. Zaman ötdü və dostlardan biri yüksək vəzifəyə təyin edildi. Maddi vəziyyəti o qədər də ürəkaçan olmayan digəri bu hadisəyə çox sevindi və dostunun qəbuluna düşmək üçün yola düzəldi. Lakin günlər ötür dostun qəbuluna düşmək isə mümkün olmurdu. Vəziyyəti belə görən nəzarətçi növbədə olana belə məsləhət verir: -Yaxınlıqdakı böyük çinar ağacını görürsənmi? Dostunun pəncərəsi düz ona sarı açılır. Sən bir az da çinarın kölgəsində gözlə. Belə etsən dostun səni yəqin ki, görüb çağıracaqdır.” Lakin çinarın kölgəsindəki uzun-uzadı gözləmələr də bir fayda vermir. Nəhayət bir müddət sonra vəzifəli dostu işdən azad edirlər. Budur ki, çoxdan gözlənilən görüş baş tutur və kasıb olan, vəzifəli dostuna başına gələnləri, hətta qocaman çinarın kölgəsində günlərlə vaxt keçirdiyini dilə gətirir: -Ay insafsız! O boyda çinarın kölgəsində günlərlə səni gözlədim. Yəni sən bu qədər adam görməz idin? Dostunun tənəsini qəbul edən vəzifəli belə cavab verir: -Əşi Rəhmətliyin oğlu! Onda mənim elə bir vaxtım idi ki, heç o qocaman çinar ağacını da görmürdüm…
Nə demək olar, çinardan fərqli olaraq ilahi yaranışın ən mükəmməl əsəri olan kainatı görməmək və ən əsası bütün bu ehtişamın yaradıcısı olan Allahı tanımamaq qəflətin ən eybəcəri, ən dəhşətlisidir. Kəşf etdikləri və kainatda hər şeyi udan və yox edən hesab etdikləri qara dəliklərin qəlblərdə qərarlaşması insan fitrətində yerləşmiş olan bütün müsbət meyillərə divan tutmaqdadır. Təbiidir ki, onların dünyası ilə ayaqlaşmaq və həmhal olmaq insana ancaq və ancaq əbədi uğursuzluğun qapılarını aralamaqdadır. Əl-Bəqərə surəsinin 120-ci ayəsində bu təhlükəli məqamı Allah-Təala qullarına belə bildirməkdədir: “(Ya Rəsulum) Sən yəhudi və xaçpərəstlərin dininə tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: Düzgün yol yalnız Allahın göstərdiyi yoldur! Əgər sənə gələn elmdən (vəhydən) sonra onların istəklərinə uysan, o zaman səni Allahdan qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” (əl-Bəqərə, 120)
Allahın insandakı möcüzəsi Hz. Məhəmmədi tanımadan, kəlamdakı möcüzəsi Qurani-Kərimi anlamadan, xəlq etmə sənətindəki möcüzəsi olan kainatı təfəkkür və idrak etmədən sürülən qəflətlə dolu həyatın nə qədər dəyərsiz və mənasız olduğu göz qabağındadır. Əbədi bəxtəvərliyi iman nuru ilə suvarılmamış nəfslərdə peyda olan qəflətə təslim etmək təbii ki, ağıllı insana yaraşmayan bir əxlaqdır. Uca Allah insanı tələyə salacaq qəflətə bir an olsun belə aman verməyərək bizləri bir daha həqiqi idrak aləminə dəvət edir: “Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz nemətlərdən ruzi verən Allahdır. Bu, sizin Rəbbiniz olan Allahdır! Aləmlərin Rəbbi olan Allah nə qədər Ucadır!” (əl-Mumin, 64)
Mübariz Əlioğlu