QƏZZA ZOLAĞI

0

Qəzza zolağı, Aralıq dənizi sahilində yerləşən və qədim mədəniyyətlərin izlərini özündə cəm edən qədim bir bölgədir. Bu zolağın mərkəzi yenə eyni adlı Qəzza şəhəridir. Şəhər Aralıq dənizi sahillərindən 4 km. uzaqlıqda yerləşir. Qəzza, Fələstin torpaqlarının tərkib hissəsidir. Ancaq ticarət və iqtisadi əlaqələrin çoxu qonşu Misir dövləti ilə qurulmuşdur.

            Qəzza, qədimdən bəri önəmli karvan yollarının kəsişməsində yerləşir. Bu, bölgənin iqtisadi cəhətdən inkişafına imkan tanıyır. Eyni zamanda Qəzza həc yollarının da kəsişmə nöqtəsində yerləşir. Bu da bölgənin ticarət nöqteyi-nəzərindən inkişaf etməsinə böyük imkanlar verir. Bəzi İslam alimləri qeyd edir ki, Qüreyş surəsində keçən qış səfərində (qış və yay səfəri) gedilən bölgə Qəzzadır. Hətta məkkəli ticarət karvanlarından birində Həzrət Muhəmmədin (s.ə.v.) babası Hişam ibn Əbdülmənaf da yer almış və burada vəfat etmişdir. Bəzən buna istinad edərək Qəzzaya “Qəzzatu-Hişam” da deyilirdi. Həzrət Peyğəmbərin (s.ə.v.) atası Abdullah da Qəzzaya gəlmişdir. Həzrət Ömər müsəlman olmadan əvvəl sərvətinin çoxunu Qəzzaya təşkil etdiyi ticarət karvanlarından qzanmışdır. Habelə, hicrətin ikinci ilində (624-cü il) Bədr döyüşünə səbəb olan Əbu Sufyanın rəhbərliyindəki karvan Qəzzadan geri dönürdü (Bilgi, 1996, 13/534-535).

            Qəzza, stratejit cəhətdən önəmli bölgələrdən biridir. İslam dövlətinin birinci xəlifəsi Həzrət Əbu Bəkr dövründə Qəzza fəth edilmişdir (634-cü il). Bölgə, 1149-cu ildə Qüds xaçlı kralı III Baldvin tərəfindən işğal edilmişdir. 1187-ci ildə isə Səlahəddin Əyyubi ilə Qüds xaçlı ordusu arasında meydana gələn Hıttin döyüşü nəticəsində şəhər işğaldan azad edilmişdir. Bilirik ki, monqol hücumları nəticəsində İslam dünyasına ağır zərbə dəymişdir. Hülakü xanın rəhbərliyindəki monqol orduları 1258-ci ildə Bağdadı işğal etmiş və nəticədə Abbasi xilafəti süqut etmişdir. Cənuba doğru davamlı surətdə hərəkət edən monqol qoşunları Qəzzaya qədər gəlib çatmışdılar. Onların məqsədi Misiri qarət etmək idi. 1260-cı ildə Misir Məmluk orduları ilə monqol qoşunları arasında meydana gələn Aynicalut döyüşündə Seyfəddin Kutuzun rəhbərlik etdiyi məmluk orduları qələbə qazanmışdır. Beləliklə, Qəzza, monqollar tərəfindən dağıdılmaqdan qurtulmuşdur.

            Qəzza, birinci dünya müharibəsinin sonlarından (1917-ci ildən) İsrail dövlətinin quruluşuna qədər (1948-ci il) İngiltərənin müstəmləkəsi olmuşdur. 1967-ci ildə baş tutan 6 günlük müharibə nəticəsində Qəzza İsrail dövləti tərəfindən işğal edilmişdir. Qəzzaya yönəlik işğal hələ də davam edir. Şahidi olduğumuz bu ağrılı günlərdə Qəzzada insanlıq dramı baş verir. Silahlı toqquşmalarda 4500-dən çox müsəlman şəhid olmuşdur. Bunların 1000 nəfərdən çoxu qadın, 1500-dən çoxu isə uşaq şəhidlərdir. Bir vaxtlar Qarabağda müsəlman qanı necə axırdısa bu gün eyni şey Qəzza zolağında yaşanır. Müsəlmanlar istəsələr Qəzzanı tərk edə bilərlər. Müsəlmanlar üçün torpaq namus olduğu üçün burada yaşayan əhali ata-baba torpaqlarını tərk etmirlər. Bu gün Qəzza hələ də İslam torpaqlarının bir parçası olaraq qalırsa bunu Qəzzada yaşayan müsəlmanlara borcluyuq. Torpaq, al qırmızı şəhid qanı ilə sulandıqda vətən olar. Qəzza fələstinlilərin vətəni və İslam ümmətinin qanayan yarasıdır. Allah şəhidlərə rəhmət eləsin!

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyəli professor: “Qarabağ zəfəri türk dünyasında çox həlledici rol oynadı”

“Qarabağ zəfəri türk dünyasında Türk Dövlətləri Təşkilatına gedən yolda çox həlledici rol oynadı”. “Report”un Ankara bürosunun xəbərinə görə, bunu Ankarada...

Bağla