QAFQAZDAN MƏDİNƏYƏ…

0

“Hz. Ömər Əbu Bəkr (r.a)-ın nitqindən sonra Rəsulullah –səllallahu əleyhi və səlləm-ə doğru əyilib alnından öpdü və ağlayaraq belə xitab etdi:

“Anam-atam sənə fəda olsun, ya Rəsulallah! Üstündə durduğun xurma kötüyü yeni minbərə çıxdığın zaman ayrılığına dözməyib inləmiş, əlini üzərinə qoyunca susmuşdu. Halbuki ümmətin sənin ayrılığına ağlayıb-sızlamağa ondan daha layiqdir.

Anam-atam sənə fəda olsun, ya Rəsulallah! Rəbbin:

“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur…” (Nisa, 4/80)

-buyuraraq sənə itaəti özünə itaət saymaqla dərgahındakı üstünlüyünü son həddə çatdırmışdır.

Anam-atam sənə fəda olsun, ya Rəsulallah! Allah səni peyğəmbərlərin sonuncusu olaraq göndərdiyi halda sənə iman və yardım etmək üçün əvvəlki peyğəmbərlərdən əhd-peyman almaqla (Ali-İmran, 3/81) sənin üstünlüyünü son dərəcəyə çatdırmışdır.”

Anam-atam sənə fəda olsun, ya Rəsulallah! Cəhənnəm xalqının əzab olunarkən:

“…Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” (Əhzab, 33/66) deyərək sənə itaətin həsrətini çəkmələri sənin Allah qatındakı fəzilətini son dərəcəyə çatdırmışdır.” (Kastalani, Məvəhibul-Lədünniyyədən nəqlən Osman Nuri Topbaş, Hz. Muhammed Mustafa, II, 571-571)

***

Biz səni görə bilmədik, ya Rəsulallah… dövrü-səadətinə yetişmədik. Sədaqət və məhəbbətləri ilə dillərə dastan olan əshabını da görmədik. Sənin mübarək üzünə baxıb “Anam-atam sənə fəda olsun” da deyə bilmədik. Ən əsası isə sənin tərəfindən görülmədik, Əfəndim! O nəzərə nələri fəda etməzdik?!

Sultanım, dərk etdik ki, o mərtəbəyə çatmaq imkansızdır, bir hədisi-şərifinə uyub düşdük yollara… “Ədəb və həya sahibi, xeyrülxələf” bir mərhəmət sahibi gedirik dedi, biz də gəldik, Əfəndim! Vəhb b. Kəbşin, minlərcə səhabənin iziylə gəldik. Onların yurdundan, yuvasından uzaqlara getdiklərini anlamaq, anlatmaq üçün gəldik. Gecələr xidmət ömrümüzün uzun olması üçün dualar edirik.

Öndən gedənlərimiz oldu, “Əliabadlı Musab”larımız… Müəllim olaraq gəldikləri yerdə canlarını fəda etdilər. Sənə qovuşdular…  Onlar bizim sabaha gedən yolumuza çıraq oldu. Amma karvan yoluna davam edir, Əfəndim! Musab (r.a) şəhid olarkən bayrağını dövr alan mələklər kimi qardaşlarımız var. Həm də hər biri mələk üzlü… İnsanlıq borcumuzu ödəyək deyə yerindən, yurdundan tərki-diyar olaraq bu torpaqlara gələn qardaşlarımız. İncitmədən və incimədən xidmətin əlasını sərgiləmək üçün qəlbititrək geniş ürəyə sahib…

Niyyətin bərəkətini gördük, Əfəndim!

Artıq Hz. Aişə anamızın Məscidi-Nəbəvisində yanıq səslə oxunan Quranı duyduğu zaman diqqətlə dinlədiyi və “Ondan daha gözəl oxuyanı görmədim” dediyi Hz Salim (r.a) kimi Quran oxuyan, yorulmaq nədir bilməyən hafizlərimiz var, Əfəndim! Həm də uzun illərdən sonra Quran səsinə susamış torpaqlara, dağa-daşa, məscidlərə dolan bülbül səsləriylə…

Bilallarımız oldu, ya Rəsulallah! Davudi səsləriylə Qafqaz dağlarının qarlı üzünə nur saçan… Sanki Mədinədən gəlir bu səs. Onlar azan oxurkən camaat yollara tökülür. Eynən sizin Rəfiqi-Əlaya yolçuluğunuzdan sonra bir daha azan oxuya bilməyən Hz. Bilalın mübarək nəvələrinizin israrıyla oxumağa çalışdığı, amma bitirə bilmədiyi azanı eşidən “Allahın Rəsulu qayıtdımı?” deyib həyəcan və həsrətlə yollara çıxan mədinəlilər kimi…

Təkbaşına və ailəsiylə birlikdə dağ-daş demədən kənd-kənd dolaşan, əcəba bu gün də bir nəfərə Quranı çatdıra bilərəmmi deyib çırpınan qardaşlarımız var… Balaları yollarda, maşınlarda böyüyür.

Hər həftə toplandıqları yerə kilometrlərlə uzaqdan gələnlərimiz var… Ziyarətini sırf Allah rizası üçün etmək, hər hansı bir şey qarışmadan niyyətləri kirlənməsin deyə ikram etdiyimiz çayı belə içmədən gedən qardaşlarımız var… Gələrkən gətirdikləri çayı, şəkəri səssizcə qoyub gedənlər…

Evinin səssiz bir guşəsini məscid edən, ağlayaraq Quran oxumağa çalılşan qardaşlarımız var. Hz. Siddiqin yolunda və məşrəbində…

Bəzən yemək öynəsini keçirdiyini, amma təhəccüdü bir dəfə də olsun keçirmədiyini söyləyən, hər gecə eyni saatda, gecənin ikisində namaza duran qardaşlarımız var. Səccadələrinin başında ümmətinin yırtıqlarını tikməyə çalışanlara dua edərək ağlayanlarımız var.

Bildiyinin zəkatını verməyə çalışan, ticarət məqsədilə getdiyi kəndlərdə özüylə birlikdə namazı tərif edən kağızlar paylamağa çalışan qardaşlarımız var… Əfəndim, bu ixlas o qədər bərəkətlənir ki…

Sənin adın anıldığı zaman “ağsaqqallarımız”ın ürəyi titrər, üzlərini daha da gözəlləşdirən büllur damlalar tökülər saqqallarından, əlləriylə üzlərini örtərlər… “Dua buyurun” dedikdə, damarlarında dolaşan qan olduğumuzu söylər və duada bizi unutmağı xəyanət sayarlar.

Əhli-beytinə məhəbbətlə onları ailəsindən çox üstün tutan, bağrıyanıq qardaşlarımız var, Əfəndim! Kərbəla acısıyla oturub dəqiqələrlə ağlarlar.

Sənin yetimlərinə bir boşqab isti yemək, bir ləhzə xoş atmosfer təmin edə bilmək üçün aylardan bəri göz nuruyla xeyriyyə sərgiləri açmağa çalışan analarımız, bacılarımız…

Və…

Demək olar ki, hər dərsimizdə ayağa qalxıb sənə çatacağından azcıq şübhə duymadan salatu-salamlar göndərən tələbələrimiz…

Allahummə salli alə Muhamməd və alə əli Muhamməd!

***

Ey Allahın həbibi!

Biz sənin izinlə Şəkiyə, Şamaxıya, Ağdaşa, İsmayıllıya, Əliabada, Zaqatalaya, Qubaya, Astaraya, kəndlərə, şəhərlərə gəldik; Azərbaycana gəldik.

Yoxsa Mədinəyəmi gəldik?

Bunlar bizi mühacir kimi qarşılayan ənsar ürəkli qardaşlarımızdır, Əfəndim!

ALİ ÇINAR

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖMİN VƏ DÜNYA

DÜNYAYA GƏLİŞ SİRRİ: ÇALIŞMAQ Allah-Təala Özünü mərifətullah ilə tanıması və layiqincə ibadət, yəni qulluq etməsi üçün insanı yaratdı.

Bağla