QAHİRƏ UNİVERSİTETİNDƏ AZƏRBAYCANŞÜNASLIQ MƏRKƏZİ YARADILACAQ

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində olub.

Tarix İnstitutundan “Report”a verilən xəbərə görə, bu səfər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə baş tutub.

İnstitutun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti universitetin Humanitar Elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri departamentinin rəhbəri, doktor Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlər ilə görüşlər keçirib.

Görüşün əvvəlində Yaqub Mahmudov Qahirədə baş vermiş terror hadisəsi ilə bağlı kədərləndiyini bildirərək, nümayəndə heyəti adından Misir xalqına dərin hüznlə başsağlığı verib. Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan akademik deyib ki, tarixinə sahib çıxan xalq yenilməzdir: “Hər iki ölkənin tədqiqatçıları üçün ortaq tarixi əlaqələr və mədəni dəyərlərin araşdırılması çox mühümdür. Ərəb xilafəti dövründən etibarən başlanan qarşılıqlı münasibətlərimiz indi daha da genişlənib”.

Yaqub Mahmudov erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlarından, xüsusilə Xocalı soyqırımından bəhs edib: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidə, müsəlman irsi məhv edilir və tarix saxtalaşdırılır. Bu vandalizmə qarşı elmi müstəvidə birləşməliyik”.

Professor Əhməd əş-Şərbini hər zaman Azərbaycanın haqlı davasında onlara dəstək olacaqlarını bildirib. Doktor Cəlal əl-Səid əl-Həfnəvi isə qeyd edib ki, universitetdə yüzdən artıq tələbəyə xarici dil kimi Azərbaycan dili tədris edilir.

Yaqub Mahmudov və Əhməd əş-Şərbini Azərbaycan həqiqətlərinin Misirdə daha geniş yayılması üçün yaxın zamanlarda Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Akademik görüşün sonunda universitetə Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarını təqdim edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
72 YAŞLI İNGİLİS MÜSƏLMAN OLDU…- GÖZLƏNİLMƏZ- FOTO

İngilislər də İslama aşiq olur, bizlər isə hələ də dinimizə qorxa-qorxa yanaşırıq…

Bağla