“Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunda təmsil olunan 87 millət vəkili ABŞ Senatının 54 üzvünün Türkiyə və Azərbaycan əleyhinə müraciətinə sərt şəkildə reaksiya verib bəyanat yaydı”.
Bunu TBMM sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.
O bildirib ki, bəyanatda 30 ildən artıqdır Azərbaycan torpaqlarının 20 faizini işğal edən, başda Xocalı olmaqla bir çox şəhərdə günahsız uşaq və qadınları qətlə yetirən təcavüzkar Ermənistanı qınamaq əvəzinə öz ərazi bütövlüyünü qoruyan Azərbaycanı və beynəlxalq hüquqa görə onun yanında duran Türkiyənin tənqid edilməsinin təəccüblə qarşılandığı əks olunub.
“Məsələ ilə bağlı Milli Məclisin Sədri xanım Sahibə Qafarova ilə telefon danışığımız olub. 14 fevral 2021-ci il tarixində Milli Məclisin Senatın bəzi üzvlərinin ABŞ Prezidentinə ünvanladığı məktubla bağlı bəyanatını böyük məmnuniyyətlə qarşıladıq”, – deyə o vurğulayıb.
Şentopun sözlərinə görə, gələn həftə TBMM və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar rəsm sərgisi keçiriləcək.
TBMM sədri Naxçıvan dəhlizinin əhəmiyyətinə də toxunub. Türkiyə parlamentinin sədri qeyd edib ki, Qarsdan çəkiləcək dəmir yolu xətti də Naxçıvanın strateji əhəmiyyətini artıracaq.
Apa