Quranda Rəbbimiz belə buyurur: “Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək, kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir” (Zəlzələ 7, 8). Dünyada baş verən hadisələrdə “misil” prinsipi hadisələrin ayrılmaz bir ünsürüdür. “Qiyamət günü ədalət tərəzilərini quracağıq və heç kimə heç bir haqsızlıq edilməyəcəkdir. (Edilən əməl) bir xardal dənəsi ağırlığında olsa belə Biz onu (ədalət tərəzisinə) gətirib qoyacağıq. Biz haqq-hesab çəkməyə kifayətik” (Ənbiya 47). Bu ayədə bildirildiyi üzrə, xırda olsun, böyük olsun hər bir əməl öz qarşılığını kamil əskiksiz tərzdə tapacaq. İlahi mərhəmətin genişliyi səbəblə yaxşı əməllər on misli ilə qarşılıq görərkən, pis əməllər sadəcə bir misli ilə əvəz olunur (Ənam 160). Heç kimin günahını başqa bir insan çəkməz. Hər kəsin etdiyi yaxşılıq özünə olduğu kimi, elədiyi pislik və zülm də özünə aiddir (İsra 7). Başqasına qazdığı quyuya insan özü düşər (Fatir 43). Rəbbimiz belə buyurur: “Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır. Əgər onlara bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” – deyərlər. Əgər onlara bir pislik toxunarsa: “Bu səndəndir!” – deyərlər. De: “Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər!” (Nisa 78). Ayədə deyildiyi kimi hər şeyin baş verməsi Allahın izni ilə olur. İnsana üz verən yaxşılıq və yaxud pisliklərin kimdən və necə gəldiyindən daha çox, niyə gəldiyini araşdırmaq daha doğrudur. Nəticə etibarilə, insana gələn hər bir yaxşılıq Allahdandır, eləcə də ona üz verən hər bir pislik insanın özündəndir (Nisa 79). Rəbbimiz belə buyurur: “İnsan üçün öz əməlindən başqa bir şey yoxdur” (Nəcm 39).
Qisasda həddi aşmaq qadağandır (Bəqərə 178). Dəyən zərər nə isə, o qədəri ilə qarşılıq verilməlidir. Allah, həddi aşanları sevməz. Peyğəmbər əleyhissalam əfəndimiz, öz doğma əmisini -Hamzanı öldürən müşriklərdən qisas almaq istəyərkən belə, ona Rəbbimiz vəhy endirərək misli ilə qarşılıq verməsini əmr etdi. Bu barədə Rəbbimiz belə buyurur: “Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir” (Nəhl 162).
Axirət günündə Allahın ədaləti kamil şəkildə öz yerini tapacaq. Şahidlərin şahidlik edəcəkləri axirət günü, heç bir yerə qaçış olmayacaq. Qorx o gündən ki, Hakimin özü şahiddir. Tam “misilləmə” o gün yaşanacaq. Quranda belə buyurulur: “Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər” (Yasin 65).
Qıtlıq, susuzluq, xəstəlik və savaşlar kimi imtahan vəsiləsi sayılan hadisələr vaxtaşırı insanları öz cənginə alır. Bu cür hadisələr, bəzən, yerinə görə, bir növ misilləmə yaxud ədalətin bərpası sayılır. Hər bir insan dünyada elədiyinin qarşılığını ya bu dünyada, ya da axirətdə tam şəkildə alacaq, bunda heç bir şübhə yoxdur. Belə olduğu halda, insan gördüyü əməllərin məsuliyyətindən boyun qaçıra bilməz.
Rəşad Manafov