QİYAMƏT QOPSA DA ƏLİNDƏKİ FİDANI ƏK!

0

İslam dini təbiətin qorunması və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Çünki insan özü təbiətin məhsuludur. Sağlam təbiətə sahib olan bölgələrin insanları da sağlam olar. Təbiət həyatdır, həyatın mənbəyidir. Təbiətin məhv edilməsi insanın da məhv olması deməkdir. Bu səbəblə də Allah Rəsulu (s.ə.s) bir hədisi-şərifində: “Əgər qiyamətin qopacağını bilsəniz və əlinizdə bir fidan olsa, onu qiyamət qopmadan əkməyi bacararsınızsa əkin!” – buyurmuşdur. (Buxari, “Ədəbül-müfrəd”, s. 143). Bu hədisdən çıxarılacaq bir çox nəticələr vardır. Belə ki, Allah Rəsulu (s.ə.s) həyatın son anlarında olsa belə gözəl əməllərə davam etməyi, ölümdən sonra insanlara faydalı olan və dünyasını dəyişdikdən sonra insana daim savab qazandıran əməllərə təşviq etmişdir. Ənəs ibn Malikdən (r.a) nəql olunan bir hədisdə Rəsulullah (s.ə.s) bu barədə belə buyurmuşdur: “Bir müsəlman ağac əkər və o ağacdan insanlar və heyvanlar yeyərsə bu onun üçün sədəqə olmuş olar”. (Buxari, Ədəb, 27). Bundan əlavə Rəsulullah (s.ə.s) ən məşəqqətli vaxtlarda belə müsbət düşüncələrdə olmağı və insanın öləcəyini bilsə belə yenə xeyirli işlərdən geri addım atmaması lazım gəldiyini ifadə etmişdir.

Artıq ölkəmizdə yaz fəslinin gəlişi ilə təbiətdə canlanma baş verir. Bunu fürsət bilən hər bir müsəlman yeni ağaclar əkərək təibiətə öz töhfəsini verməlidir. Çünki bu gün torpağa atılan hər bir toxum gələcəyə işıq tutur. Əcdadımızın bizim üçün etdiklərini biz də sonrakı nəsillər üçün etməliyik ki, gələcək nəsillər təbiətdən yararlana bilsinlər. Bu barədə bir atalar sözündə belə deyilir: “Səndən öncəkilərin sənin yaşamağın üçün əkdikləri kimi, sən də səndən sonrakıların yaşaması üçün ək”. (Sənani, “ət-Tənvir”, IV, 241)

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İRƏVAN VƏ ŞUŞA MƏSCİDLƏRİNİ, AZƏRBAYCAN İZLƏRİNİ İTİRMƏK ÜÇÜN TƏMİR EDİRDİLƏR

“Azərbaycanda dini məbədlərin qorunmasının, müxtəlif dinlərə məxsus dini abidələrin, ibadətgahların təmir və tikintisi prioritet məsələ kimi dövlətin yürütdüyü din siyasətinin...

Bağla