QİYAMƏT ÜÇÜN NƏ HAZIRLADIN?

0

Bir neçə il bundan qabaq dünyanın sonunun çatması ilə əlaqəli gələn xəbərlər insanları təşviş içində saxlamışdı.

Bir qrup insanlara görə maya təqviminə əsasən dünyanın sonu gəlmişdir. Bir qism alimlərə görə isə səmada planetlərin bir-birinə yaxınlaşması nəticəsində beş-altı gün dünya zülmətə bürünəcək, elektrik və qaz kəsintisi meydana gələcəkdir. Belə məlumatlar insanları təşvişə salaraq, ehtiyatlı davranaraq evlərinə ərzaq, şam və digər zəruri məmulatlar almalarına səbəb olmuşdur. Hətta vəziyyət o yerə çatmışdır ki, bəzi yerlərdə illərlə piştaxtalarda müştərilərinin yolunu səbirsizliklə gözləyən şamlar böyük sürətlə tükənmişdir. Halbuki gələn məlumatlara görə bu kimi xəbərlər şam satışını sürətləndirmək və hərəkətləndirməkdən başqa bir şey deyildi. Həqiqətən də, elektriklə təchiz olunmuş yerlərdə şama olan tələbat azaldığından şam ticarəti və satışı ilə məşğul olanlar belə fəndləri ortaya atmış, hər zaman olduğu kimi indi də dini biliyi və məlumatı olmayan insanları torlarına salmışlardır.

Təəssüf ki, əksər insanlar hər dəfə olduğu kimi bu dəfə də elm adamlarına və dini ekspertlərin fikrini belə araşdırmadan bu kimi xəbərlərə inanırlar. Halbuki dünyanın sonunun gəlməsi haqqında və ya dünyanın bir neçə gün zülmətə bürünməsi haqqında elm adamlarının və ilahiyyatçıların tutarlı açıqlamaları yoxdur. Qiyamətin qopması adlanın dünyanın sonunun gəlməsinin dəqiq vaxtı və tarixi nə qədər elmi inkişaflar edilsə də hələ də bilinmir. Çünki onun bilgisi yalnız Allah qatındadır. Allahın göndərdiyi və üstün tutduğu peyğəmbərlər belə onun vaxtını bilməməkdədir. Allah Təala qiyamət vaxtının saatı barədə Əraf surəsinin 187 ci ayəsində belə buyurur:

Mömin üçün əsas olan qiyamətin nə zaman qopacağını öyrənmək deyil, o əbədi həyata hazırlaşa bilməkdir. Allah Təala ilahi hikmətinə əsasən onun qopacağı saatı bildirməməklə bərabər, qiyamət əlamətlərini Peyğəmbəri vasitəsi ilə bizlərə

bildirmişdir. Belə ki, Qurani Kərimdə Allah Təala qiyamətin yaxınlaşacağını göstərən əlamətlərin ortaya çıxmasını belə bildirməkdədir:

“Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?!”( Muhəmməd, 47/18)

Bu ayədə geyd edilən əlamətlər böyük əlamətlərdən çox-çox əvvəl ortaya çıxmış əlamətlərdir ki, bunları Rəsulullahdan (s.ə.s) gələn hədislərə əsasən belə sıralamaq olar:

  1. Peyğəmbər (s.ə.s.) göndərilməsi. Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur ki: “Qiyamət qünü ilə mən belə göndərildim” deyərək şəhadət barmağı ilə orta barmağını göstərmişdir. (Buxari, Talaq 25)
  2. Elmin qalxıb cahilliyin artması (elmə dəyər verilməməsi), içki və zinanın açıq şəkildə edilməsi.
  3. Qadınların kişilərə görə çox olması.
  4. Hündür binaların tikilməsi, səriştəsi olmayan insanların iş başına keçirilməsi.
  5. Adam öldürmə hadisələrinin artması.
  6. İki İslam ordusunun bir-biri ilə vuruşması.
  7. Özünü Allahın Peyğəmbəri elan edən otuza yaxın yalançı peyğəmbərin (dəccal) ortaya çıxması.
  8. Dünya malının bollaşması, zəkat verəcək kasıbın olmaması.

Böyük əlamətlərə gəlincə bunlar bir-birinin ardınca baş verən əlamətlərdir. Bu əlamətlər insan iradəsini aşan və təbiət qanunlarına zidd olan hadisələrdir:

1-Duman (Duhan). Möminlərin qrip xəstəliyinə tutulmuş, kafirləri isə sərxoş vəziyyətə gətirən bir dumanın çıxması və bütün dünyanı əhatə etməsi.

2-Dəccal. Tanrılıq iddiasında olan birinin çıxması və qeyri-adi möcüzələr göstərməsidir. Rəsulullah ( s.ə.s.) Dəccalın çıxması ilə əlaqəli bir hədisində belə buyurur: “Allah elə bir peyğəmbər göndərməmişdir ki, o peyğəmbər ümmətini Dəccalla qorxutmuş olmasın. Şübhəsiz ki, Dəccal aranızdan çıxacaqdır. Onun halından hamınızın xəbəri olacaq.(Yəni Tanrılıq iddiasında olduğunu görəcəksiniz) Onu gördüyünüz zaman

bilin ki, Rəbbinizin bir gözü kor deyil, Dəccalın isə sağ gözünün kor və dombalmış olduğu sizə gizli qalmayacaqdır. ( Buxari, Fitən, 26; Müslim, Fitən,101)

3-Dəbbətül-ərz. Bu isimdə bir canlı məxluqun çıxmasıdır. Qurani-Kərimdə belə buyrulmaqdadır: “Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb ( Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar” deyər. (Nəml, 27/82) Rəsulullah (s.ə.s) də qiyamətə yaxın dabbətul-ərzin çıxacağını, əlindəki Hz. Musanın əsası ilə möminin üzünü parıldadacağını, Hz. Süleymanın möhrü ilə də kafirin burnunu qıracağını, ətrafındakı insanların onlara baxaraq “bax bu kafir, bu da mömindir” deyə söyləyəcəklərini xəbər verməkdədir. (Əhməd b. Hənbəl, II, 164, 201)

4-Günəşin qərbdən çıxması. Bununla əlaqədar Rəsulullah( s.ə.s.) belə buyurmuşdur: “İlk olaraq çıxan qiyamət əlaməti, günəşin batdığı yerdən çıxması və duha vaxtı insanlara dəbbənin çıxmasıdır. Bu ikisindən hansı birinci çıxarsa, o birisi onun arxasınca çıxacaqdır.” (Müslim, Fitən, 118) Başqa bir hədisində isə “Günəşin qərbdən çıxmadıqca qiyamətin qopmayacağını, günəşi görüncə hamının birlikdə iman edəcəyini, lakin tövbə qapılarının bağlı olduğu üçün artıq imanlarının qəbul edilməyəcəyini” bildirmişdir. ( Buxari, Fitən,25; Müslim, İman, 72)

  1. Yəcuc və Məcuc. Yer üzündə bu iki qəbilənin çıxaraq fitnə-fəsad törətmələri Qurani Kərimdə belə ifadə edilir: “Nəhayət, Yəcuc- Məcuc (səddinin) açılıb onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman doğru vəd (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla öz-özümüzə zülm etmişik)” deyərlər.
  2. Hz. İsanın göydən enməsi. Bu mövzuda Rəsulullah (s.ə.s.) dan belə bir hədis rəvayət edilir: “Həyatımı əlində tutan Allaha and olsun ki, yaxında Məryəm oğlu İsa aranıza adil bir hakim olaraq gələcək, xaçı qıraraq donuzu öldürəcək, vergiyi aradan götürəcək, bu sayədə mal bolluğu yaşanacaqdır. Hətta bir səcdə dünya və dünyada olanlardan daha xeyirli olacaqdır.” (Buxari, Cadu. 102; Müslim, İman, 54).
  3. Biri qərbdə;
  4. Biri şərqdə;
  5. Biri də Ərəb yarımadasında olmaqla dünyada üç yerin batması.
  6. Hicaz (və ya Yəmən) tərəfindən böyük bir alovun çıxması və hər tərəfi aydınlatmasıdır.

Nəticə olaraq Allah Təala qiyamət saatının gizli qalacağını, yalnız bəzi əlamətlərlə onun yaxınlaşdığını bəndələrinə bildirməklə qiyamətə hazır olmalarını istəmişdir. Belə ki. Rəsulullah (s.ə.s.) dan bir nəfər:

-“Qiyamət nə zamandır? deyə soruşduğunda O, suala sualla qarşılıq verərək:

– “Qiyamət üçün nə hazırladın? şəklində cavab vermişdir

Deməli, bir möminin üzərinə düşən əsil vəzifə qiyamətin zamanı və saatını araşdırmaq deyil, onun hər an qopa biləcəyi düşüncəsi ilə axirət həyatına hazırlıq görməkdir.

Allah Təala bütün bəndələrini sıratı mustəqimdən ayırmayaraq o günün dəhşətindən qorusun! AMİN.

Samirə Mahmudova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SSENARİNİ DƏYİŞ!

Hər birimiz beynimizdə öz həyatımızı rəngləndirmək üçün müxtəlif planlar qururuq. Xəyal etdiklərimiz sadəcə bu gün edəcəklərimizlə bağlı olmur, bəzən on...

Bağla