QIZIL ALQI-SATQISINDA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

0

İslam hüququnda qızıl, gümüş, pul və ya hər hansı bir valyutanın bir-biri ilə mübadiləsinə “sərf əqdi” deyilir. Zəmanəmizdə sözügedən sahə ilə məşğul olan sahibkarlar və ya valyuta dəyişən məntəqələr məhz bu alqı-satqı növünə daxildir.

Qızıl, gümüş və valyuta mübadiləsində faizə – sələmçiliyə yol verməmək üçün aşağıdakı şərtlərə əməl edilməlidir:

  1. Əvəzlər nağd olmalıdır:

Sərf müqaviləsinin bağlandığı yerdə tərəflər hər iki əvəzi bir-birinə nağd verməlidir. Əks təqdirdə keçən müddətə görə Həzrət Peyğəmbərin (s.ə.s) qadağadan etdiyi “ribən-nəsiə/nisyədən irəli gələn faiz” meydana gələr. Belə ki, bir hədisi-şərifində Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Qızıl qızılla bərabər miqdarda və nağd, gümüş gümüşlə bərabər miqdarda və nağd mübadilə edilməlidir…”. (Buxari, “Büyu”, 78; Müslim, “Müsaqat”, 81) Başqa bir hədisi-şərifdə isə belə buyurulur: “Qızıl və gümüşdən nağd olmayanı nağd olan müqabilində satmayın”. (Buxari, “Büyu”, 78; Müslim, “Müsaqat”, 75)

  1. Əgər növlər eynidirsə, bərabər miqdarda mübadilə edilməlidir:

Qızıl qızılla, gümüş gümüşlə və valyuta bir-biri ilə bərabər miqdarda dəyişdirilməlidir. Əks təqdirdə keçən müddətə görə Həzrət Peyğəmbərin (s.ə.s) qadağadan etdiyi “ribəl-fədl/artıqlıq faizi” meydana gələr. Çünki yuxarıda qeyd edilən hidisi-şərifdə növlər eyni olarsa, mübadilənin “bərabər miqdarda və ya sayda” edilməli olduğu tələb edilmişdir. Bununla bağlı başqa bir hadisdə də belədir ki, Xeybərin fəthindən sonra qənimətlərdən qızıl və muncuq düzülmüş bir boyunbağı qızıl pul olan dinarla satılmaq istəndikdə Həzrət Peyğəmbər (s.ə.s) boyunbağındakı qızılların çıxarılmasını əmr edib belə buyurmuşdur: “Qızıl qızıl müqabilində ölçü ilə olmalıdır”. (Müslim, “Müsaqat”, 17) Odur ki, bu kimi hallarda birisi pul ilə satılmalı və bununla digəri satın alınmalıdır. Həmçinin qızıl qızıl ilə, yaxud gümüş gümüş ilə mübadilə edilkidə bərabər miqdarda və nağd olaraq satılmalıdır.

  1. Şərt müxəyyərliyi irəli sürülməməlidir:

Sərf müqaviləsində iki tərəfin və ya bir tərəfin “şərt müxəyyərliyi” (tərəflərdən birinə, yaxud hər ikisinə tanınan və müəyyən bir müddət içərisində müqaviləni ləğv etmə, ya da tam qərar vermə səlahiyyəti verən şərt) irəli sürməsi caiz deyildir. Çünki sərf əqdində qarşılıqlı təhvil almaq, nağd olmaq şərt olduğu üçün belə bir seçim hüququnun mövcudluğu mülkiyyətin keçməsinə əngəl təşkil edir və bunun nəticəsində satış fasid, yəni etibarsız olur. Bundan əlavə, “görmə müxəyyərliyi”nin (görmədən sifariş verilən bir malı təhvil alanda, onun sifariş edilən xüsusiyyətlərə müvafiq olub-olmadığına baxmaq və uyğun olmadığı təqdirdə müqaviləni pozma hüququna malik olma şərti) və “qüsur müxəyyərliyi”nin (satılan bir malda qüsur olarsa, satın alanın müqaviləni ləğv etmə ilə bağlı hüquqa malik olması şərti) bir sərf əqdində mövcudluğunda isə hər hansı bir qəbahət yoxdur. Çünki bunlar mülkiyyətin qarşı tərəfə keçməsinə əngəl deyil.

  1. Nisyə satış olmamalıdır:

Sərf əqdində hər iki tərəf və ya tərəflərdən biri üçün nisyə məsələsi olmamalıdır. Əks təqdirdə müqavilə etibarsız olar. Çünki nisyə məsələsi olarsa, Həzrət Peyğəmbərin (s.ə.s) nağd olmaqla bağlı əmrinə zidd hərəkət edilmiş olar. Qeyd olunan son iki şərt əvəzlərin nağd ödənməli olduğu prinsipinin təbii nəticəsidir.

Odur ki, sərf əqdində mübadilə bir mənalı olaraq nağd aparılmalıdır. Yəni bunların alqı-satqısı mütləq nağd edilməlidir. Əks təqdirdə, yəni əvəzlərdən hər hansı biri nisyə olarsa, bu mübadilə faizli alış-verişə çevrilər. Belə olan təqdirdə qızılın nisyə satılması heç bir halda caiz deyildir. Hətta nisyə ilə nağd qiyməti arasında heç bir fərq olmasa da, yenə də qızılın və valyutanın nisyə satışı caiz deyil. Bundan əlavə, qeyd edək ki, əgər müştəri qızıl və ya gümüşü bank kartı ilə satın alar və satın alan zaman bank kartla ödənilən məbləği həmin anda satıcının hesabına köçürərsə, edilən alış-veriş səhih olar və nisyə faizi meydana gəlməz. Əks təqdirdə yuxarıda qeyd edilən nağd şərtinə riayət edilmədiyi üçün, yəni qızılın pul ilə nisyə satışı olduğu üçün caiz olmaz. Vurğulamaq lazımdır ki, hər bir halda qızıl və valyuta alqı-satqısı nağd edilməli və müsəlman imkan daxilində şübhəli hallardan uzaq durmalıdır.

f.f.d Anar Qurbanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏLİ NAZİR İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ SƏFƏR EDƏCƏK

Mayın 31-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfərə gələcək. “Report”un əldə etdiyi məlumata görə, türkiyəli nazir...

Bağla