Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başlayıb.
QMİ-dən verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin yeni layihəsi olan 114 TV Ramazan ayının 1-dən etibarən fəaliyyətə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə yeni kanala xeyir-dua verib: “Bu televiziyaya xeyir-duamı verirəm. 114 adı da Allah-Təalanın bizə Ramazan ayında göndərdiyi Qurani-Şərifin 114 surəsini ehtiva edir. İnanıram ki, bu televiziyada bizim din xadimlərimiz, qazılarımız, imamlarımız, dindarlarımız yaxından iştirak edəcək, insanlara, dindarlara dini tam düzgün şəkildə çatdırmağa kömək edəcək. Mən burada işləyənlərə, əziyyət çəkənlərə, aparıcılara, hamısına təşəkkürümü bildirirəm. Həm də orada iştirakçılara, çıxış edənlərə, moizə edənlərə də qabaqcadan təşəkkürümü bildirirəm”.
QMİ-nin əməkdaşı Rauf Sərdarov açıqlamasında bildirib ki, internet televiziya kanalında hər gün iftardan yarım saat öncə veriliş efirə gedəcək: “Ancaq Ramazan ayından sonra da fəaliyyətimiz davam edəcək, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti, eyni zamanda dini maarifləndirmə ilə bağlı verilişlər yayımlanacaq”.