QMİ SƏDRİ ASTANADA TÜRKİYƏ DİYANƏT İŞLƏRİ BAŞKANI ALİ ERBAŞ İLƏ GÖRÜŞÜB

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşündə iştirak edib.

Qazaxıstanda baş tutan Şuranın beşinci iclasında çıxış edən Şeyxülislam A.Paşazadə TDT ölkələrinin liderlərinin Zirvə görüşlərinin ardınca baş tutan TDT dövlətlərinin dini liderlərinin Astana görüşlərinin əhəmiyyətinə toxunub, görülən işlər barədə danışıb.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri Baş Müfti Nuriddin Xoliknazarov, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Əbdüləziz Zakirov və Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Mirvohid Əzimov iştirak etmişlər.

Şeyxülislam A.Paşazadə “Xoca Əhməd Yəsəvi irsi və təsəvvüf elmi” mövzusunda konfransda iştirak və çıxış edib. Bildirib ki, «Türk-İslam birliyinin özəl gücü bizlərin ümumi mənəvi dəyərlər xəzinəsi olan müqəddəs dinimiz İslam, onun buyurduqlarıdır. TDT Müsəlman dini liderlərinin vəzifəsi mənəvi birliyimizin qorunması və inkişaf etdirilməsindən ibarətdir. Bu müstəvidə türk-islam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliği böyük önəm kəsb edir. Ölkələrimiz və xalqlarımızın birliyinin təməlində duran müqəddəs dəyərlər var olduqca qardaşlığımız daima davam və inkişaf edəcəkdir». Həmçinin, qeyd edib ki, dinimizdən, adət-ənənələrimizdən qidalanan milli kimliyimizi qorumaq mənəvi vəzifəmizdir və xalqlarımızın, dövlətlərimizin tərəqqi və rifahına xidmət edir. 

Astana görüşündə «İslam cəmiyyətin ənənələrini dəstəkləyir» və «Fətvaların verilməsi üzrə Fiqh məktəbi» adlı sənəd qəbul olunub.

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı ilə səmimi şəraitdə keçən görüşdə iki qardaş ölkə arasında dini-mənəvi sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Qazaxıstan Respublikası Parlament Senatının sədri Maulen Aşimbayevlə görüşən Şeyxülislam A.Paşazadə  Şeyxülislam A.Paşazadə xüsusi vurğulayıb ki, Qazaxıstan qlobal dinlərarası dialoq müstəvisində özəl yeri olan Dünya və ənənəvi din liderlərinin Qurultayları kimi iki onillikdən artıq tarixə malik ideyanın müəllifidir.  Bildirib ki, Azərbaycan Bakı Prosesi, Sivilizasiyalararası dialoq prosesinə töhfə verən qlobal təşəbbüslərilə dinlərarası əməkdaşlıq müstəvisində öndə gedir. Milli və mənəvi dəyərlərinə sadiq, dünyəvi, nümunəvi dövlət modellərinə malik Azərbaycan və Qazaxıstanın müdrik, qlobal dövlətçilik təfəkkürlü liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyev cənablarının və Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev cənablarının bu işdə müstəsna rolları vardır.

Azad Qarabağda – Füzulidə Qazaxıstanın inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin nəfis və möhtəşəm binasının qazax xalqının qardaş hədiyyəsi olaraq Azərbaycan xalqı üçün olduqca əziz olduğunu vurğulayan Şeyxülislam A.Paşazadə, qardaş Azərbaycan və Qazaxıstan arasında tarixən formalaşmış, İslam həmrəyliyi, türk birliyi çağırışı ilə yeni mərhələyə daxil olmuş münasibətlərin daha da inkişafını zəruri kimi dəyərləndirmişdir.

Astana Qurultayları Katibliyinin üzvü olan Şeyxülislam A.Paşazadə növbəti Qurultayın və Katibliyin qarşıdakı iclasının hər zamankı kimi məhsuldar keçəcəyinə əminliyini ifadə edib, Qurultay Katibliyinin sədri cənab M. Aşinbayevə uğurlar diləyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin ikinci filialı fəaliyyətə başlayıb

Oktyabrın 7-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda açılış mərasimi keçirilib. Açılış mərasimində Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Prof....

Bağla