Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Braziliyada səfərdədir. Braziliyanın paytaxtı Brasilia şəhərində 19-22 avqust tarixlərində keçirilən G20 Dinlərarası Forumunda iştirak edən Şeyxülislam A.Paşazadə Forum Assosiasiyasının prezidenti Kol Durhamla görüşmüşdür. Səmimi dialoq zamanı dini liderlərin siyasi xadimlər və hökümətlərlə əməkdaşlığa cəlb edilməsinin olduqca mühüm olduğu və səmərəli şəkildə davam etdiyindən məmnunluq ifadə olunmuşdur. G 20 Braziliya zirvəsinin əsas mövzularının qida təhlükəsizliyi, ətraf mühitin qorunması, sülh quruculuğu, kasıb ölkələrlə zəngin dövlətlər arasında münasibətlər, insan trafiki və müasir quldarlıq olduğu diqqətə çatdırılaraq, dini liderlərin bu mövzulara dair mənəvi dəyərləndirməsinin zəruri olması fikri vurğulanmışdır.
Forumun kuluarlarında Şeyxülislam A. Paşazadə Özbəkistan Respublikası Prezidentinin müşaviri Müzəffər Kamilov, KAlCllD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq mərkəzinin Baş Katibi Züheyr əl Harisi, ABŞ-dakı İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin Yetmişlər Kvorumunun üzvü ağsaqqal Ahmed Salem Korbitt və başqaları ilə görüşmüş, Forumun mövzuları ətrafında fikir mübadiləsi aparmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Heç kimi unutmayaq: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçirilən bu ilki forumda dini müstəvidə qlobal debatda çıxış etmişdir. Braziliyanın G 20-də sədrliyi çərçivəsində Dinlərarası Foruma dəvətə görə minnətdarlığını ifadə edən A. Paşazadə Brasilia Forumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını və xalqımızın ən xoş arzularını çatdırmışdır.
QMİ sədri A. Paşazadə vurğulamışdır ki, ümumi evimiz olan Yer kürəsində insan həyatına olan təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması qlobal zərurətdir. Bildirmişdir ki, beynəlxalq sabitliyə təhdid olan ksenofoboya təzahürləri, etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri dünya ictimaiyyəti tərəfindən qətiyyətlə qınanmalıdır. Müasir dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların yararsız hala salınması səbəbindən yaşanan qıtlıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi kimi bəşəriyyəti təhdid edən problemlərə toxunan A. Paşazadə Brasilia Forumunun sülh və əmin-amanlığı tərənnüm etməsini, münaqişələrə, bərabərsizliyə son qoymağa çağırmasını, bəşəri narahat edən aclıq, yoxsulluq, ərzaq təhlükəsizliyi, ətraf mühit, dini etiqad azadlığının, uşaq, qadın və gənclərin hüquqlarının qorunması kimi mühüm problemlərə diqqət ayırmasını təqdir etmişdir. Şeyxülislam A.Paşazadə bütün dünya və ənənəvi dinlərin bəşərə ətraf mühitə mərhəmət, ehtiram ruhunu təlqin etdiyini və əks təqdirdə, yaşanacaq fəlakət, böhran və imtahanlardan xəbərdar etdiyini diqqətə çatdıraraq, sürətlə silahlanmanın Yer üzündə hərb ritorikasını gücləndirdiyi, nüvə təhdidlərinin artmaqda olduğu müasir dövrdə sülh istiqamətində səyləri daha da artırmağa, bəşərin təhlükəsizliyi, mövcudluğunun qorunması yönündə real nəticələr naminə davamlı, birgə fəaliyyət göstərməyin hər zamankından daha artıq zəruri olduğuna vurğu etmişdir. Şeyxülislam A.Paşazadə Forum iştirakçılarının diqqətinə çatdırmışdır ki, ekoloji böhran, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması bu ilin noyabrında Bakıda COP 29 BMT tədbirində müzakirə ediləcəkdir və bu Forum çərçivəsində iqlim problemlərinin mənəvi dəyərləndirilməsində dini liderlər yaxından iştirak edəcəklər.
Şeyxülislam A.Paşazadə Forum iştirakçılarının diqqətinə çatdırmışdır ki, beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin məlum qətnamələrini yerinə yetirərək işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş Qarabağda dinc quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə səy göstərir.
Braziliya dövlətinin Böyük İyirmilik Zirvəsinə və COP 30-a evsahibliyi etmək şərəfinə layiq olmasını kimi dəyərləndirən Şeyxülislam A.Paşazadə, BMT-nin COP sessiyalarına sədrlik edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın davamlı əməkdaşlıq platformasında – COP sədrləri üçlüyündə bir araya gəlməsini böyük əhəmiyyət kəsb edən hadisə olaraq səciyyələndirmişdir.