Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şeyxülislam A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısını keçirəcək. Şuranın budəfəki toplantısı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubiley ilə əlaqədar keçirilir.
Şuranın iclasında, həmçinin bir sıra məsələlərin, o cümlədən Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımların müzakirəsi nəzərdə tutulur. Şuranın Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə QXADŞ sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edəcək.
Çerkesskə səfər çərçivəsində QMİ sədrinin respublika rəhbərliyi, din xadimləri və Qaraçay-Çərkəzdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri nəzərdə tutulur.