Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Şeyxülislam A.Paşazadənin sədrliyi ilə baş tutan “Pandemiya dövründə Qafqazın dini təşkilatlarının fəaliyyəti” mövzusunda Konfransda ölkəmizdəki dini konfessiya başçıları da iştirak ediblər.
Şeyxülislam A.Paşazadə videokonfransda çıxış edərək iştirakçıları salamlayıb. Dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insanı təhdid edən COVID-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü genişmiqyaslı işlərdən bəhs edib. Şeyxülislam A.Paşazadə Azərbaycan Prezidentinin ölkə daxilində həyata keçirdiyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışıb, həmçinin dövlətimizin 30-dan çox ölkəyə humanitar yardımlar göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğulayıb. BMT Baş Assambleyasının pandemiyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib. Şeyxülislam A. Paşazadə xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə pandemiya ilə əlaqədar ölkə daxilində və onun xaricində çoxsaylı humanitar yardım və xeyriyyəçilik aksiyaları keçirilməkdədir.
Şeyxülislam A.Paşazadə dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsinin geniş beynəlxalq əlaqələrini pandemiya dövrünə baxmayaraq, davam etdirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. QMİ sədri ümumbəşəri həmrəyliyə çağırışlarını iştirak etdiyi bütün beynəlxalq platformalarda bəyan etdiyini söyləyib. QMİ sədri bildirib ki, indiki çətin dövrdə bəşəri həmrəyliyə, o cümlədən humanizm nümayiş etdirərək, ehtiyacı olanlara dəstək vermək, insanların imanını möhkəmləndirmək və onların gələcəyə ümidini artırmaq dini liderlərin ümdə vəzifələrindəndir.
A.Paşazadə Qafqaz Müftilərindən təmsil etdikləri Rusiya Federasiyasının subyekt rəhbərlərinə qardaş salamlarını və ən xoş arzularını yetirməyi xahiş edib. O xüsusi vurğulayıb ki, Qafqaz xalqları arasında xoş münasibətlər olduqca dəyərli tarixi ənənədir. Bununla bağlı, QMİ sədri postsovet məkanında millətlərarası qarşıdurmanın, separatçılığın bünövrəsini qoymuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini xatırladıb. Bildirib ki, əzəli Azərbaycan torpaqlarının işğalı davam edir və çox təəssüflər olsun ki, qlobal pandemiya şəraitində Ermənistan tərəfindən Azərbaycanla sərhəd bölgəsində yeni təxribatlar törədilərək, atəşkəs rejimi pozulmuş, ərazilərimiz yenidən təcavüzə məruz qalmış, zabit və əsgərlərimiz, o cümlədən dinc əhali arasında tələfatlarımız mövcuddur. QMİ sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, bu münaqişə ocağı 30 ildən artıqdır bütün Qafqaz bölgəsi üçün gərginlik mənbəyidir və regionda sülh və sabitliyə təhlükə törədir. Qafqaz müftilərinə və ölkəmizdəki dini konfessiya rəhbərlərinə hər zaman haqqın yanında olaraq, münaqişənin ədalətli sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduqlarına görə minnətdarlığını bildirib.
Şeyxülislam sərhədlərimizdəki erməni təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək vermək çağırışını bəyan edib və bu əsnada, Roma Papası Fransiskin münaqişə ilə bağlı bölüşdüyü narahatlığa görə təşəkkürünü bildirib.
Azərbaycan Prezidentinin Qafqazın din xadimlərinə hörmət və ehtiramını xüsusi qeyd edən Şeyxülislam dövlətimizin başçısının salamlarını və İslam dünyasının qarşıdan gələn mübarək Eyd Əl-Adha – Qurban bayramı münasibətilə təbriklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda QMİ sədri Ulu Yaradanın köməyi ilə dünyamızın xəstəlik və bəlalardan qurtulması üçün dualar edib.
Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri konfransda çıxış ediblər. Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev, Dağıstan Müftisi Əhməd Abdullayev, Kabardin-Balkar Müftisi Həzrətəli Dzasejev, Çeçenistan Muftisi Salax Mejiyev, Şimali Osetiya Müftisi Hacımurat Qatsalov, Stavrapol diyarının Müftisi Məhəmməd Raximov, Adığey və Krasnodar Müftisi Askarbiy Kardanov, Kalmıkiya Müftisi Soltanəhməd Karalayev, habelə QMİ-nin Rusiya Federasiyasındakı nümayəndəsi Müfti Şafiq Pşixaçev öz çıxışlarında pandemiya dövrünün çətinliklərini yaşadığımız hazırki zamanda belə qardaşlıq görüşlərinin keçirilməsini xüsusi dəyərləndiriblər və belə görüşlərin mütəmadi keçirilməsinə ehtiyac olduğunu vurğulayıblar. Qafqazın din xadimləri Şeyxülislam Allahşükür Paşazadəni bir araya gəlmələrinin səbəbkarı adlandırıblar və onun mənəvi ağsaqqallığından bəhrələndiklərini bildiriblər. Qafqaz xalqlarının hər zaman birlikdə olduqlarını, mənəvi əlaqələrinin güclü olduğunu vurğulayan müftilər Azərbaycan-Ermənistan sərhədində baş vermiş son təxribat hadisələrindən olduqca narahat olduqlarını dilə gətiriblər. Həlak olmuş Azərbaycan hərbçiləri və mülki şəxs ilə bağlı səmimi başsağlıqlarını Azərbaycan Prezidentinə və bütün Azərbaycan xalqına yetirməyi Şeyxülislam A.Paşazadədən rica ediblər, həlak olanlar üçün Allahdan rəhmət diləyiblər. Müftilər ədalət bərpa olunmayana kimi qan tökülməsi ehtimalından olduqca narahat olduqlarını vurğulayıblar. Bununla bağlı müftilər Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər, Rusiya Federasiyasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə yardımçı olduğunu, danışıqlarda vasitəçilik missiyasını xatırladıblar. Qafqaz müftiləri, öz növbələrində, münaqişənin sülh yolu ilə həllinə öz töhfələrini verməyə, sülhməramlı vasitəçiliyə hazır olduqlarını ifadə ediblər.
Bütün çıxış edən müftilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik məktəbinin davamçısı olan Prezident İlham Əliyevin bu mürəkkəb dönəmdə baş verən təxribatın qarşısının alınması zamanı nümayiş etdirdiyi əsl Qafqaz müdrikliyini, siyasi lider təmkinini və ənənəvi uzaqgörənliyini xüsusi vurğulayıblar və bunu təqdir ediblər. Bildiriblər ki, Azərbaycanın güclü Ordusu və vətənpərvər hərbçiləri vardır. Din xadimləri olaraq, sülhün bərqərarı və ədalətin qələbəsi üçün dualar etdiklərini bildirən müftilər Azərbaycanın dövlət başçısına səmimi salamlarını və xeyir diləklərini yetiriblər. Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyev bütün müftilər adından bəyan edib ki, Azərbaycan Prezidentinin bu yolu böyük qələbəyə gətirəcək və onlar bu yolda Azərbaycan liderini dəstəkləyirlər.
Videokonfransda çıxış edən dini konfessiya rəhbərləri – Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçısı Robert Mobili Qafqaz xalqlarının bir-birini dəstəkləməsinin mühümlüyünü ifadə edib, bununla bölgədə ənənəvi dəyərlərə istinadən sülhə nail olmağın, problemlərin öhdəsindən gəlinməsinin mümkünlüyünü ifadə ediblər. Konfessiya rəhbərləri sərhədimizdə baş verən son erməni təxribatları ilə bağlı vurğulayıblar ki, bölgədə sülh və sabitliyin təmini yönündə Azərbaycan dövlətinin atdığı addımları təqdir edirlər və ədalətli sülhün bərqərar olması üçün dualar edirlər.
Videokonfrans Qafqazın din xadimlərinin birgə duaları ilə başa çatıb.