Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Mərakeşə yola düşür. Səfərdən məqsəd 22-23 noyabr 2022-ci il tarixlərində Mərakeş Krallığının Fəs şəhərində keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda iştirak etməkdir.
BMT Sivilizasiyalar Alyansının, Mərakeş Krallığının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmtəşkilatçılığı ilə keçirilən Fəs Qlobal Forumunun mövzusu “Sülh Alyansına Doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq”dır. Birləşmiş Millətlər Təşkilatının Baş katibinin, Mərakeş Kralı VI Məhəmmədin iştirak edəcəkləri foruma dəvət alan QMİ sədri Şeyxülislam A. Paşazadə tədbirin nüfuzlu dövlət xadimlərinin yer aldığı ilk hissəsi – «Müdriklərin səsi» bölümündə çıxış edəcəkdir.
Dünyanın tanınmış siyasi, elm, din və ictimaiyyət xadimlərinin iştirak edəcəkləri forumda qlobal kontekstdə aktual əhəmiyyət kəsb edən bir çox mövzuların, o cümlədən, zorakı ekstremizm, terrorizm, nifrət çağırışları, dini liderlərin, qadınların və gənclərin rolu, təhsil, qlobal vətəndaşlıq, çoxtərəflilik və b. məsələlər barədə fikir mübadiləsi nəzərdə tutulur. Forum iştirakçıları qarşılıqlı hörmət, bir-birini qəbul etmə, birgəyaşayış, dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa əsaslanan, sülh, birlik və həmrəyliyə aparan yolları müzakirə edəcəklər.
Şeyxülislam A.Paşazadənin Forum çərçivəsində tədbirlərdə iştirakı və nüfuzlu tədbir iştirakçıları ilə görüşləri nəzərdə tutulur.