Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə fevralın 7-də Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşür. Səfər Müsəlman Ağsaqqallar Şurasının baş katibi Məhəmməd Əbdüssalamın dəvəti ilə həyata keçiriləcək.
QMİ sədri həmin ölkənin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək Müsəlman Ağsaqqallar Şurasının 17-ci iclasında iştirak edəcək. Şeyxülislam Allahşükür Paşazadə üzv olduğu bu nüfuzlu qurumun iclasında çıxış edərək hazırda İslam dünyasını narahat edən aktual məsələlər, müsəlman dini liderlərin bu problemlərin həlli istiqamətində rolu barədə fikirlərini bölüşəcək.
Toplantıda bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu konfransında (COP-29) Müsəlman Ağsaqqallar Şurasının yaxından iştirakı məsələsi də müzakirə ediləcək.
Səfər çərçivəsində QMİ sədrinin təşkilatın müxtəlif ölkələri təmsil edən üzvləri ilə görüşləri də planlaşdırılır.