QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdüssalam ilə görüşüb

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə səfərdə olduğu Qazaxıstan Respublikasında oktyabrın 10-da bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində QMİ sədri Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi cənab Məhəmməd Əbdüssalam ilə görüşüb. Görüşün əvvəlində Şeyxülislam A. Paşazadə Yaxın Şərqdə baş verən faciəvi hadisələrin və misli görülməmiş qarşıdurmanın daha da böyük fəlakətlərə səbəb ola biləcəyi ilə bağlı öz dərin narahatlığını ifadə edib. Şeyxülislamın narahatlığını bölüşən cənab Məhəmməd Əbdüssalam təəssüflə qeyd edib ki, beynəlxalq aləmdə uzun illər davam edən ərəb-İsrail qarşıdurmasının həlli üçün hələ də həqiqi və ciddi istək müşahidə olunmur.

Daha sonra QMİ sədri A. Paşazadə Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa olunması barədə cənab Əbdüssəlama məlumat verib. Baş Katib bu tarixi hadisə münasibətilə öz təbriklərini dilə gətirib və antiterror əməliyyatı zamanı Azərbaycan tərəfindən yerli əhaliyə qarşı heç bir zorakılıq halının qeydə alınmadığını xüsusilə vurğuladı. Bununla belə qeyd olunub ki, bəzi ölkələr və siyasi dairələr yenə də məsələyə ikili standartlarla yanaşaraq bu aşkar faktı görmür və ya görmək istəmir.

Tərəflər Müsəlman Ağsaqqalları Şurasının beynəlxalq aləmdə artan nüfuzunu və Birləşmiş Millətlər Təşkilatı başda olmaqla müxtəlif beynəlxalq strukturlarla fəal əməkdaşlığını məmnunluqla vurğulayıblar.

Məhəmməd Əbdüsalam Abu-Dabidə keçiriləcək BMT Ətraf Mühitin Mühafizəsi üzrə 28-ci Konfransında iştirak etməyə razılıq verdiyinə görə QMİ sədrinə öz təşəkkürünü bildirib və bu forumun tarixində ilk dəfə olaraq Müsəlman Ağsaqqalları Şurasının rəhbərliyi ilə dini platformanın yaradılmasının planlaşdırıldığını qeyd edib. Baş Katib Qafqaz Müsəlmanları İdarəsinin sədrinə Cənub-Şərq Asiya ölkələrinə səfərləri, bu ölkələrdə dinlərarası forumların hazırlanması və təşkili barədə məlumat verib.

Şeyxülislam A. Paşazadə bu təşəbbüsləri bəyəndiyini və onlara verdiyi tam dəstəyini ifadə edərək, Müsəlman Ağsaqqalları Şurası rəhbərliyinin qeyd olunan tədbirlərin keçirilməsi ideyasını yüksək qiymətləndirdi. Tərəflər Ümumdünya Fətva evləri və qurumları Baş Katibliyinin konfransında iştirak etmək üçün Şeyxülislamın gələn həftə Qahirəyə gözlənilən səfərinə toxunaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Əl-Əzhər şeyxi arasında görüşün təşkili imkanlarını müzakirə etdilər.

Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və sədr müavini Rəşad Əliyarlı iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ sədri: “Dini simvolların və ziyarətgahların təhqir olunmasına etiraz etmək lazımdır”

Bəzi Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan Quranın təkrar-təkrar yandırılması tendensiyası çox ağır cinayətdir. “Report”un Astanaya ezam olunmuş müxbirinin məlumatına...

Bağla