QOHUMLUQ  ƏLAQƏLƏRİ CƏMİYYƏTİ AİLƏYƏ ÇEVİRİR

0

Çox bağlı qapılar açıldı, çox açıq qapılar da bağlandı. Yenilənən, gündən-günə dəyişən bu dünyanın içində biz də qloballaşmaya, qloballaşmağa gedirik.

Gedə-gedə də nəyisə qazanır, nəyisə itiririk. Ailəmizin nizamı dəyişir, şəkli, ölçüsü başqalaşır. Bir zamanlar ailədə ən azı 5-6, bəzən 10-dan çox uşaq böyüyərdi, indi ən çox ikisi ilə kifayətlənirik. Rahatlıq istəyirik çünki, “azın qayğısı da az olur” deyirik. Amma əmisiz, dayısız, xalasız, bibisiz nəsillər böyüdürük. Onlar bir tərəfə qalsın, əksər ailələrdə tək uşaq böyüyür- bacısız, qardaşsız. Bu təkliyin o uşaq üçün nə qədər böyük məhrumiyyətlər olduğunu isə düşünmürük. Düşünmürük ki, hər bir tək uşağın tənhalıq qorxusu var.

Hər kəs qohumuna baxsa…

Əgər ciddi araşdırsan, məlum olar ki, hər kasıbın, hər imkansızın müəyyən qədər imkanlı qohumları var. Demək, problem sərvət məsələsində deyil, münasibətlərdədir. Hələ qədimdən ölkəmizdə belə bir ənənə mövcud olub ki, hər el, oba, oymaq öz kasıbına, yetiminə, xəstəsinə, imkansızına sahib çıxıb. Əgər, həqiqətən də, hər kəs öz qohumunu itirib-axtarsa, ona kömək dursa, cəmiyyətdə dərmansız, çörəksiz, evsiz-eşiksiz adam qalmaz. İslam təməl prinsiplərindən olan zəkat məsələsində də qohumluq məsələsinə üstünlük verilir. Cəmiyyətdə yardımlaşma, xeyirxahlıq duyğusu məhz yaxın qohumlara köməklik etmək yolu ilə başlar və getdikcə daha da genişlənər və hər kəsi əhatə edər. Əlbəttə, tanıdığın, bildiyin yaxın bir qohuma əl tutmaq tanımadığın, ilk dəfə gördüyün birinə köməklik göstərməkdən daha asandır. Ona görə də bu cür məsələlər uzaqdan yaxına doğru deyil, yaxından uzağa doğru inkişaf edəndə daha səmərəli və faydalı olur.

Ata-ana qohum deyil

Övlad öz valideyninə nə qədər yaxşılıq etsə, kömək dursa, yenə onların borcundan çıxmış sayılmaz. Daha doğrusu, valideyn borcu bir ömür boyunca ödənməsi mümkün olmayan bir yükdür. Nə qədər fədakarlıq göstərsən, bütün sərvətini onların ayaqları altına səpsən, kifayət etməz. Allahın rəğbəti valideynin rəğbəti, Allahın qəzəbi valideynin qəzəbi ilə birlikdədir. Ona görə də valideynləri qohumlarla eyni cərgəyə qoymaq heç bir qanuna, ədalətə uyğun deyil. Yeri gəlmişkən, bir həqiqəti də xatırlatmaq yerinə düşərdi ki, dinimizə görə, zəkat veriləsi şəxslər arasında ata, ana, baba, nənə, övlad, nəvə yer almır. Bilirsinizmi niyə? – Çünki bu saydıqlarımız bir nəsil xəttidir və bu xəttə hər kəs bir-birinə doğmadır. Doğma olduğu üçün də imkanı yetdiyi qədər yardım etməlidir. Doğrudur, indi kimlərsə fikirləşəcək ki, insan öz övladının, nəvəsinin yükünü, qayğısını nə qədər çəkməlidir axı? Haqlı iraddır, amma gəlin etiraf edək: hansımız onlar üçün hansısa fədakarlıqdan qaçırıq?

Yaxın qonşu, uzaq qohum

İmkan tapdıqca qohumları ziyarət eləmək, münasibətləri hər zaman təravətli saxlamaq, qorumaq lazımdır. Son illərdə ailələrin yerdəyişməsi, bir yerdən başqa bir yerə köç etməsi tez-tez rast gəlinən mənzərələrdir. Bir ocaqdan çıxmış gənclər ölkənin müxtəlif guşələrinə yayılırlar, hərəsi bir işin qulpundan yapışıb yeni mühitə öyrəşir, ata-baba yurdundan, yaxın qohumlarından tədricən soyuyur. Yeni insanlarla qaynayıb-qarışır, hər işini, hər problemini onlarla həll etməyə çalışır. Belə olan halda, əski qohumlarla münasibətlər tamamilə kəsilir. Son dövrün ən böyük nailiyyətlərindən olan mobil telefonlar bu sahədə meydana çıxan problemləri həll etmək üçün çox uğurlu vasitədir. Qonşu nə qədər yaxın olsa da, qohum qohumdur, onu heç nəyə dəyişmək olmaz. Zəng eləmək, internet üzərindən əlaqə saxlamaqla o tellərin qopmamasını təmin etmək üçün bu gün hər cür imkan var, yetər ki, onları qorumağa çalışasan.

İki sərnişin yan-yana

Bir tanışım deyir ki, doğulduğu rayona yaxın bir qohumunun toyuna dəvət alır. Avtobusda 20-21 yaşlarında bir oğlanla qonşu düşür. Əvvəlcə, bir müddət qəzet-jurnalla başını qatır, sonra ötüb-keçdikləri yerlərə tamaşa eləyir, ondan da yorulanda qonşusu ilə ünsiyyət qurub, ordan-burdan söhbət eləmək istəyir. Məlum olur ki, hər ikisi eyni rayona, eyni kəndə gedirlər, daha sonra o da məlum olur ki, hər ikisi eyni adamın toyuna dəvətlidir. Tanışım deyir ki, birdən onun mənə yaxın olduğu ürəyimə damdı və soruşdum ki, sən kimsən, kimin oğlusan? Atasının adını deyəndə quruyub qaldım, doğmaca əmim oğlunun oğlu imiş, həm də böyük oğlu. Bilirdim ki, onun belə bir oğlu var, amma neçə illər idi ki, onların qapısını açmağı fikirləşsəm də, bu addımı atmamaq üçün hər dəfə bir bəhanə tapa bilirdim.

Sən özün hədiyyəsən

Qəribə adətlərimiz var, bir dostu, qohumu ziyarətə getmək istəsən, gərək əlində nəsə payın olsun. Haradan baxsan da bu pay 15-20 manatdan ucuza başa gəlməyəcək. Əgər evin xanımı tədbirlidirsə və yaydan tədarük etdiyi mürəbbədən, kompotdan-zaddan bir şey əlinə alsan, həm daha qənaətli, həm də daha xeyirli olacaq. Çünki mənşəyi, tərkibi məlum olmayan konfet aparmaqdansa bu kimi şeylər aparmaq daha yaxşıdır. Etiraf edək ki, əksər hallarda bu pay məsələsi düşüncələrimizdə əsl əngələ çevrilir. Yəni dostu, qohumu ziyarət haqqında düşünəndə ağlımıza, ilk növbədə, bu cür problemlər gəlir və fikrimizdən vaz keçirik. Bu məsələdə də xanımların müəyyən düsturları, “olar-olmaz”ları var. Amma mənim üçün onlar heç də əhəmiyyətli deyil. Əgər bir dost, qohum, həqiqətən də, səni görmək, hal-əhval tutmaq, üz-üzə oturub bir stəkan çay içmək istəyirsə, əla! Amma gələn bir xərclə gələn, ev sahibi də gələni görən kimi gündəlik ritmini dəyişib, xüsusi xərclə süfrə açırsa, bütün bunlar qarşılıqlı itkidən başqa bir şey deyil. Atalarımızın gözəl bir sözü var: “Dost məni yad eləsin bir çürük qoz ilə”.

Gələndə səmimiyyətinlə gəl, ürəyinlə gəl, dualarınla gəl! Bu gəliş özü hədiyyədir.

Allahın əmri

Qohumluq əlaqələrini qoruyub saxlamaq, xoş günlərdə, ağır anlarda bir-birinə dəstək olmaq Allahımızın bizlərdən istəyidir. Sədəqə verəndə də ən doğru olan budur ki, yaxın ətrafımızdan başlayaq. Qohumluq münasibətlərinin gücləndirilməsi, nəsildən-nəslə ötürülməsi gözəl ənənədir. Amma bir həqiqəti nəzərdən qaçırmayaq ki, ədalət hər şeyin üzərindədir, yəni filankəs bizim qohumumuzdur deyə onun tərəfini tutmaq, layiq olmadıqlarını ona vermək ədalət olmur, zülm olur.

Əgər cəmiyyətdə bütün imkanlılar öz qohumlarını itirib-axtarsalar, əmin olun ki, əksər problemlər həll olub gedər. Qohumluq tellərinin güclənməsi cəmiyyəti ailə halına gətirir, insanlar arasında səmimiyyəti artırır.

 Mənbə: saglamolun.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏVVAL ORUCU

Bir Ramazanı daha oruclarla, təravehlərlə, Quranla, Qədir gecəsiylə, sahur və səhərlərlə dolu-dolu yaşadıq. Bu ayın mənəvi havasını həytımızın bütün anlarında...

Bağla