Peyğəmbər (s.ə.s) qohumların bir-biri üzərində ziyarət, yardımlaşma və dəstək kimi haqlarının olduğunu bildirərdi. Quran da bu mövzuya böyük əhəmiyyət verir:
“Qohum-əqrəbaya, yoxsula və yolçulara da haqqını ver…” (əl-İsra, 26).
Qohumlara sevgi və himayə göstərməsi; O, qohumlarını, əmilərini, bibilərini, onların övladlarını və digər yaxınlarını ziyarət edər, ehtiyac içində olanlara dəstək olardı. Bu xüsusda belə buyurmuşdur: “Mən qohum-əqrəbanı himayə etməklə əmr olundum” (Buxari, Ədəb, 8).
Sileyi-rəhm (qohumlarla əlaqənin davam etdirilməsi); Peyğəmbər (s.ə.s) sileyi-rəhmin insanın ruzisini artıracağını və ömrünü bərəkətli edəcəyini vurğulamışdır:
“Kim ruzisinin bol olmasını və ömrünün bərəkətli keçməsini istəyirsə, qohum-əqrəbası ilə münasibətini davam etdirsin” (Buxari, Ədəb, 13). Eyni zamanda qohumlarla əlaqəni kəsməyi isə böyük günahlardan saymış və belə xəbərdarlıq etmişdir:
“Qohumluq əlaqələrini kəsənlər cənnətə girməzlər” (Müslim, İman, 166).
Hz. Peyğəmbər qonşularla yaxşı münasibət qurmağı imanın əlaməti sayaraq belə buyurmuşdur:
“Allah və Axirət gününə inanan şəxs qonşusuna yaxşılıq etsin…” (Buxari, Ədəb, 28).
Qonşunu narahat etməmək; O, qonşuları narahat etməyin imani zəiflik əlaməti olduğunu bildirər və belə buyurardı: “Qonşusu şərindən əmin olmayan kəs cənnətə girə bilməz” (Müslim, İman, 73).
Qonşuya yaxşılıq etməyi təşviq etməsi; Peyğəmbər (s.ə.s) qonşuya yaxşılıq etməyi tez-tez tövsiyə edərdi və deyərdi: “Cəbrayıl mənə qonşu haqqında o qədər nəsihət etdi ki, az qaldı qonşunun qonşuya varis ediləcəyini zənn edim” (Buxari, Ədəb, 29).
Qonşudan gələn hədiyyələrin dəyərini bilməsi; O, qonşudan gələn hədiyyənin dəyərinə baxmaz, kiçik və qiymətsiz olsa belə, onu qəbul edərdi. Bu, qarşılıqlı sevgi və hörmətin qorunmasına xidmət edirdi.
Qohum zəyarətində ev sahibinə dua etmək; Qonaq getdiyi yerlərdə ev sahibinə: “Allahım, onlara bərəkət ver, ruzilərini bol et və evlərini abad et” deyərək (Müslim, Əşribə, 137) dua edərdi.
Hz. Peyğəmbər qonağı çox sevər, gələn qonağı xoş qarşılayar və ona xidmət etməyi bir şərəf sayardı. O, evdə olan hər şeyi qonağa təqdim edər və bəzən özü ac qalar, lakin qonağı razı salmağa çalışardı. Bir hədisində belə buyurmuşdur: “Kim Allaha və Axirət gününə inanırsa, qonağına ikram etsin” (Buxari, Ədəb, 31).
Hz. Peyğəmbərin bu yüksək əxlaqi davranışları, qohumluq, qonşuluq və qonaqpərvərlik münasibətlərində insanlığa əvəzolunmaz örnəklər təqdim edir.
Rəşad Manafov