QONŞULARIMIZLA NECƏ MÜNASİBƏT QURMALIYIQ?

0

Şübhəsiz ki bir cəmiyətin sosial və ictimai yöndən rifahına təsir edəcək əsas amillərdən birisi də qonşuluq münasibətlərinin yaxşı olmasıdır. Qonşu haqları qan və əqrəbalıq bağları ilə əlaqəli olmasa da Allah Təalanın özünə və ata-anaya itaətdən sonra yaxşılıq edilməsi vacib olanlar içərisində qonşuları da zikr etməsi, insani münasibətlər yönündən bu məsələnin əhəmiyyətinin böyük olduğunu bildirməkdədir:

Məşhur müfəssirlərdən Qurtubi bu ayənin təfsirində belə deyir:

“ Görmürsünüzmü, Allah Təala ata-ana və əqrəbaya edilən yaxşılıqdan sonra qonşuları zikr etmiş və haqlarına riayət edilməsini əmr etmişdir.

Peyğəmbər ( s.ə.s.) də əshabına daima qonşuluq haqlarına yerinə yetirməyi tövsiyə edər, insanın imanlı olmasını qonşu haqlarına riayət edilməsində görərdi. Bir gün əshabı ilə birlikdə ikən:

“Vallahi iman etməmişdir, vallahi iman etməmişdir, vallahi iman etməmişdir” buyuraraq bunu üç dəfə təkrarladı. Əshab:

“ Kim, ey Allahın Rəsulu?” deyə soruşdular. Rəsulullah (s.ə.s.):

“ Qonşusuna şər toxunduran insan iman etməmişdir” buyurdu. Deməli bir mömin. Qonşusunun ona yetirəcəyi şərrə görə narahatçılıq keçirirsə, gecələri də rahat yata bilmirsə, o qonşu həqiqi iman edən biri deyildir. Qonşuluq bağlarının əhəmiyyəti barədə Rəsulullahın bir digər hədisi də ibrət vericidir. Belə ki Allah Rəsulu (s.ə.s.):

“Cəbrail mənə o qədər qonşu haqlarını tövsiyə etdi ki, hardasa qonşunu qonşuya varis edəcəyini düşündüm”, buyurmuşdur.

Rəsulullah (s.ə.s.) üzərimizdəki haqlarına görə qonşuları üç qismə ayırmışdır:

  1. Bir haqqa sahib olan qonşular: Bunlarda yalnız qonşuluq haqları vardır. (Bunlar əhli-kitab da ola bilər)
  2. İki haqqı olan qonşular: (müsəlmanlar) Bunlarda həm qonşuluq, həm də din qardaşlığı haqqı vardır.
  3. Üç haqqı olan qonşular: (qohumlar) Bunların həm qonşuluq, həm din qardaşlığı, həm də qohumluq haqqı vardır.
  4. Rəsulullah (s.ə.s.) qonşunun qonşuya qarşı davranışının necə olacağını bizə belə bildirməkdədir:

“Bir adam ailəsinə və var-dövlətinə ediləcək şərdən qorxduğu üçün qapısını qonşusuna bağlamaq məcburiyətində qalarsa, həmin qonşu həqiqi mömin deyildir. Eyni ilə şərrindən arxayın olunmayan qonşu da kamil bir mömin deyildir.

Qonşu haqqının nə olduğunu bilirsənmi? Səndən yardım istədiklərində yardım etməyin, borc istədikdə borc verməyin. Möhtac olduqda ehtiyacını qarşılamağın, xəstələndikdə ziyarət etməyin, xeyirli bir işini təbrik etməyin, başına müsibət gəldikdə baş sağlığı verməyin, vəfat etdikdə cənazəsində iştirak etməyin, icazəsi olmadıqca evini onun evindən hündür inşa edərək əsən mehin onun tərəfinə getməsinə mane olmamağın, bişirdiyin yeməkdən az da olsa ona göndərməklə, yeməyin qoxusu ilə onu narahat etməməyindir. Bir meyvə alanda ona da pay ver, əgər bunu edə bilmirsənsə meyvəni evinə gizli gətir. Bayırda uşağının əlinə qonşunun nəfsi qalmaması üçün bir şey vermə”.

Bu zikr edilən haqlar qonşuluq münasibətlərinə qarşı ehtiyatlı və səmimi davranılmasını bizə bildirərək kamil bir möminin vəsflərini də izah edir. Onun üçün insanlar daima qonşusuna qarşı qayğıkeş və mərhəmətli olmalı, qonşusuna qarşı laqeyd və pis davranmayıb imanını zədəyələcək işlərdən uzaq durmalıdır. 

Samirə Mahmudova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KAMİL İNSAN YETİŞDİRƏN MƏHƏBBƏT

Uca Allah Qurani-Kərimdə belə buyurur: “(Rəsulum!) Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik”. (əl-Ənbiya/107) İlahi rəhmətin və məhəbbətin bənzərsiz təcəllisi olan Hz.Muhamməd...

Bağla