Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Peyğəmbər Sirəsindən gələcəyə doğru baxış” Peyğəmbər Sirəsində Sivilizasiya dəyərləri mövzusunda beynəlxalq konfransda iştirak edib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Mərakeş Kralı Əlahəzrət Kral VI Məhəmmədin himayəsi altında keçirilən beynəlxalq konfransın ilk sessiyasında QMİ sədri A.Paşazadə çıxış edib.
Beynəlxalq Konfrans İSESKO, Məhəmmədiyyə Üləmalar Liqası, İslam Aləmi Liqası, habelə Mədinədə yerləşən Məhəmməd Peyğəmbərin Sirəsi muzeyinin təşkilatçılığı ilə baş tutub. Tədbirin açılış mərasimində Pakistanın Baş Naziri İmran Xan, Böyük Britaniya şahzadəsi Çarlz, Ərəb Fikri Forumunun prezidenti, İordaniya əmiri Əl-Həsən bin Talal, Nigeriya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Muhammadu Buhari və BMT Sivilizasiyalar Alyansının yüksək nümayəndəsi Migel Anxel Moratinos fəxri qonaq statusunda çıxış-müraciətlər ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına salamlarını yetirən Şeyxülislam A.Paşazadə mötəbər forumun yüksək səviyyədə təşkilinə görə təşkilatçılara – Salim Əl-Malikə, Əhməd Abbadiyə, Məhəmməd Əl-İsaya təşəkkürünü bildirib.
QMİ sədri öz onlayn çıxışında səmavi dinlər üçün müqəddəs məkan olan Qüds-əl-Şərif ətrafında baş vermiş son hadisələrin, hər zaman olduğu kimi, mömin, inanclı insanlar üçün həssas məqam olaraq xüsusi önəm kəsb etdiyini vurğulayıb. Atəşkəs qərarını təqdir etdiyini bildirən Şeyxülislam A.Paşazadə müsəlmanların ilk qibləsi və Peyğəmbərimizin Meraca yüksəldiyi müqəddəs məkan olan Qüdsdə BMT qərarlarını əsas tutaraq sülh, ədalət və əmin-amanlığın bərqərarı üçün dualar edib, həlak olan dinc sakinlərə, xüsusilə, uşaqlara Allah-Təaladan rəhmət diləyib. QMİ sədri vurğulayıb ki, müqəddəs Qüds, özəl məkan olan Əl-Əqsa Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, əhli-Kitab üçün ibadət və dialoq məkanı olmalıdır. QMİ sədri bunun konfransın qayəsinə, Peyğəmbərimizin sirəsinə uyğun olduğuna diqqəti yönəltdi. O bildirdi ki, müqəddəs İslam dinimizi bəşəriyyətə çatdırmaq üçün Allah-Təala tərəfindən seçilmiş Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın həyat yolundan bir daha bəhrələnmək üçün bir araya gəlmək olduqca vacib və Allaha xoş gedən əməllərdəndir.
Konfransdakı çıxışında Şeyxülislam A.Paşazadə bu yaxınlarda İSESKO təşkilatının yüksək səviyyəli nümayəndə heyətinin işğaldan azad olunmuş Qarabağ torpaqlarını ziyarət etməsini, Azərbaycan ərazisində Ermənistan tərəfindən soyqırıma məruz qalmış dini-mədəni abidələrin bərpası işinə əməli yardım niyyətini yüksək təqdirə layiq hal kimi dəyərləndirərək minnətdarlığını bildirib. QMİ sədri Konfransın vurtual xitabət kürsüsündən Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etmək yönündə haqq mübarizəsinə mənəvi dəstək və həmrəylik nümayiş etdirən beynəlxalq təşkilatlara və dünya birliyi ölkələrinə Azərbaycan dövləti və xalqı adından bir daha səmimi təşəkkürünü ifadə edib.
QMİ sədri qeyd edib ki, yaşadığımız mürəkkəb dövrdə qarşılıqlı əməkdaşlıq, həmrəylik nümayiş etdirilməsi, möhtaclara və zəiflərə dəstək verilməsi, insanlar üçün gələcəyə ümid işığı tutmaq sonuncu peyğəmbərimizin sirəsindən əxz edəcəyimiz ən önəmli dərslərdən biridir. Şeyxülislam A.Paşazadə çıxışının sonunda Peyğəmbər Mühəmməd Salavatullahın irsinə uyğun olan nüfuzlu tədbirin dünyada sülh və qardaşlıq amallarının daha artıq bərqərarına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Beynəlxalq Konfransın sessiyalarında Misirin Baş Müftisi Şauki Əllam, Ouca Üləmalar Şurasının prezidenti, Mərakeş Üləmalar Ali Şurasının üzvü Mustafa Benhamza, Böyük Britaniya Oksford İslam Araşdırmaları Mərkəzinin direktoru Dr. Fərhan Nizami, İordaniya Al Əl-Beyt Universitetinin akademik məsləhətçisi Dr. Amer Əl-Hafi, Beynəlxalq Din və Diplomatiya mərkəzinin prezidenti Prof. Ceyms Patton, Kopt kilsəsinin Sudan patriarxı Anba Filoteus Farac, «Dinlər sülh uğrunda» təşkilatının baş katibi Azza Karam və başqa şəxslər çıxış ediblər.
Dörd sessiyadan ibarət videokonfransın yekunlarına dair Bəyannamə qəbul olunub.