QURAN ƏXLAQI NƏDİR?

0

Bəzi filosoflar əxlaqın mənbəyinin insan təbiəti, bəziləri ağıl, bəziləri də din olduğunu söyləmişlər. Ümumbəşər əxlaq prinsiplərinin böyük bir hissəsi Quranda yer alır. Bu prinsiplər sadəcə olaraq teoriyadan ibarət qalmamış, Quranın nazil edildiyi Mühəmməd peyğəmbər (s.ə.s) tərəfindən praktiki şəkildə göstərilmişdir. Quranda Həzrət Peyğəmbərin əxlaqı barəsində “Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır”,[1] – buyurulur. Digər tərəfdən Həzrət Aişəyə (r.ə) Allah Rəsulunun əxlaqı barəsində sual verildiyi zaman o: “Onun (s.ə.s) əxlaqı Quran əxlaqı idi”, – deyə cavab vermişdir.[2] Belə ki, Həzrət Peyğəmbərin həyatı Qurani-Kərimi öz həyatına tətbiq etməklə keçmişdir. Ona gələn bütün vəhyləri həm təbliğ etmiş, həm də yaşamışdır. O (s.ə.s), Quranda yer alan bütün əmr və qadağaları eynən həyata keçirərək Quranı öz şəxsiyyətində ən ideal tərzdə təmsil edən bir peyğəmbər kimi əxlaqi ərdəmlərin zirvəsinə qalxmışdır.

Qurani-Kərimdə əxlaq iman və ibadətlə iç-içədir. Bir çox ayədə imanın zəruriliyi ilə yanaşı ibadət və gözəl əxlaqın da vacib olduğu qeyd olunur. Bu ayələrdən birində belə buyurulur: “Bunlar o kəslərdir ki, böyük günahlardan və çirkin işlərdən uzaq durar və qəzəbləndikləri zaman (insanların xətalarını) əfv edərlər. Onlar Rəbbinin dəvətini qəbul edər, namazı qılar, öz aralarındakı işlərdə məşvərət edər və onlara verdiyimiz ruzidən infaq edərlər. Onlar zülmə məruz qaldıqları zaman (haqsızlığa yol vermədən) qisas alarlar”.[3]

Quran əxlaqında insana da böyük məsuliyyət yüklənilir. Necə ki, Uca Allah Quranda: “Kitabını (əməl dəftərini) oxu! Bu gün hesaba çəkilməyin üçün sən özün-özünə kifayətsən. Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz”,[4] – buyurur.

Qurani-Kərim əxlaqi öhdəlikləri təyin edərkən “Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz![5] prinsipi ilə bir işin bacarıla bilmə cəhətinə əhəmiyyət vermiş, həyatın reallıqlarını nəzərə almış və tədricilik prinsipini əsas almışdır.

Nəticə etibarilə deyə bilərik ki, Qurana görə iman, ibadət və əxlaq bir-birini tamamlayan xüsusiyyətlər olaraq hər bir mömində cəmləşməlidir. Quran əxlaqının necə yaşanacağını yəqinliklə öyrənmək üçün də mütləq surətdə Peyğəmbərin (s.ə.s) həyat tərzi öyrənilib mənimsənilməlidir.

f.f.d. Ələddin Sultanov

[1] Əhzab, 33/21.

[2] Müslim, “Səlatül-müsafirin”, 139.

[3] Şura, 42/37-39.

[4] İsra, 17/14-15.

[5] Bəqərə, 2/286.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq

Azərbaycan Televiziyası (AzTV) Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış “Diriliş Ərtoğrul” teleserialını yayımlayacaq. AzTV-dən verilən məlumata görə,...

Bağla