QURAN NƏ ÜÇÜN ƏRƏB DİLİNDƏDİR?

0

Bildiyimiz kimi müqəddəs kitabımız Qurani-Kərim Mühəmməd peyğəmbərə (s.ə.s) dünyanın qədim dillərindən biri olan ərəb dilində nazil olmuşdur. Bu xüsus Quranın ayələrində belə ifadə olunur:Başa düşəsiniz deyə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik”. (Yusuf, 12/2)

“Allahdan qorxsunlar deyə ərəb dilində qüsursuz bir Quran nazil etdik”. (Zümər, 39/28)

“Beləcə, şəhərlərin anası (olan Məkkənin əhalisini) və onun ətrafındakıları xəbərdar edəsən və haqqında heç bir şübhə olmayan toplanış günü ilə (onları) qorxudasan deyə sənə ərəbcə bir Quran vəhy etdik”. (Şura, 42/7)

“Bu (Quran) isə açıq-aşkar ərəb dilindədir”. (Nəhl, 16/103)

Bəs nə üçün Quran məhz ərəb dilində və Ərəbistan yarımadası coğrafiyasında nazil olmuşdur? XX əsrin Quran tarixçisi əl-Əzəmi bu suala belə cavab verir: “Ərəb dili ədəbi məzmunu, ifadə gücü, poetikliyi, orfoqrafiyası və paleoqrafiyası baxımından kifayət qədər inkişaf etmişdi. Allah-Təala digər dillər arasından onu seçmək surətilə insanlığa böyük bir lütf bəxş etmişdir”.[1] Son dövr İslam alimlərindən Məhəmməd Həmidullah isə mövzuya belə bir izah gətirir: “Ərəb dili əsirlər boyu dəyişikliyə məruz qalmadan sağlam şəkildə öz varlığını sürdürür. On dörd əsirdən bəri kəlmə xəzinəsi, imla tərzi, tələffüzü və qrammatikası heç bir ciddi dəyişikliyə məruz qalmamışdır. Buna görə də deyə bilərik ki, bu kimi əhəmiyyətli xüsusiyyətlərə sahib olan ərəb dilindən başqa hansı dil qiyamətə qədər dəyişmədən davam edəcək olan vəhylərin qorunub sonrakı nəsillərə ötürülməsi üçün daha əlverişli və uyğundur?!”[2] Həqiqətən də, dilləri müqayisə etdikdə ərəb dilinin ahənglik, söz quruluşu və qrammatika qaydaları kimi bir çox cəhəti ilə digər dünya dillərindən üstün olduğu görülür. Ərəb dili yuxarıdakı ayələrdə qeyd olunduğu kimi, Qurani-Kərim tərəfindən açıq-aydın bəyan edən, mənaları asan şəkildə ifadə edən, rahat başa düşülən, fikirləri olduqca təsirli və güclü ifadə edən bir dil olaraq tövsif edilir. Buna görə də ərəb cahiliyyə dövrünün bir çox şairi Quranın üslub və ecazkarlığı qarşısında öz acizliyini etiraf etmişdir.

Allah tərəfindən Quranın Ərəbistan yarımadasında yaşayan bir cəmiyyətə nazil edilməsinin digər bir səbəbi də oranın coğrafi üstünlüyü ola bilər. Belə ki, bu ərazi Asiya, Avropa və Afrikanın ortasında, yəni bir növ bəşəriyyətin mərkəz hissəsində yerləşir. Bu səbəbdən son haqq din olan İslamın bütün dünyaya yayılması üçün bu məkanın seçilməsi də çox münasib olmuşdur. Eyni zamanda oranı əhatə edən Bizans, Fars, Yunan və Hind mədəniyyətləri həmin dövrdə fitnə-fəsad, fəlsəfi münaqişələr və xurafatlar içində boğularkən Ərəbistan yarımadasının əhalisi bu kimi mənfi cəhətlərdən, müharibələrdən və işğalçılıqdan uzaqda yaşayırdılar və ərəb torpağı vəhyin cücərməsi üçün xam torpaq idi. Bundan əlavə Qurani-Kərim kimi mükəmməl bir kitabın ümmi bir peyğəmbərə və ümmi bir cəmiyyətə gəlməsi də bu kitabın haqdan gəldiyini isbat etmək üçün mühüm bir hadisə idi.

[1] Məhəmməd Mustafa əl-Əzəmi, “Quran tarixi” (türk dilinə tərcümə edən: Ömer Türker, Fatih Serenli), İz yayıncılık, İstanbul 2006,  s. 214.

[2] Məhəmməd Həmidullah, “Qurani-Kərim tarixi” (türk dilinə tərcümə edən: Salih Tuğ), İFAV yayınları, İstanbul 2002, s. 76-77.

f.f.d. Ələddin SULTANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DUALARIMIZ VƏ DƏSTƏYİMİZ AZƏRBAYCANLI QARDAŞLARIMIZLA BİRLİKDƏDİR

“Son günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhəddində törədilən mənfur hücumların qarşısını almaq və vətən torpaqlarını qorumaq üçün şəhid...

Bağla