Allah-Təala zaman-zaman insanlara xəbərdarlıq etmək və onları haqqa yönəltmək üçün peyğəmbərlər göndərmişdir.
Bu elçilər də vəzifələrinin gərəyi olaraq ilahi əmrləri insanlara çatdırmışlar. Bu ülvi təbliğ vəzifəsini icra edərkən insanlar tərəfindən təhdid və işkəncələrə məruz qalmışlar. Bütün peyğəmbərlər başda təbliğ, ümumiyyətlə isə bütün işlərində müvəffəq olmaq üçün Allaha dua etmişlər. Son Peyğəmbər olan Hz. Məhəmməd (s.ə.s) də bu çətinliklərlə üzləşmişdir. Onun bu səbəblə çəkdiyi iztirab Qurani-kərimin Tövbə surəsində belə xəbər verilir:
“(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!” (ət-Tövbə, 40)
Quranda “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 4) ayəsi ilə tanıdılan son Peyğəmbər Hz. Məhəmməd (s.ə.s) gecənin bi bölümünü dua, zikr və ibadətlə keçirirdi. Aşağıdakı ayədə onun bu halından belə bəhs edilir:
“(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi)”. (əl-Müzzəmmil, 20)
Quranda Hz. Peyğəmbərin (s.ə.s) möminlərə qarşı nə qədər düşkün və şəfqətli olduğu bildirilir və onlara dua etməsi əmr edilir:
“(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali-İmran, 159)
Quranda daha bir çox ayədə Hz. Peyğəmbərimizin (s.ə.s) də dualarından bəhs edilir. Dualarda Allahı sifətləriylə birlikdə zikr etməyin ən gözəl nümunəsini Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s) dualarında görə bilərik. Bunlardan biri belədir:
“De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.” (Ali-İmran, 26)
Bütün peyğəmbərlər kimi Hz. Məhəmməd (s.ə.s) də göndərildiyi qövmün öndərləri tərəfindən təhdid edilmiş və bəzən şeytanın mənfi təlqinləriylə üzləşmişdir. Belə zamanlarda Peyğəmbərimiz (s.ə.s) Allaha üzərindəki sıxıntını qaldırması üçün belə dua etmişdir:
“Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!” (əl-Muminun, 97-98)
Muminun surəsinin son ayəsində isə Hz Peyğəmbərin (s.ə.s) bir duası belə anladılır və dolayısı ilə bizə dualarımızda bu ifadələrə yer verməyimiz təlqin olunur:
“(Ya Rəsulum!) De: “Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan!” (əl-Muminun, 118)
RÖVŞƏN SÜLEYMANOV