QURANDA QURBAN AYƏLƏRİ

0

İnsanlıq tarixi boyunca bütün səmavi dinlərdə qurban ibadət var olmuşdur. Hətta səmavi dinlərdən başqa dinlərdə də müxtəlif şəkillərdə qurban anlayışının mövcud olduğunu görürük. Qurandakı “Biz hər bir ümmətə ruzi olaraq verdiyimiz heyvanların üstündə Allahın adını çəksinlər deyə qurban kəsməyi vacib etdik” (Həcc, 22/34) ayəsi də məhz bu həqiqətə işarə edir. İslamiyyətdən əvvəlki cahiliyyə ərəb cəmiyyətində də qurban kəsmək ənənəsi Həzrət İbrahim peyğəmbərdən miras aldıqları qurban ibadətinin təhrif olunmuş bir forması idi. Qurani-Kərimdə Uca Allahın möminlərə qurban kəsmələrini əmr etdiyi ayələri belə xülasə edəbilərik:

“Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin!” (Bəqərə, 2/196)

“Ey iman gətirənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin!” (Maidə, 5/2)

Allah müqəddəs ev olan Kəbəni, haram ayı, həcc qurbanını və (qurbanlığın boynuna asılan) boyunbağları insanlar üçün bir dayaq (dolanacaq vasitəsi) etdi”. (Maidə, 5/97)

“Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!” (Kövsər, 108/2)

“Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!” (Həcc, 22/37)

Bu ayələrin ortaq cəhəti və qurban ibadətinin özəyini təşkil edən əsas xüsus odur ki, qurban yalnız və yalnız Allah rizası üçün kəsilməlidir. Texnologiyanın da inkişaf etməsi ilə göstərişin və reklamın daha asan icra edilə bildiyi bir dövrdə yaşadığımızı nəzərə alsaq, qurban ibadətimizə riyakarlığın qarışmamasına son dərəcə diqqət etməliyik. Ayədəki “Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır” ifadəsində də məhz bu ibadətin Allahdan qorxaraq və Allahın razılığını istəyərək edilməsi tələb olunduğu görülür. Özünü “Səməd” sifəti ilə tövsif edən Allahın heç bir şeyə ehtiyacı yoxdur. Yəni, bu ibadət insanın özünü kamilləşdirməsi və Uca Yaradanına yaxınlaşması kimi ülvi məqsədlərlə əda edilməlidir. Əgər kəsdiyimiz qurbanın əti həqiqi ehtiyac sahiblərinə çatırsa, deməli qurbanımız bir növ Allaha da çatmış olar. Eyni zamanda qurban əti ilə edilən yardım və sədəqələr də Allah rizası üçün olmalı, reklam xarakteri daşımamalı və bunun müqabilində həmin şəxsə minnət qoyulmamalıdır. Çünki Allah-Təala: “Sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın!” (Bəqərə, 2/264) – buyurur.

Nəticə etibarilə, bir müsəlman sosial yardımlaşma və dayanışmanın ən gözəl nümunələrindən biri olan qurban ibadətini ixlas və səmimiyyətlə Allah rizası üçün yerinə yetirməli, bu ibadətin bir hissəsi olaraq qurbanın ətindən həqiqi ehtiyac sahiblərinə lazımi qaydada infaq etməlidir.

f.f.d. Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB

Qafqaz Müsəlmanları İdarəsinin Qurban bayramı münasibətilə Azəərbaycan xalqını təbrik edib. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti yayıb. Təbrikdə...

Bağla