Ümumiyyət, insan oğlunun ehtiyacları heç vaxt bitməz. Nə qədər var-dövləti olsa da, o özünə görə xərcləyəcəyi bir yer tapar və malını insafsıza xərcləyər. Ancaq İslam dini bir müsəlmanın öz malını lazımsız yerə xərcləməsini və israfçılıq etməsini qadağan etmişdir. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Həqiqətən, israfçılıq edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur”.[1]
Mal-mülkünü boş və lazımsız şeylər üçün xərcləyib səpələyən israfçıların şeytanın dostu olaraq adlandırılmalarının səbəbi öz mallarını doğru olmayan bir şəkildə xərcləmələridir. Çünki şeytan Rəbbinə qarşı nankorluq etmiş və Onun verdiyi nemətin haqqını verməmişdir. Digər tərəfdən şeytan insan oğluna vəsvəsə verər ki, mal-mülkünü Allah yolunda deyil, öz nəfsani arzularını tətmin etməsi üçün xərcləsin. Buna görə də digər bir ayeyi-kərimədə belə buyurulur: “Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz”[2]
Bununla yanaşı Qurani-Kərimdə xeyriyyəçilik məqsədilə edilən israfçılıq belə qadağan edilmişdir. Allah-Təala Quranda: “Həmçinin (Allahın xalis qulları) o kəslərdir ki, xərclədikləri zaman nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar”,[3] – buyuraraq hər bir işdə olduğu kimi xərcləmək məsələsində də orta yolu tutmağı əmr etmişdir. Çünki bu gün əlimizdəki var-dövləti düşüncəsizcə xərcləyib hamısını infaq etsək, sabah başqalarına möhtac bir hala gələrik.
Həzrət Peyğəmbərin (s.ə.s) dövründə beş yüz xurma ağacına sahib olan bir səhabə həmin ağacların meyvələrini yığıb hamısını başqalarına paylamışdı və öz evinə heç bir şey saxlamamışdı. Onun bu hərəkəti səbəbilə aşağıdakı ayə nazil oldu:
“Nə xəsis ol, nə də israfçılıq et! Yoxsa (xəsisliyə görə) qınanmış, (israfçılığa görə də) peşman olmuş bir halda oturub qalarsan”.[4]
İmkanlarımız nə qədər çox olursa olsun, həddindən artıq xərcləmək doğru deyildir. Bunun əksinə, İslam dini qənaətçiliyə təşviq edir. Peyğəmbərimiz də (s.ə.s) bu mövzuda belə buyurmuşdur: “Yeyin, sədəqə verin, geyinin. Ancaq bunları edərkən israfçılığa və təkəbbürə yol verməyin!”[5]
Nəticə etibarilə, dünya tarixində bir çox ölkələrin və cəmiyyətlərin israfçılıq və bədxərclik səbəbilə çətin vəziyyətə düşdüklərinin şahidi olmuşuq. İsrafçılıq həm iqtisadi cəhətdən çətinlik yaradar, həm bahalılaşmağa yol açar, həm də təbii sərvətlərin azalmasına gətirib çıxardar. Buna görə də həm fərd, həm də cəmiyyət olaraq israf və bədxərclikdən çəkinməli və beləliklə, şeytanın qurduğu bu tələyə düşməməyə çalışmalıyıq.
f.f.d. Ələddin Sultanov
[1] İsra, 17/27.
[2] Əraf, 7/31.
[3] Fürqan, 25/67.
[4] İsra, 17/29.
[5] Nəsai, “Zəkat”, 66.