Qurani-Kərim Oxumağı Əmr Edir

0

Qurani-Kərimin ilk enən ayəsi اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ “Yaradan Rəbbinin adı ilə oxu!” (Ələq, 96/1) ayəsidir. Bu ayə Həzrət Peyğəmbərin timsalında bizə də oxumağı əmr edir. Ayədə bu əmrlə nəyin oxunması gərəkdiyi qeyd olunmamışdır. Yəni, burada hər hansı bir təxsis olmayıb geniş bir oxuma sahəsindən bəhs edilir. Həm Quranı, həm dini elmləri, həm dünyəvi elmləri, həm də həyat kitabını oxumağımız əmr olunur. Həzrət Peyğəmbər ümmi (oxuyub yaza bilməyən) biri olduğu halda ona Allah-Təaladan gələn ilk vəhy və ilk əmr məhz “اِقْرَأْ / oxu” olmuş və həmin surənin üçüncü ayəsində bu əmr bir daha təkrarlanmışdır. Dördüncü ayədə isə “O, qələmi (yazmağı) öyrətdi” buyurularaq məhz oxuyub yazmağın əhəmiyyətinə işarə edilmişdir. Çünki həmin dövrün ən geniş vüsət almış yazı vasitəsi qələm idi. Buna görə də Uca Allah burada qələmi zikr edir. Hətta Allah-Təala “Qələm” surəsində: “Qələmə və (qələmlə) yazdıqlarına and olsun!” (Qələm, 68/1) – buyuraraq yazmağın əhəmiyyətinə diqqət çəkir.  Həzrət Peyğəmbər (s.ə.s) də bir hədisində: “Hikmət (elm) möminin itən malıdır. Harada tapsa, onu alar” (Tirmizi, “Elm”, 19) – buyurur. Digər bir hədisində isə Rəsulullah (s.ə.s): “Qadın-kişi hər bir müsəlmana elm öyrənmək fərzdir!” (İbn Macə, “Müqəddimə”, 17) – buyurmuşdur.

Tərəqqi və inkişafın ən böyük düşməni cəhalətdir. Əgər İslam dünyası tənəzzüldən tərəqqiyə keçmək istəyirsə, mütləq surətdə elmə sarılmalıdır. Qurani-Kərimin digər bir ayəsində də Uca Allah: “De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”, (Zümər, 39/9) – buyuraraq elm sahiblərinin başqalarına üstünlüyünü vurğulayır. Xüsusilə müasir dövrdə güc = elm düsturu özünü açıq şəkildə sübuta yetirdiyi üçün bir müsəlmanın elmə sarılmaqdan başqa çarəsi yoxdur.

f.f.d. Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ NOBEL SÜLH MÜKAFATINA NAMİZƏD KİMİ TƏSDİQLƏNİB

Bu il Azərbaycandan Nobel Sülh Mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə göstərilib. Bunu APA-ya açıqlamasında Beynəlxalq Nobel İnformasiya Mərkəzinin...

Bağla