Allah-Təala Qurani-Kərimdə həm qadınlara, həm də bununla yanaşı xüsusilə anaya qarşı göstəriləcək qayğıya və hörmətə diqqət çəkmişdir. Valideynlərə itaəti əmr edən ayələri belə sıralamaq olar:
“Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir və Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm”.[1]
“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir”.[2]
“Biz insana ata-anasına yaxşı davranmsını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir”.[3]
Ayələrdən də görüldüyü kimi, Uca Allah insanlara ata-anaya qarşı daim anlayışlı, itaətkar və şəfqətli olmağı əmr edir. Ancaq bunun ardınca xüsusilə bir ananın övladını dünyaya gətirə bilmək üçün çəkdiyi çətinliklər və ananın əməyi vurğulanır. Bu da göstərir ki, Quranda iki valideyndən biri olan anaya daha çox üstünlük verilir.
Həqiqətən də, ayələrdə vurğulandığı kimi, ana uşağını düyaya gətirmək üçün aylar boyunca fədakarlıq göstərir. Daha sonra yenə böyük bir fədakarlıqla övladını bəsləyir və boya-başa çatdırır. Uca Allah ananın bu əməyini təkrar-təkrar bizlərə xatırladır və ananın böyük bir varlıq olduğuna diqqət çəkir.
Ananın ataya nisbətlə daha üstün olduğu bir çox hədisi-şəriflərdə də qeyd olunmuşdur. Əbu Hüreyrə (r.ə) nəql edir ki, bir nəfər Həzrət Peyğəmbərə: “Ey Allahın Rəsulu! Gözəl söhbət etməyə ən layiq olan kimdir?” – deyə sual verdi. Həzrət Peyğəmbər (s.ə.s) ona belə cavab verdi: “Anandır! Sonra yenə anandır! Sonra yenə anandır! Sonra atandır. Sonra da dərəcə-dərəcə digər kimsələrdir”.[4]
Bütün bunlarla yanaşı, Uca Allah insanın ata-anasının ona göstərdiyi bu qayğının əvəzini necə verəcəyini də belə xəbər vermişdir: “Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə! Onları təvazökarlıqla mərhəmət qanadının altına al və (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də onlara rəhm et!”[5]
Ayədə ata-anaya qarşı davranışların ölçüsü “onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!” şəklində ifadə edilmişdir. Yəni, istər sağlam vaxtlarında, istərsə də qocaldıqlarında əsla onların sözündən çıxmaq və onlara qarşı kobud davranışlar sərgiləmək olmaz.
f.f.d. Ələddin Sultanov
[1] Ənkəbut, 29/8.
[2] Əhqaf, 46/15.
[3] Loğman, 31/14.
[4] Müslim, 2548/2.
[5] İsra, 17/23-24.