QURANİ-KƏRİMDƏ “İFTİRA”

0

Bir kimsənin etmədiyi bir işi etdiyini iddia etmək mənasına gələn “iftira” Qurani-Kərimdə اِفْك / ifk”, “بُهْتَان /bühtan” اِفْتِرَاء / iftira” məsdərindən törəmiş sözlərlə ifadə edilmişdir. İslam dininə görə, böyük günahlardan sayılan iftira və böhtanın cəzası Qurani-Kərimdə təyin olunmuşdur. Qurani-Kərimdə iftira ilə bağlı onlarca ayə yer aldığını və ümumiyyətlə, üç növ iftiradan söz edildiyini görürük.

  1. Allaha atılan iftira: Uca Allahın varlığı, təkliyi və sifətləri xüsusunda tarix boyu insanlar tərəfindən müəyyən iftiralar atılmışdır. Bu haqda Allah Təala buyurur: Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar”.[1]
  2. Peyğəmbərlərə atılan iftira: Qurani-Kərimdə peyğəmbərlərin qissələri nəql edilərkən onların məruz qaldığı iftiralar da xəbər verilmişdir. Bunların ən bariz nümunəsi Həzrət İsa peyğəmbərin atasız olaraq möcüzəvi şəkildə dünyaya gəlməsi qarşısında anası Həzrət Məryəmə iffətsizlik iftirasının atılmasıdır. Eləcə də kafirlərin peyğəmbərimiz Həzrət Məhəmmədə (s.ə.s) nazil olan vəhyləri yalanlayaraq ona yalançılıq, şairlik, kahinlik və sehrbazlıq iftirası atmaları da bu qəbildəndir. Bu haqda Quranda buyurulur: Kafirlər: “Bu (Quran), onun (Mühəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” – dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar”.[2]
  3. Möminlərə atılan iftira: Bir də kafirlərin müsəlmanlara atdıqları iftiralar vardır ki, bunlardan biri məhz Həzrət Peyğəmbərin (s.ə.s) zövcəsi Həzrət Aişəyə (r.ə) atılan zina böhtanıdır. Uca Allah həmin iftiraçı münafiqlər barəsində belə buyurmuşdur: Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır”.[3]

Ümumiyyətlə, İslam tarix boyu insanlar tərəfindən dinimizə və müsəlmanlara min cür iftira və böhtanlar atılmışdır. Uca Allah Öz müqəddəs kitabında iftiraçıların kimlər olduğu və onlara vəd etdiyi şiddətli əzabı xəbər vermiş və bir ayeyi-kərimədə belə buyurmuşdur: “Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər, həqiqətən, iftira və açıq-aydın bir günah yüklənmişlər”.[4] Bununla yanaşı hər bir müsəlmanın da borcudur ki, Allaha, peyğəmbərlərə, İslama və müsəlmanlara atılan iftiralara əlindən gəldiyi qədər lazımi şəkildə cavab versin.

Unutmamalıyıq ki, müsəlmanların öz aralarında bir-birlərinə iftira və böhtan atması da böyük günahlardandır və bundan uzaq durmalıyıq. Çünki Həzrət Peyğəmbər bir hədisi-şərifində: “Əsil müsəlman, dilindən və əlindən digər müsəlmanların əmin olduğu kimsədir”,[5] – buyuraraq bir müsəlmanın din qardaşlarına dili ilə böhtan atmasını və s. pis əməlləri qadağan etmişdir.

Nəticə etibarilə, iftira çox pis bir əməldir və həm iftiraçını, həm də iftiraya məruz qalanı narahat edən bir işdir. İftira və böhtan səbəbilə insanlar arasında sevgi və dostluq zəifləyər, insanların bir-birinə olan etimadı azalar. Bunun nəticəsində də sosial cəmiyyətin fəlakətə sürüklənməsi sürətlənər. Eyni zamanda iftira, cəmiyyətdə ədalətin ortadan qalxdığı bir vaxtda yayılan əxlaqi bir xəstəlikdir. Çünki ədalətsizlik pis əməllərin cəmiyyətdə çoxalıb adi bir hal almasına yol açan bir səbəbdir.

f.f.d. Ələddin Sultanov

[1] Nisa, 4/48.
[2] Fürqan, 25/4.
[3] Nur, 24/11.
[4] Əhzab, 33/58.
[5] Buxari, “İman”, 4.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TANZANİYADA MÖHTƏŞƏM QURAN MÜSABİQƏSİ KEÇİRİLDİ – VİDEO

Əhalisinin 35%-nin müsəlman olduğu Afrika ölkəsi Tanzaniyada möhtəşəm Qurani-Kərim müsabiqəsi keçirilib. Hər il ənənəvi olaraq keçirilən müsabiqə paytaxt Darussalamda yerləşən...

Bağla