Uca kitabımız Qurani-Kərimdə “Məryəm oğlu” və “Məsih” adları ilə də qeyd olunan Həzrət İsanın (ə.s) “Allahdan bir ruh və bir kəlam” olaraq tövsif edilmiş bir peyğəmbər olduğu vurğulanır. “Məsih” sözü İvrit dilində “müqəddəs” mənasına gəlir və Həzrət İsanın ləqəbidir.
“O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir”.[1]
Əslən yəhudi qövmündən olan Həzrət İsa (ə.s) İsrail oğullarına göndərilmiş bir peyğəmbər idi. Bakirə olan Həzrət Məryəmdən (ə.s) Allah-Təalanın bir möcüzəsi olaraq atasız dünyaya gəlməsini qəbul etmək istəməyən bir qisim yəhudilər ona və anasına iftiralar atmışdılar. Qurani-Kərim onların bütün iftira və ittihamlarına qarşı o ikisini müdafiə edir.
“Həqiqətən, Allah nəzdində İsanın məsəli (İsanın atasız dünyaya gəlməsi) Adəmin məsəli kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da dərhal oldu”.[2]
“Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi. Beləcə (Məryəm) onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik. (Cəbrail) ona tam bir insan surətində göründü. Məryəm dedi: “Mən səndən Rəhman olan Allaha sığınıram. Əgər Allahdan qorxursansa, (mənə toxunma)!” (Cəbrail:) “Həqiqətən, mən sənə tər-təmiz bir oğlan uşağı bəxş etmək üçün Rəbbinin göndərdiyi bir elçiyəm!” – dedi. Məryəm: “Mənə bir insan toxunmadığı və iffətsiz olmadığım halda necə uşağım ola bilər?!” – dedi. (Cəbrail) dedi: “Belədir, ancaq Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və tərəfimizdən bir mərhəmət mənbəyi edəcəyik. Bu, əzəldən qərarı verilmiş bir işdir!”[3]
Digər tərəfdən Qurandakı bu məlumatlar İsa Peyğəmbəri ilahlaşdırmaq istəyənlərin iddialarının əsassız olduğunu sübuta yetirmək məqsədi daşıyır. Yəhudilər Həzrət İsanın namuslu və bakirə bir qadından atasız dünyaya gəldiyinə inanmayıb onun anası Həzrət Məryəmə iftira atdılar və onun zinakar bir qadın olduğunu iddia etdilər. Qurani-Kərim isə İsa peyğəmbərin həqiqətən də, atasız dünyaya gəldiyini və anasının da çox namuslu və dürüst bir qadın olduğunu bir çox yerdə qeyd edərək bu iftiranı rədd edir. Xristianlar isə İsa peyğəmbəri və anasını ilahiləşdirdilər. Quran onların da adi insanlar kimi yeyib-içdiklərinə işarə etməklə bu iddianı da rədd edir.
“Allah Məryəm oğlu Məsihdir!” – deyənlər şübhəsiz ki, kafir olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.[4]
“Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər”.[5]
“Allah (axirətdə): “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı ilah qəbul edin!” – demisən?!” – buyurduğu zaman (İsa peyğəmbər belə) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən”.[6]
“Onlar (yəhudilər) Allahı qoyub xaxamlarını, (xristianlar da) rahiblərini və Məryəm oğlu Məsihi özlərinə ilah qəbul etdilər. Halbuki onlara yalnız bir olan Allaha ibadət etmələri əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır!”[7]
Qurani-Kərimə görə, Həzrət İsaya (ə.s) Uca Allah bir çox möcüzələr bəxş etmişdir. Həmin möcüzələrdən biri kimi, o, ana qucağındakı bir körpə ikən insanlarla danışmışdır.
“O zaman Məryəm ona (qucağındakı körpəyə) işarə etdi. Onlar: “Biz beşikdəki bir körpə ilə necə danışaq?” – dedilər. (Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni peyğəmbər etdi”.[8]
Digər möcüzələri kimi, o, palçığı quş formasına gətirib ona üfürmək surətilə onu canlandırmış, anadangəlmə kor olan adamları sağaltmış, ölüləri diriltmiş, insanların öz evlərində gizlətdikləri şeylərin nə olduğunu xəbər vermişdir.
“Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik”.[9]
“(İsa deyəcək:) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm”.[10]
Buna baxmayaraq ətrafındakı insanlardan az bir qismi Həzrət İsaya (ə.s) iman gətirdi və onun haqq dininə dəstək verib təbliğ etdilər ki, onlara “həvari” deyilmişdir.
“İsa onların (yəhudilərin) inkarçılıqlarını hiss etdikdə dedi: “Allaha gedən yolda mənim köməkçilərim kim olacaq?” Həvarilər dedilər: “Biz Allahın (dininin) köməkçiləriyik. Allaha iman etmişik və sən də şahid ol ki, biz (Allaha) təslim olmuşuq!”[11]
İsa peyğəmbərin ölümünə gəlincə, Quran onun işgəncə edilərək çarmıxa çəkilmək surətilə öldürülmədiyini, daha sonra Allah-Təala tərəfindən vəfat etdirildiyi xəbər verilir.
“O zaman Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz dərgahıma qaldırıb kafirlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər kafirlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”[12]
Bununla yanaşı ayədə qeyd olunan vəfatın həmin dövrdə olduğu, yoxsa cismən və ruhən səmaya qaldırılıb qiyamətə yaxın təkrar yer üzünə gəldikdən sonra olacağı barəsində fərqli fikirlər də səsləndirilmişdir.
Digər tərəfdən Həzrət İsa (ə.s) son peyğəmbər olan və digər bir adı da Əhməd olan Həzrət Mühəmmədin (s.ə.s) gələcəyini də müjdələmişdir.
“Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbəri müjdələyən elçisiyəm!” – demişdi”.[13]
f.f.d Ələddin Sultanov
[1] Ali İmran, 3/45.
[2] Ali İmran, 3/59.
[3] Məryəm, 19/16-21.
[4] Maidə, 5/72.
[5] Maidə, 5/75.
[6] Maidə, 5/116.
[7] Tövbə, 9/31.
[8] Məryəm, 19/29-30.
[9] Bəqərə, 2/253.
[10] Ali İmran, 3/49.
[11] Ali İmran, 3/52.
[12] Ali İmran, 3/55.
[13] Səff, 61/6.