QURANİ-KƏRİMDƏKİ “SOSİAL MƏSAFƏ”

0

Bu gün “sosial məsafə” dediyimizdə ağlımıza ilk gələn şey dünyada tüğyan edən koronavirus xəstəliyindən qorunmaq üçün bir-birimzdən uzaq durmağımızdır. Bir də axirətdə bizi bir-birimizdən uzaqlaşdıra biləcək mənəvi bir xəstəlik vardır ki, o da başqalarının haqqına girməkdir. Axirətdəki bu uzaqlaşmanı ifadə edən Quran ayəsində Uca Allah belə buyurur: “Qulaqları kar edən (surun ikinci dəfə çalınma vaxtı) gəldiyi zaman, O gün insan öz qardaşından, anasından, atasından, zövcəsindən və övladlarından qaçacaq”.[1]

Bu ayə axirət günü insanların təkrar dirildiləcəkləri zaman necə davranacaqlarından xəbər verir. Mələk İsrafil (ə.s) sura ikinci dəfə üfürüncə bütün insanlar təkrar diriləcəklər. Ancaq o gün hər kəs qorxu və dəhşət içində öz dərdinə düşəcəkdir. Heç kim başqasının halı ilə maraqlanmayacaq və Allaha verəcəyi haqq-hesabını düşünəcəkdir.

Bununla yanaşı, insanlar bu dünyada onlara ən əziz olan kimsələr olan ata-anasından, bacı-qardaşından, həyat yoldaşından və övladlarından belə uzaqlaşacaq, onlardan qaçmaq istəyəcəkdir. Çünki hər kəsin digərləri üzərində haqqı ola bilər və hər kəs o gün başqalarındakı haqqını almaq istəyəcəkdir.

Bu dünyada bizə ən əziz olan insanlar o dünyada uzaqlaşmaq istədiyimiz kimsələr olacaqlar. Bunun olmaması üçün də hələ vaxt var ikən başqalarının haqqına girməməli, valideynlərimizə, övladlarımıza və digər bütün insanlara qarşı olan öhdəliklərimizə lazımınca riayət etməliyik.

Axirətdə yaşanacaq buna bənzər başqa bir səhnə haqqında  da Həzrət Peyğəmbər (s.ə.s) xəbər verir. Belə ki, Allah Rəsulu (s.ə.s) bir dəfəsində səhabələrinə belə bir sual vermişdi: “Müflis kimdir, bilirsinizmi?” Oradakı səhabələr: “Biz pulu və mal-mülkü bitib-tükənmiş kimsəyə müflis deyirik”, – dedilər. Rəsulullah (s.ə.s) isə belə buyurdu: “Ümmətimin müflisi qiyamət günü namaz, oruc və zəkat savabı ilə gəlib, lakin birini söyüb, birinə zina iftirası atıb, bir digərinin mal-mülkünü talan edib, o birisinin qanını töküb, digər birini isə döyüb, bu səbəbdən də etdiyi yaxşı əməllərin savabı həmin kimsələrə verilən və üstündəki qul haqları bitmədən savabları bitən, buna görə də haqq sahiblərinin günahları ona yüklənib cəhənnəmə atılan kimsədir”.[2]

Çünki Allah-Təala şirk xaricindəki günahları bağışlaya bilər, ancaq başqa insanlara qarşı etdiyimiz günahları bağışlamaz. Bu günahlara görə məhz həmin insanlarla ya bu dünyada, ya da axirətdə hesablaşıb halallaşmalıyıq. Ona görə də axirətdə hər hansı bir sosial məsafəyə məruz qalmaq istəmiriksə, başqalarının haqlarına son dərəcə diqqət etməliyik.

f.f.d. Ələddin Sultanov

[1] Əbəsə, 80/33-36.

[2] Müslim, “Birr”, 59.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAM DÜŞMƏNİ OLAN SİYASƏTÇİ YENƏ HƏDDİNİ AŞDI

Hollandiyada İslam düşmənçiliyi ilə tanınan Qirt Vildersin sədri olduğu radikal irqçi “Azadlıqlar” partiyası mart ayında keçiriləcək seçki üçün öz platformasını...

Bağla