QURANİ-KƏRİMİ XƏTM ETMƏYİN FƏZİLƏTİ

0

Qurani-Kərimi oxumaq və xətm etmək Rəsulullah (s.ə.s)-in bir sünnəsi olaraq tövsiyə olunan əməllərdəndir. Uca Allah Quran oxuyan kimsələrin əsla zərər etməyən bir qazanc əldə etdiklərini bəyan edərək belə buyurmuşdur: “Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər“. (Fatir, 35/29). Rəsulullah (s.ə.s) də Quranın hər bir hərfi müqabilində bir savabın və hər savabın da on qat olduğunu bildirərək bu əməlin insana nə qədər çox savab qazandırdığını açıqlamaqdadır. (Tirmizi, Fəzailul-Quran, 16).

Qurani-Kərim onu oxuyan kimsəyə bir çox üstünlüklər və fəzilətlər qazandırar. Belə ki, Quran insana axirətdə şəfaətçi olar, insanın dərəcəsini yüksəldər, imanını gücləndirər, qəlbinə rahatlıq verər, xəstəliklərinə şəfa olar, ruhu aram tapar, dünyadakı qəmi-kədəri yox edər, dində insanı bəsirət sahibi edər, şübhəli şeylərdən uzaqlaşdırar və insana saymaqla bitməyəcək qədər gözəlliklər bəxş edər. Bu məqamda Allah Rəsulu (s.ə.s)-in bənzətmə yolu ilə Quran oxuyan və onunla əməl edən insanı dadı ləzzətli, qoxusu gözəl olan portoğala bənzətməsi Quranı oxumaqla yanaşı onunla əməl etməyin də əhəmiyyətinə diqqət çəkdiyini qeyd etmək lazımdır. (Tirmizi, Əmsal, 4).

– Quran nə qədər müddət ərzində xətm olunmalıdır?

Sünnədə xətmin nə qədər müddət ərzində olunması haqqında müxtəlif rəvayətlər nəql olunmuşdur. Abdullah ibn Amr (r.a) ilə Rəsulullah (s.ə.s) arasında keçən dialoq gücü çatan bir kimsənin Quranı bir ay, iyirmi gün, on beş gün, on gün və ya yeddi gün içərisində xətm edə biləcəyini lakin bundan daha tez müddətdə Quran xətm etməyin uyğun olmayacağını ifadə etməkdədir. (Əbu Davud, Salət, 323). Lakin bir rəvayətdə Abdullah ibn Amr (r.a)-ın daha çox oxumağa gücü çatdığını söyləməsindən sonra Rəsulullah (s.ə.s): “Üç gündən daha az müddətdə Quranı xətm edən kimsə ondan bir şey anlamaz“, – buyuraraq bu müddəti üç günə endirmişdir. (Əbu Davud, Salət, 323).

Quranın üç gündən tez xətm olunması qadağan olunsa da bu, fəzilətli günlərə və fəzilətli məkanlara aid deyildir. Fəzilətli günlər və gecələrin başında Ramazan ayı və Qədr gecəsi, fəzilətli məkanların başında isə Məkkə, Mədinə və Qüds kimi yerlər gəlməkdədir. Bu zamanlar və bu məkanlarda keçirilən vaxtlar dəyərli vaxtlar olması səbəbilə buralarda hər anın Quran ilə keçirilməsi insana böyük savab qazandırmaqdadır. Bu səbəblə də dəyərli zamanlarda və dəyərli məkanlarda Quranın üç gündən daha qısa müddətdə də xətm oluna biləcəyi əksər İslam alimləri tərəfindən qəbul olunmuşdur. Misal üçün mənbələrdə İmam Şafiinin Ramazan ayında Qurani-Kərimi altımış dəfə xətm etdiyi qeyd olunur. (Zəhəbi, Siyər, X, 36). Buxarinin Ramazan ayında hər gecə təraveh namazı qıldırdığı və hər rükəttə iyirmi ayə oxuyaraq Quranı xətm etdiyi nəql olunur. Bundan əlavə gecənin yarısından başlayaraq gecənin son üçdə birinə qədər olan müddətdə Quran oxuyar və hər üç gecədə bir Quranı xətm edərdi. (Beyhəqi, Şuabul-iman, III, 524).

– Quranı xətm etdikdən sonra Fatihə və Bəqərə surəsinin ilk ayələrinin oxunması.

İslam alimləri Quranı xətm etdikdən sonra Fatihə surəsinin və Bəqərə surəsinin əvvəlindən beş ayənin oxunmasını müstəhəb əməl olaraq görmüşdürlər. Rəsulullah (s.ə.s)-in “Ya Rəsuləllah! Allah qatında hansı əməl daha sevimlidir?” soruşan bir səhabəyə verdiyi cavab buna dəlalət etməkdədir. Rəsulullah (s.ə.s) həmin səhabəyə belə cavab vermişdir: “Quranı başdan sona qədər oxuyub sonra təkrar başa qayıdan kimsənin əməli“. (Tirmizi, Qiraət, 13)

– Quranı xətm etdikdən sonra dua edilməsi.

Alimlər Quranı xətm etdikdən sonra dua etməyin də müstəhəb əməl olduğunu söyləmişdirlər. Çünki saleh əməllərdən sonra edilən duanın qəbul olunması ümid edilir. Rəvayətə görə Ənəs ibn Malik (r.a) Quranı xətm etdikdən sonra ailəsini yanına toplayar və onlarla bərabər dua edərdi. (Darimi, Hədis: 3517 ). Bu barədə İbn Abbas və Mücahiddən də bənzər rəvayətlər nəql olunmuşdur. Buxarinin də Ramazan ayında hər gün Quranı xətm etdiyi, iftar vaxtında bitirdiyi və sonra belə dediyi nəql olunur: “Hər xətmdən sonra qəbul olunan bir dua vardır”. (Beyhəqi, Şuabul-iman, III, 524).

Nəticə olaraq, hər bir müsəlmanın gündəlik olaraq Qurandan müəyyən bir miqdar oxuması önəm ərz etməkdədir. Az olsa belə buna davam edilməsi lazımdır. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Quranı oxumağa (əzbərləməyə) davam edin. Nəfsim əlində olan Allaha and olsun ki, Quranın unudulması bağlı dəvənin açılıb qaçmasından daha sürətlidir“. (Buxari, Fəzailul-quran, 23)

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİMİN SİRLİ HƏRFLƏRİ

Qurani-Kərimdəki bəzi surələrin əvvəlində 1, 2, 3, 4 və ya 5 hərfdən ibarət hərf birləşmələri vardır ki, bunlara ümumi olaraq...

Bağla