QURANİ-KƏRİMİN SİRLİ HƏRFLƏRİ

0

Qurani-Kərimdəki bəzi surələrin əvvəlində 1, 2, 3, 4 və ya 5 hərfdən ibarət hərf birləşmələri vardır ki, bunlara ümumi olaraq “Hürufi-müqəttəə” yəni, kəsik hərflər deyilir. Bu hərflərin ümumi sayı 14-dür və bunlar Qurani-Kərimin 29 surəsinin başında 13 fərqli formada yer alır. Bu hərflər hər hansı bir sözü ifadə etmir və oxunarkən sadəcə olaraq həmin hərflərin adları tələffüz olunur. Həmin hərf birləşmələrinə bu ayələri misal göstərmək olar: الر (Əlif, lam, ra) [1], يس (Yə, sin) [2], المص (Əlif, lam, mim, sad) [3], كهيعص (Kəf, hə, yə, ayn, sad) [4]. Zahirən heç bir məna ifadə etməyən bu sirli hərflər haqqında İslam alimləri müxtəlif fikirlər səsləndirmişlər. Bu fikirləri iki qrupa ayırmaq olar.

  1. Bu hərflər Qurani-Kərimin sirlərindən biridir. Bunların nə mənaya gəldiyini yalnız Allah-Təala bilir. Bəzilərinə görə isə, bunlar Allah-Təala və Peyğəmbəri (s.ə.s) arasındakı gizli danışıqları ifadə edir. Belə ki, Həzrət Əbu Bəkr Siddiq (r.ə) bu hərflərlə əlaqədar belə demişdir: “Hər bir kitabın bir sirri vardır. Allah-Təalanın Qurandakı sirri də surələrin əvvəlindəki hərflərdir”. Həzrət Əli ibn Əbu Talib (r.ə) də bu haqda belə söyləmişdir: “Hər kitabın ən yaxşı hissəsi vardır. Quranın ən yaxşı hissəsi də heca hərfləri (hürufi-müqəttəə)dir.[5] Yəni, bu hərflərin ehtiva etdiyi məna heç kim tərəfindən bilinə bilməz.
  2. Bir qisim təfsirçilər isə bu hərflərin insanlar tərəfindən dərk edilə biləcək müəyyən mənalar ehtiva etdiyi qənaətindədirlər. Lakin bu mövzuda da müxtəlif fikirlər vardır. Bunların ən önəmlilərini qısaca belə sadalamaq olar:
  3. Bu hərflər yer aldıqları surənin adını ifadə edir ki, “Yasin” surəsini buna misal vermək olar.
  4. Bu hərflərdən hər biri Uca Allahın bir ismini ifadə edir. Məsələn, الم hərflərindəki “əlif” hərfi Allah-Təalanın “Əhəd” ismini, “lam” hərfi “Lətif” ismini, “mim” hərfi isə “Məcid” ismini ifadə edir.
  5. Uca Allah göndərdiyi Quranın haqq kitab olduğunu vurğulamaq üçün bu hərflərlə and içir. Necə ki, bir çox ayələrdə Allah-Təala günəşə, aya, zamana və s. and içir.
  6. Bu hərflərlə Uca Allah kafirlərə meydan oxuyur ki, buna “təhəddi” deyilir. Yəni, bildiyimiz ərəb dili həmin bu adi hərflərdən meydana gəlir. Qurani-Kərim də həmin hərflərlə ifadə edilən ərəb dilində nazil edilmişdir. Kim Quranın Allah tərəfindən nazil edildiyinə inanmırsa, həmin hərflərdən istifadə edərək o da üslub və məna etibarilə Qurani-Kərimə tay bir kitab yazıb ortaya çıxarsın. Çünki hər hürufi-müqəttəə ayəsindən sonra Qurani-Kərimin haqq kitab olduğunu vurğulayan bir ayə gəlir. Buna misal olaraq aşağıdakı ayələri göstərmək olar: “Əlif, Lam, Mim. Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır”.[6] Əksər təfsirçilərə görə, bu izah sadalanan fikirlərin içində ən etibarlı izahdır. 

f.f.d. Ələddin Sultanov

[1] Bəqərə, 2/1.

[2] Yasin, 36/1.

[3] Əraf, 7/1.

[4] Məryəm, 19/1.

[5] Razi, “Məfatihül-qeyb”, I, 228.

[6] Bəqərə, 2/1-2.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“QARABAĞ DİRÇƏLİŞ FONDU” YARADILIB – FƏRMAN

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, Azərbaycan xalqı böyük...

Bağla