İlahi kitabımız Qurani-Kərimin bir-birindən fərqli adları vardır. Bu adlar eyni zamanda müqəddəs kitabımızın fərqli yönlərini də bəyan edir. Bəzi qaynaqlar Qurani-Kərimin 90-dan çox adının olduğunu qeyd edir. Buna qarşılıq əz-Zərkəşi “əl-Burhan fi ulumi`l-Quran” adlı əsərində Qurani-Kərimin adları haqqında maraqlı bir məlumata yer verir: “Allah Təala, Qurani-Kərimi 55 adla adlandırmışdır” (əz-Zərkəşi, 1972, I/273). Qurani-Kərimin bəzi məşhur adları aşağıdakılardır:
- əl-Kitab– Bu ad Qurani-Kərimdə 230 dəfə keçir. əl-Kitabın məzmununa baxanda bu adın birbaşa Qurani-Kərimlə bağlı olduğunu görə bilərik. Əl-Bəqərə surəsinin ilk ayəsində (Əlif, lam, mim. Bu kitab (Qurani-Kərim) Allah tərəfindəndir) kitab sözü Qurani Kərim üçün istifadə edilmişdir (əl-Bəqərə, 2/1).
- Ummul-Kitab– Müqəddəs kitabımız üçün istifadə edilən adlardan biri də “Ummul-kitab”dır. Bu ad Qurani-Kərimdə “Lövhi-məhfuz” (əz-Zuxruf, 43/1-4) və Qurani-Kərimin muhkəm ayələri mənasında (Ali-İmran, 3/7), hədisdə isə Fatihə surəsinin adı olaraq işlədilir (Cərrahoğlu, 2021, 39-40).
- əl-Furqan– Haqq ilə batili ayırd etmək mənasına gələn “əl-Furqan” adı Qurani-Kərimdə 6 ayədə keçir.
- əl-Mənasi- Qurani-Kərimdə bir çox qissə təkrar edildiyi üçün müqəddəs kitabımız bəzən “əl-Məsani” olaraq adlandırılır. Bu ad Qurani-Kərimi ifadə etdiyi kimi, Fatihə surəsini də ifadə edir (Cərrahoğlu, 2021, 40).
Bu adlar əsasən Qurani-Kərimin ən çox istifadə edilən adlarıdır. Bunun xaricində müqəddəs kitabımız “kəlam”, “nur”, “hüda”, “rəhmət”, şəfa”, “hikmət”, “həblullah”, “tənzil”, “ruh”, “sidq”, “adi”, “ədl”, “büşra”, “məcid”, “əziz”, “bəşir” və s. kimi adlarla da adlandırılır.