Qurban, Allaha yaxınlaşmaq məqsədi ilə Allah rizası üçün kəsilən heyvana deyilir. Qurban kəsmək ibadəti müxtəlif formalarda tarix boyu bütün dinlərdə mövcud olmuşdur. Uca Allah Qurani-kərimdə belə buyurur: “Biz hər bir ümmətə qurban kəsməyi lazım bildik ki, Allahın onlara ruzi verdiyi heyvanların üstündə Allahın adını çəksinlər. Sizin Allahınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. Ya Rəsulum! Allaha itaət edənləri, təvazökarları cənnətlə müjdələ”. (Həcc 22/34). Rəsulullah (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Adəm oğlunun qurban bayramı günü qurban kəsməkdən daha sevimli bir əməl ilə Allaha yaxınlaşması mümkün deyil. Qanını axıtdığı heyvan qiyamət günü kəsilməzdən əvvəlki şəkli ilə sahibinin qarşısına çıxar. Qurbanın qanı yerə dəyməzdən əvvəl Allahın yanında uca bir məqama çatar. Odur ki, qurbanlarınızı könül xoşluğu ilə kəsin”. (Tirmizi, Ədahi, 1).
Qurban kəsmək müsəlman, azad, həddi-büluğa çatmış ağıllı, qurban kəsməyə maddi imkanı olan qadın-kişi bütün müsəlmanlar üçün Rəsulullahın (s.ə.s) bir sünnəsidir. Qurban kəsiləcək heyvanlar isə dəvə, inək, qoyun və keçidir. Qurban kəsiləcək heyvanın qurban üçün seçilməsinə mane olan dörd qüsur vardır ki, bunlara diqqət edilməlidir. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində buyurur: “Dörd xüsusiyyət qurbanda caiz deyil; Açıq bilinən korluq, açıqca məlum olan xəstəlik, məlum çolaxlıq, həddən artıq arıqlıq”. (Əbu Davud, Ədahi, 6). Bunlardan başqa alimlər dişləri tökülmüş, qulağı və ya quyruğu kəsilmiş, buynuzu sınmış bir heyvanın Allah üçün qurban edilməyə layiq olmadığını bildirmişlər. Qurbanlar bayramın birinci, ikinci və üçüncü günləri kəsilə bilər. Qurbanın bayram namazından sonra kəsilməsi Quran və sünnətə uyğun olan şəklidir. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Bizim bu gün ilk görəcəyimiz iş namaz qılmaqdır. Sonra gedib qurbanımızı kəsməkdir. Kim belə etsə bizim sünnəmizə uymuş olar. Hər kim namazdan əvvəl qurban kəsərsə, ailəsinə ət təmin etmiş olar. Bunun qurbanla heç bir əlaqəsi olmaz.” (Buxari, İdeyin, 8-10).
Qurban bayramı və bu bayramın simvolu olan qurban kəsmək dini həyatımızın ən gözəl anlarıdır. Belə günlərdə müsəlman qardaşlığı və İslamın gətirdiyi paylaşma əxlaqı yüksək bir şəkildə özünü büruzə verir. Allahın insanlar üçün yaratdığı ruzilərin ən qiymətlisi olan heyvan ətindən il boyu istifadə etmək imkanı olmayan insanların qurbanların kəsilməsi ilə ildə bir dəfə də olsa bu gözəl nemətdən faydalanması çox xeyirxah və gözəl bir əməldir. Qurban kəsmək imkanlı insanları Allah rizası üçün yardımlaşma və paylaşma yolunda pul xərcləməyə alışdıraraq onları xəsislikdən və dünya malına aludəçilikdən qurtarır. Yoxsul insanların da aldıqları qurban ətlərinə görə Allaha şükür etmələri və varlılara qarşı qəlblərində sevgi və məhəbbətin əmələ gəlməsi, cəmiyyət həyatında ruhani bir abu-havanın hakim olmasına səbəb olur.
f.f.d Səfa Muradov