QURBAN KƏSMƏNİN HİKMƏTİ

0

Qurbandan söhbət açdıqda İbrahim və İsmayıl (əs) anmamaq mümkün deyildir, çünki Qurban demək, İbrahim və İsmayıl deməkdir. İbrahim peyğəmbər Allahdan bir saleh övlad istəməsindən sonra röyasında onu qurban etmə və qoyun kimi yatırıb kəsmə əmri alır. Bu, öz rəbbinə vəfa və sədaqət əlaməti olaraq yerinə yetirilən qurban ayini əslində bizlər üçün böyük bir ibrət lövhəsidir.

Qurban bəsit bir heyvan kəsmə  əməli deyildir. Qüdrət sahibi olan Allahın hər əmrində minlərlə hikmət və nəsihət olduğu kimi, qurbanda da minlərlə hikmət və sirr vardır. Bu hikmət və sirlərdən bir hissəsini Qurani-Kərimin “Saffat” surəsinin 100-113-cü ayələrində görə bilərik.

Qurban sədaqət deməkdir.

Həzrəti İbrahimin Rəbbinə sədaqəti və Həzrəti İsmayılın Allah üçün atasına olan sədaqəti. Bizlər də bu sədaqətdən örnək alaraq Uca Rəbbimizə sədaqət və vəfamızı ifadə etməliyik. Qurban Allahın əmri və Peyğəmbərimizin sünnəti olduğu üçün malımızın sədəqəsi və imanımızın sədaqəti kimi qurban kəsəcək və bunu unudanlara qurbanın vacib bir əməl olduğunu xatırladacağıq. Beləliklə, peyğəmbərimizin “Kim gücü çatdığı halda qurban kəsməzsə, bizim məclisimizə yaxınlaşmasın” göstərişini unutmamalı, qurban kəsmə əməlini gözəl şəkildə həyata keçirməliyik.

İtaətin ən saf təzahürü

Qurban – itaətdir. Bəli, qurban itaətin rəmzidir. İslam özü əslində elə itaət deməkdir. İman tövhidi, tövhid təslimi, təslim təvəkkülü, təvəkkül də səadəti zəruri edir. Həzrəti İbrahim itaət göstərərək öz oğlunu alnı üstə yerə yatırdıqda (Saffat, 23) övlad sevgisinin Allaha itaətə mane olmadığını görürük. Bunun mənası o böyük peyğəmbərin “Əgər əmr olunsaydı yalnız övladımı deyil, özümü də qurban verərdim” sözlərindəki itaətdir. Deməli, belə itaəti o cür dərin iman yetirə bilər. Qurban isə itaətin ən bariz və saf təzahürlərindən biridir.

Qurban fədakarlıqdır.

Həzrəti İsmayılın qurban edilmək üçün aparıldığı yerdə sanki qurban edilməyəcək heç nə yoxdur. Bu cür fədakarlığı ortaya qoyan hənif peyğəmbər Həzrəti İbrahimə rəbbi: “Yaxşı, İbrahim. Sən imtahanı qazandın. Oğlunun əvəzinə götür bu qoçu qurban kəs”, – deyir. Beləliklə, neçə-neçə İsmayıla əvəz qoçlar qurban edilmiş və edilməkdədir. Qurbanı kəsərkən bu mənanı daxilən düşünməmiz gərəkdir. Kəsdiyimiz qurbanın bu fədakarlıq ruhu ilə kəsilməsi ixlas və səmimiyyətimizin təzahürü olacaqdır.

Qurban səxavətli olmaqdır

Allahın əmrlərini araşdırıb təhlil etmədən onlara İbrahim kimi itaət göstərmək lazımdır. Allahın yolunda malımızı və lazım gəlsə, canımızı qurban verə bilmək, “ver” deyildiyi an “Allah üçün verirəm” deyib vermək çox vacibdir. Bu mənada ən kiçik bir simiclik imanımıza və İslam hərəkatına zərər verəcəkdir. Qurban möminin öz malını və canını Allaha həsr etməsinin bir təzahürüdür. “Qurban kəs” əmri gəldiyi zaman mömin “Nə demək, ey Rəbbim. Sənin üçün bir deyil, minlərcə qurban kəsərəm” deyə bilməlidir. Peyğəmbərimiz bu mənada da bizə gözəl nümunə qoymuşdur: həyatının son qurbanında o özünün yaşı qədər, yəni altmış üç dənə qurban kəsmişdir. Dövrümüzün zəngin insanları böyük sərvətlərinin əvəzində cibindən çıxarıb dilənçiyə qəpik-quruş verirmiş kimi, bir dənə qurbanla kifayətlənməməlidirlər. Özü və ailəsi üçün ayrı, fəqir-füqara üçün ayrı, yeni nəslin yetişməsi üçün ayrı, qohumlar və dost-tanış üçün ayrı qurban kəsmiş olsalar, Allah Təalanı məmnun və razı etmiş olarlar. Allah Rəsulu qurban ətinin sadəcə üçdə birinin ev əhli, üçdə birinin qurban kəsməyən ehtiyac sahibləri, üçdə birinin isə dost-tanış və qohumlar üçün ayrılmasını tövsiyə etmişdir. Bununla da qurban kəsmədəki hikmətlərdən birinin səxavət və ikram etmə duyğularımızın əməldə təzahür etməsi olduğunu görürük. Belə olduğu halda, zəngin insanlar nə üçün bir dənə qurban kəsməklə kifayətlənsinlər axı… Eyni şey zəkat üçün də keçərli deyilmi? Malın qırxda birini zəkat vermək vacibdir deyə bundan artıq verməyəcəklər? Yəni zəngin insan fərz olduğundan daha artıq zəkat versə və qurban kəssə məgər pis olar?

Qurban təqvadır.

Həmçinin Quranda rəbbimiz Habil və Qabilə xitabən belə buyurur: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!” (5/27).

Bununla Allah Təala əməllərin qəbul olunmasında təqvanın əsas olduğunu və təqva boyası ilə boyananların Allah qatında məqbul əmələ müvəffəq ola biləcəklərini ifadə etmiş olur. Odur ki, qurbanı əti və dərisi üçün deyil, bizi Uca Rəbbimizə çatdıran bir fürsət olaraq görmək və bu şüurla kəsmək gərəkdir. 

Qurban savab bayramıdır

Qurban şükrün zirvəsidir. Bizi bayramlara çatdıran və sonsuz nemətləri lütf edən rəbbimizə  Onun verdiyi heyvanların qanını axıdaraq və hər mənada onlardan istifadə edərək şükrümüzü ifadə edirik. Qurbanı Allahın zəngin lütflərinə cavab olaraq ən zil səslə bir şükür hayqırtısı olaraq görə bilənlər necə də xoşbəxtdir!

Qurban savab toplama kampaniyasıdır

Səhabələrdən biri Allah Rəsulundan soruşmuşdu:

– Ey Allahın rəsulu, bu qurbanın mənası nədir?

– Babanız İbrahimin sünnəsidir.

– Bizə ondan bir xeyir varmı?

– Hər tükü üçün bir savab var.

Baxın ki, qurbanlıq heyvanın hər tükü üçün bir savab veriləcəyini peyğəmbərimiz bizə söyləyir. Hər mənada rəhmət və bərəkət olan qurban eyni zamanda saysız savabların Məhəmməd ümmətinə verildiyi bir bayramdır.

Qurban rəhmət və bərəkətdir

Fəqirlərin bir çoxu qurban bayramı zamanı onlara verilən ət ilə aylarla ətə möhtac qalan uşaqlarına yemək bişirir. Kəsilən milyonlarla qurbanın ətləri, dəriləri, bağırsaqları, kəllə və ayaqları dəyərləndirilərək ehtiyacları görür. Odur ki, qurban hər mənada xeyir və bərəkətə vəsilə olmaqdır.

Qurban ticarətə və iqtisadiyyata köməkdir

Qurban vəsiləsi ilə iqtisadi həyat canlanmaqdadır. Qurbanlıq heyvanları bəsləyənlər, yem satanlar, bu heyvanları alanlar, satanlar, bu zaman nəqliyyat işini yerinə yetirənlər, heyvanların kəsimi ilə məşğul olanlar – bir sözlə, bununla əlaqədar neçə-neçə insan pul qazanır və öz güzəranını təmin edir.

Qurban ictimai köməkləşmə və dəstəkdir

Ətinin üçdə birisi fəqirlərə, digər üçdə birisi isə qohum və dost-tanışa verilən qurban ünsiyyət çevrəmizdəki insanlarla gözəl münasibət və mehriban dialoq qurmaq, sosial köməkləşmə və dəstəyimizə ehtiyacı olanların köməyinə çatmaq üçün əlverişli fürsətdir.

Mənbə: azerimuslims    

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRMİN HANSI MÖCÜZƏLƏRİ VAR?

Miladi 7-ci əsr. Bəşər oğlu səmaya baxanda minlərlə ulduz görür, lakin onların nə olduğunu bilmir. Şəkillərini oxşadaraq uydurduğu adlarla fala...

Bağla