QURBAN MÜLKÜN SAHİBİNƏ YAXINLAŞMAQDIR

0

Qurban ibadəti də digər ibadəltər kimi ilk insanla başlamışdır. Adəmin (ə.s) iki oğlu olan Habil və Qabilin Uca Yaradana qurban təqdim etmələri Qurani Kərimdə qeyd olunmaqdadır. Bu haqda belə buyururlur; “(Ya Muhamməd) Onlara Adəmin iki oğlu ilə əlaqəli xəbəri haqq olaraq oxu. Hansı ki, hər ikisi (Allaha) qurban təqdim etmişdilər birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi…”  (əl-Maidə, 27) Bəşər tarixində bütün səmavi dinlərdə qurban kəsmək insanı mənən Allaha (c.c) yaxınlaşdıran bir ibadət sayılmışdır.

Allah (c.c) buyurur; “Və Biz bütün ümmətlər üçün (qurban haqqında eyni) üsulları təyin etdik ki, onlara, (Allahın) ruzi olaraq verdiyi (qurbanlıq) heyvanların üstünə Allahın adınını  çəksinlər (Allahın Adı ilə qurbanları kəssinlər). O halda, sizin İlahınız Tek Bir İlahdır. Elə isə Ona təslim olun! Və alçaq könüllüləri müjdələ.” (əl-Həcc, 34)

Çünki insan hər zaman Yaradana yaxınlaşmaq, Onunla dost olmaq üçün yollar və vasitələr axtarmışdır. Uca Rəbbimiz isə yaratdığı insana bir çox nemətlər vermiş, bunun müqabilində isə yalnız Rəbbini tanımağı istəmişdir. Ona yaxınlaşmaq, Onunla dost olmaq üçün ibadət şəkilləri və formaları təyin etmişdir. Bunun üçün yollar və vasitələr çoxdur.  Məsələn; namaz qılmaq, oruc tutmaq, həccə getmək, Allah yolunda cihad etmək və s. Ancaq Allaha (c.c) yaxınlaşmağın, Onun rizasını qazanmağın bir yolu da çox sevdiyimiz  puldan, vardan, dövlətdən Allah yolunda xərcləmək, imkansız, ac-susuz, yoxsul, yetim və fəqir insanlara əl tutmaqdır. Təbii ki, hər bir mömün qazancından Allah üçün infaq etməlidir. Bunda bir sərbəstlik vardır. Əgər belə edərsə savab qazanar, etməsə cəzası olmaz, ancaq bu malın hesabı vardır. Qurban isə belə deyil. Qurban kəsmək hər bir imkanlı, ağlı-dərrakəsi yerində və müsəlman olan hər kəsə vacibdir. Çünki qurbanda ictimai yardımlaşma, sevinc və paylaşmaq, digər möhtac insanların dərdinə şərik olmaq vardır. Bu, Ramazanda, zəkatda və fitrədə də belədir. Buna görə də deyirlər ki, İslam dini kimi ictimai tarazlığı qoruyan, yoxsul və kimsəsiz insanları himayə edən ikinci bir din yoxdur. Niyə də belə olmasın ki, bu dini bizə gətirən Rəsulullah (s.ə.s) yetim, yoxsul və kimsəsiz insanları bizə əmanət etmişdir.

Qurban ibadəti həm Allahın razılığını qazanmağa bir vəsilə, həm də var dövlətlə olunan bir imtahandır. Bu imtahanı ilk dəfə Hz. Adəmin (ə.s) iki övladı verdi. Yalnız biri öz ixlas və səmimiyyətinə görə bu imtahanı qazandı. Allah (c.c) bu hadisəni bizə belə xəbər verir; “(Qurbanı qəbul edilməyən) “Səni mütləq öldürəcəyəm” dedi. O da, “Allah sadəcə təqva sahiblərindən qəbul edər”, dedi (əl-Maidə, 27).

Allaha qurban kəsənlər çoxdur, bu ayədə də gördüyümüz kimi Allah (c.c) digər ibadətlərdə olduğu kimi bu ibadətdə də ancaq və ancaq gözəl niyyəti, ixlası, səmimiyyəti və təqvalı olmağı şərt qoşmuşdur. Qurani-Kərimdə belə bildirilir;“Onların (qurbanların) nə ətləri, nə qanları Allaha çatar, fəqət Ona sizin (qəlbinizdəki) təqvanız çatar” (əl-Həcc, 37).

Rəsulullahın  (s.ə.s)  da belə buyurduğu rəvayət edilməkdədir: “Heç bir bəndə qurban günü, Allah nəzdində, qurban qanı axıtmaqdan daha sevimli bir iş edə bilməz. Çünki kəsilən heyvan qıyamət günü buynuzlarıyla, tükləri ilə, dırnaqları ilə (savab olaraq) gələcəkdir. Kəsilən qurbanın qanı yerə düşmədən əvvəl Allah nəzdində uca bir məqama çatar. Elə isə qurbanlarınızı könül xoşluğu ilə kəsin.” (Tirmizi; Ədahi, 1)

Bugünkü forması ilə qurban ibadəti Hz. İbrahim (ə.s) ilə başlamışdır. Bu tarixi hadisəni bir çoxlarımız bilirik. Bir atanın ən ağır imtahanı olan övlad imtahanı ilə qarşı-qarşıya qalan  İbrahim (ə.s) öz oğlunu qurban kəsməklə əmr olunmuşdu. Bu əmrə gözəl bir tərzdə təslimiyyət göstərən İbrahimin (ə.s) ailəsi min illərdir dillərdə dolaşmaqda və xatirəsi hər il Qurban bayramlarında xatırlanmaqdadır. Əvvəlcə var-dövləti ilə, sonra canı ilə, daha sonra öz övladı ilə imtahan olunan İbrahim (ə.s) məhz bu imtahan sayəsində  Allahın dostu, yəni Xəlilullah ünvanını əldə etmişdir.

Demək ki, Allaha mənən yaxınlaşmaq üçün vardan-dövlətdən, ailədən və lazım gələrsə candan keçməyə də hər zaman hazır olmalıyıq.

AQİL ƏLİYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURBANIN MAHİYYƏTİ

Qurban bayramının tarixi olduqca qədimdir. Bu tarix ta Adəm (ə.s)a qədər uzanır.

Bağla